Accessibility links

Prokurorluq: Əvəz Zeynalovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib


Əvəz Zeynallı
Əvəz Zeynallı

"Xural Yayınları" MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynalov və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bu barədə Azərbaycan Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

"Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynalovun ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habələ Əvəz Zeynalov və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib" , məlumatda deyilir.

Rəsmi məlumatda qeyd edilib ki, Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq) 311.3.2,(təkrar rüşvət alma) 311.3.3( küllü miqdarda rüşvət alma), 311.3.4,( hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 32.4, 312.2 (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə iştirakçılığı) və 312-1.1 (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə)və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə yekun ittiham elan edilib .

Bu cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Öz növbəsində bir müddət əvvəl jurnalistin həyat yoldaşı Məlahət Zeynallı həyat yoldaşına istinadən bildirib ki, Əvəz Zeynalovun özünə qarşı ittihamların tamamilə əsassız və saxta olması səbəbilə istintaqda heç bir ifadə verməyib və heç bir sənədi imzalamayıb.

2022-ci il sentyabrın 10-da vəkil Elçin Sadıqov və Xural TV internet televiziyasının təsisçisi Əvəz Zeynalov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb, sentyabrın 11-də məhkəmə hər ikisini həbs edib.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Sadıqovu ev dustaqlığına buraxıb.

Sonradan ona qarşı Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ilə yeni ittiham irəli sürülüb. Dekabrın 29-da Əvəz Zeynalovun həbs müddəti 3 ay uzadılıb.

XS
SM
MD
LG