Telekommunikasiya Şirkətinin təqaüdçüləri martın 13-də İran Azərbaycanının müxtəlif şəhərlərində ölkənin digər şəhərləri ilə eyni vaxta piket keçiriblər.
Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərində İran Telekommunikasiya Şirkətinin bir sıra təqaüdçüləri sinif tələblərinin yerinə yetirilməməsinə etiraz olaraq toplaşıb şüarlar səsləndiriblər.
Piketlər İran Azərbaycanının Təbriz, Urmiyə, Ərdəbil və Zəncan şəhərlərinin Telekommunikasiya Şirkətinin binaları qarşısında keçirilib.
İran Telekommunikasiya Şirkətinin təqaüdçüləri İsfahan, Tehran və Xuzistan da daxil olmaqla, İranın ən azı 13 vilayətində də etiraz aksiyaları keçiriblər.
Bundan əvvəl keçən fevral ayında Təbrizdə təqaüdçülər valilik binası qarşısında etiraz aksiyasına toplaşmışdılar.
Məişət problemlərinin artması və dövlət qurumlarının onların problemlərini həll etməməsi ilə əlaqədar martın 13-də təqaüdçülər növbəti dəfə tələblərinin yerinə yetirilməsini tələb etmək məqsədilə piket keçiriblər.
İranda inflyasiya və iqtisadiyyatın zəifləməsi pensiyaçıların məişət problemlərinin artmasına səbəb olub. Zaman-zaman aksiya keçirən təqaüdçülər rəsmilərin verdiyi vədlərin yerinə yetirilməməsinə etiraz edirlər.