Accessibility links

Azərbaycanda Beynəlxalq Qadınlar Günü, statistika, təbriklər və yoxsul qadınlar


Qadın haqları fəalı
Qadın haqları fəalı

8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Azərbaycanda Beynəlxalq Qadınlar Günü dövlət bayramları sırasındadır, ölkədə iş günü deyil.

Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu tarixi Beynəlxalq Qadınlar Günü kimi rəsmiləşdirib.

Azərbaycanda əhalinin 50,2 faizi qadınlardır

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edir, ötən ildə doğulmuş 122,8 min körpədən 47,1 faizi qız uşaqları olub.

Ötən ildə doğulmuş 122,8 min körpədən 47,1 faizi qız uşaqları olub.
Dövlət Statistika Komitəsi

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81,9 faizi, orta ixtisas təhsil müəssisələrində 81,3 faizi, ali təhsil müəssisələrində 57,4 faizi, həkimlərin isə üçdə ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,6 faizini, orta ixtisas təhsili müəssisələri tələbələrinin 61,9 faizini, ali təhsil müəssisələri tələbələrinin isə yarısını qızlar təşkil edir.

Statistika Komitəsi bildirir ki, qadınların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,3 faiz təşkil edir.

"Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,0 faiz, fərdi sahibkarlar arasında isə 22,0 faizdir. Milli Məclisdə qadın deputatların xüsusi çəkisi 18,6 faizdir", məlumatda qeyd edilir.

İlham Əliyev
İlham Əliyev

İlham Əliyev: Azərbaycan qadını hər zaman xüsusi hörmətə layiq olub

Azərbaycan Prezidenti İlham Əliyevin təbrikində deyilir ki, Azərbaycan qadınları ölkənin taleyüklü, həlledici anlarında vəzifələrinin öhdəsindən daim layiqincə gəliblər.

"Azərbaycan qadınları keçmişimizin taleyüklü, həlledici anlarında vəzifələrinin öhdəsindən daim layiqincə gəliblər. Azərbaycan qadını hər zaman cəmiyyətimizdə xüsusi hörmətə layiq olub", o qeyd edib.

İlqar Məmmədov: Azərbaycan qadını çox yoxsuldur

REAL Partiyasının sədri İlqar Məmmədov video-təbrikində bildirib ki, Azərbaycanda qadınlar nisbətən azaddır, amma çox yoxsuldur.

Bakı şəhərində hər bir yoxsul kişiyə iki yoxsul qadın düşür.
İlqar Məmmədov, REAL Partiyasının sədri

"Bakı şəhərində ünvanlı sosial yardım alan şəxslərin 64 faizi qadınlardır. Bakıda ünvanlı sosial yardım alan qadınların sayı bu cür yardım alan kişilərin sayından iki dəfə çoxdur. Bakı şəhərində hər bir yoxsul kişiyə iki yoxsul qadın düşür. Bu problemə bu gün qadın haqları uğrunda beynəlxalq həmrəylik günü ərəfəsində diqqət ayırmağın yeri var. Əlbəttə, ölkəmizdə həm kişilər, həm də qadınların hərəsi bir cür ədalətsizlik və ayrıseçkilik növlərindən əziyət çəkir. Amma qadın haqlarına diqqət ayırmayanda, bu haqları iqtisadi, ictimai, siyasi həyatın kölgəsinə atanda bəzi qonşu ölkələrdə olduğu kimi qadınlar sərt sıxıntılarla üzləşir. Azərbaycan qadını nisbətən azaddır, amma çox yoxsuldur. Bu yoxsulluğun səbəbi hökumətin iqtisadi siyasətidir. Biz REAL Partiyası olaraq qadınları kişilərdən iki dəfə yoxsul edən bu cür iqtisadiyyata qarşıyıq", REAL lideri bildirib.

Xanım Əziz (Foto ABŞ səfirliyinindir)
Xanım Əziz (Foto ABŞ səfirliyinindir)

ABŞ səfirliyi tarixi qadın aylığı keçirir

ABŞ-ın Azərbaycandakı səfirliyi mart ayında tarixi qadın aylığı keçirir. Aylıq çərçivəsində səfirlik Facebook səhifəsində tanınmış qadınlardan sitatlar dərc edir.

"İmkan daxilində təhsilinizi artırın. Oxumağın çox da vacib olmadığını düşünə bilərsiniz, amma əmin olun ki, bu, belə deyil. Özünüzə inanın və səyahət edin. Xaricdə təhsil almaq üçün hər fürsətdən faydalanın. Təhsil bəhrəsini verir", bu gün ABŞ səfirliyi bloger Xanım Əzizə istinadən qeyd edib.

BMT Baş katibi: Qadın və qızların elm və texnologiyada təmsilçiliyini artırmalıyıq

BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq Qadınlar Günü münqasibəti ilə dünya ictimaiyyətinə ünvanladığı video-müraciətdə bu ilin mövzusu kimi gender bərabərliyini inkişaf etdirmək üçün texnologiya və innovasiyalara olan ehtiyacı vurğulayır.

Texnologiya qadınlar və qızalr üçün təhsilə çıxışı və imkanları genişləndirə bilər.
Antonio Quterreş, BMT-nin Baş katibi

"Texnologiya qadınlar və qızalr üçün təhsilə çıxışı və imkanları genişləndirə bilər. Lakin texnologiya sui-istifadə və nifrəti gücləndirmək üçün də istifadə oluna bilər. Bu gün qadınlar elm, texnologiya, mühəndislik və riyaziyyat sahəsində işçilərin üçdə birini təşkil edir. Qadınlar yeni texnologiyaların inkişafında az təmsil olunduqda isə bu sahədə ayrı-seçkilik başlanğıcdan müşahidə olunur. Buna görə də biz rəqəmsal uçurumu aradan qaldımalı, qadın və qızalrın elm və texnologiyada təmsilçiliyini artırmalıyıq", BMT-nin Baş katibi qeyd edir.

Vladanka Andreeva: Azərbaycanda STEAM sahəsində təhsil alanların 47 faizi qızlardır

BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Vladanka Andreeva Beynəlxalq Qadınlar Günü ilə əlaqədar yaydığı müraciətdə bildirib ki, 2022-2023-cü tədris ilində Azərbaycanda ümumilikdə 100 305 tələbə STEM sahəsində (Science (Təbiət elmləri), Technology (Texnologiya), Engineering (Mühəndislik) ve Mathematics (Riyaziyyat) sözlərinin ilk hərflərindən götürülüb) təhsili alır.

Qadın və qızların texnologiyaya cəlb edilməsi onların ehtiyaclarına cavab verən və gender bərabərliyini təşviq edən innovasiyalar üçün potensialı xeyli artıracaq.
Vladanka Andreeva, BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi

"Onların 47 faizi və ya 46,782 nəfəri qızlardır. Hesab edirəm ki, bu, digər ölkələrlə müqayisədə kifayət qədər ürəkaçan göstəricidir".

O bildirib ki, STEM təhsilini qızlar arasında təşviq etmək, onların rəqəmsal savadlılığı və biliklərini artırmaq üçün Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın müvafiq dövlət qurumları ilə birgə fəaliyyətlər həyata keçirir.

"Qadın və qızların texnologiyaya cəlb edilməsi onların ehtiyaclarına cavab verən və gender bərabərliyini təşviq edən innovasiyalar üçün potensialı xeyli artıracaq. Bu, baş verməsə, itkilər böyük olacaq. BMT-nin Azərbaycandakı nümayəndəliyi bütün qadın və qızlar üçün yüksək texnologiya və rəqəmsal təhsilə çıxışın, eləcə də daha inklüziv və bərabər gələcəyin yaradılması uğrunda tərəfdaşları ilə birlikdə fəaliyyətləri davam etdirəcək", Vladanka Andreeva qeyd edib.

XS
SM
MD
LG