Accessibility links

Azərbaycan xarici işlər nazirinin İsrailə səfər edəcəyi bildirilir


Ceyhun Bayramov
Ceyhun Bayramov

Martın son günlərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailə rəsmi səfərə gedəcək. Səfər Azərbaycanın Tel-Əvivdəki səfirliyinin açılacağı dövrə təsadüf edir.

Bu barədə İsrail mediası məlumat yayıb.

Martın 2-də Azərbaycanın İsraildəki ilk səfiri Muxtar Məmmədov öz etimadnaməsini İsrail Xarici İşlər Nazirliyinə təqdim edib.

Gələn həftə səfir Muxtar Məmmədovun etimadnaməsini prezident İsaak Herzoqa təqdim edəcəyi gözlənilir.

Muxtar Məmmədov etimadanməsini təqdim edir.
Muxtar Məmmədov etimadanməsini təqdim edir.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti nazir Ceyhun Bayramovun İsrailə səfər edib-etməyəcəyi ilə bağlı Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, “səfər olacağı təqdirdə mətbuata məlumat verəcəyik”.

Xatırladaq ki, 2022-ci ilin dekabrında Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev səfirlik binasını seçmək üçün İsrailə səfər edib.

Azərbaycanın İsraildə ilk səfirliyinin açılması haqqında qərar 2022-ci ilin payızında qəbul edilib. Səfir noyabrda təyin edilib.

İsrail mediasının məlumatına görə, əvvəllər təhsil nazirinin müavini vəzifəsində çalışmış, həm Təhsil, həm də Xarici İşlər nazirliklərinin veteranı olan səfir Muxtar Məmmədov səfirlik binasının açılışına qədər Tel-Əvivdə artıq mövcud olan Azərbaycan ticarət ofisində çalışacaq.

İsrail mediası bildirir ki, bu ölkənin neftə olan tələbatının təxminən 40%-ni Azərbaycan təmin edir və Azərbaycan İsrailin hərbi texnikasının aparıcı alıcısıdır.

Xatırladaq ki, İran mediasında Azərbaycanın İsraildə səfirlik açması kəskin tənqidlərlə qarşılanıb. Eyni zamanda son aylar Azərbaycan və İran münasibətlərində gərginliklər müşahidə edilir.

XS
SM
MD
LG