Accessibility links

Apellyasiya Məhkəməsi Təbrizli vəkil Negin Kiyanini cərimə cəzasına məhkum edib


Təbrizli vəkil Negin Kiyani
Təbrizli vəkil Negin Kiyani

İranda ümummilli etirazlar fonunda Təbriz şəhərində həbs edilən Təbrizli vəkil Negin Kiyani 4 ay həbs əvəzinə 10 milyon tümən pul cəzasına məhkum edilib. Həmçinin onun iki il müddətinə ölkədən çıxışına qadağa qoyulub.

Nagin Kiyani öz Instaqram səhifəsində bu xəbəri dərc edərək, Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsinin 4 aylıq həbs cəzasının 10 milyon tümən cərimə ilə dəyişdirildiyini bildirib.

Daha öncə ilkin məhkəmə bu təbrizli vəkili “İslam Respublikasına qarşı təbliğat fəaliyyəti göstərmək” ittihamı ilə 4 aylıq həbs, mobil telefonunun müsadirəsi və iki il ölkədən çıxışına qadağa qoyulması barədə hökm çıxarmışdı. Ancaq vəkil Negin Kiyaninin məhkumluğu son günlərdə qəbul edilmiş ümumi amnistiyaya daxildir. Bu barədə vəkil öz səhifəsində məlumat verib.

Fevralın 6-da İran İslam Respublikasının lideri Əli Xamenei ümumi amnistiya elan edib. İran hökumətinin rəsmi xəbər agentliyi İRNA Ədliyyə nazirinin müavini Sadiq Rəhimiyə istinadən bildirib ki, bu amnistiya İranda son etirazlar zamanı həbs olunanları da əhatə edir. İranda son etiraz aksiyalarında təqsirləndirilən şəxslər və həbs olunanların şərtlər daxilində əfv ediləcəkləri iddia edilir. "Allaha qarşı müharibə", casusluq və əcnəbi kəşfiyyat qurumları ilə əlaqə, qəsdən adam öldürmə, rejimin müxalif qruplaşmalarına üzvlük və dövlətin hərbi və ictimai obyektlərinə böyük təxribat törətməkdə ittiham olunan və ya suçlanan şəxslərə amnistiya aid edilmir.

İranda keçirilən ümummilli etiraz aksiyaları zamanı Təbrizdə insan haqları müdafiəçi olan vəkillər Sina Yusifi, Qasım Bodi, Əmir Mahdipur və Negin Kiyani ötən ilin oktyabrında təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınmışdı.

Kiyani Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının üzvlərindən olub, həftələrlə nəzarətdə saxlandıqdan sonra keçən il noyabrın 10-da girov müqabilində müvəqqəti olaraq məhkəmə proseslərinin sona çatmasına qədər azadlığa buraxılmışdı.

Təbriz sakini olan həmin vəkillər etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınan etirazçıları müdafiə etmək və həbs olunanların sayını açıqladıqları üçün təhlükəsizlik qüvvələrinin basqı və təzyiqlərinə məruz qalıb.

XS
SM
MD
LG