İqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində bank əmanətlərinin gəlir faizlərinin vergiyə cəlb olunmasının, Mərkəzi Bankın uçot dərəcəsini artırmasının bank kreditlərinə və biznes mühitinə təsirlərindən danışıb.
Amerikanın Səsi: Fevralın 1-dən Azərbaycanda banklardakı əmanətlərin gəlir faizləri vergiyə cəlb olunur. Bu necə həyata keçiriləcək? Yəni burada bank sirri yayılmayacaq?
100 manat depozit gəliriniz varsa 10 manatı bank tərəfindən tutulub büdcəyə köçürüləcək.
Natiq Cəfərli: Bu, 7 il qabaq qəbul edilmiş bir qərardır. 7 illik bir ertələmə var idi. İndi cəmiyyətdə bir gözlənti var idi ki, bu ya Nazirlər Kabinetinin, ya parlamentin qərarı ilə uzadılacaq. Amma, təəssüf ki, bu baş vermədi. Mərkəzi Bankın açıqlamalarına görə mexanizm olaraq depoziti olan vətəndaşların ayrıca vergiödəyicisi kimi qeydiyyatdan keçməsinə ehtiyac yoxdur. Banklar özləri depozit gəlirlərindən 10 faizlik məbləği hesablayıb dövlət büdcəsinə keçirəcəklər. Amma müqavilələrin dəyişməsi ehtimalı var. Çünki müqavilələrdə bu bənd qeyd olunmayıb. Çox güman ki, banklar müştəriləri ilə müqaviləyə əlavə bəndlərin salınması ilə bağlı danışıqlar apara bilərlər. Bu da müəyyən zaman alacaq. Amma obrazlı desək, 100 manat depozit gəliriniz varsa 10 manatı bank tərəfindən tutulub büdcəyə köçürüləcək. Bu da əlavə qeydiyyat üçün, bank sirrinin pozulması üçün şərait yaratmır.
Amerikanın Səsi: Əmanətlərin gəlir faizlərinin vergiyə cəlb olunması banklardakı əmanətlərin azalmasına gətirib çıxara bilərmi?
Azərbaycanda banklarda təqribən 11,7 milyard manat əmanət formalaşıb. Bunun 57 faizi manatladır, yerdə qalan hissəsi xarici valyuta ilədir, daha çox dollar və avrodur.
Natiq Cəfərli: Azərbaycanda son illər banklardakı manat əmanətləri xeyli artıb. Çünki banklara güvən yaranmağa başlamışdı. Manatın məzənnəsinin sabit qalması səbəbindən valyuta depozitlərinin manata çevrilib daha yüksək gəlirliliklə banklara yatırılmasını görürdük. Bu gün də Azərbaycanda banklarda təqribən 11,7 milyard manat əmanət formalaşıb. Bunun 57 faizi manatladır, yerdə qalan hissəsi xarici valyuta ilədir, daha çox dollar və avrodur. Manatla və xarici valyuta ilə olan depozitlərin tamam gəlirini hesablasaq, il ərzində dövlət büdcəsinə 65-70 milyon manata yaxın əlavə vəsait cəlb olunacaq. Bu da böyük bir məbləğ deyil. Bunun böyük məbləğ olmadığını nəzərə alaraq yaxşı olardı ki, hökumət bu 7 illik müddəti daha da uzadardı. Çünki bu, güvəni sarsıldacaq. Ən azı valyuta ilə olan depozitlərə güvən sarsılacaq və vətəndaşların bir qismi depozitlərini banklardan çıxara bilərlər.
Amerikanın Səsi: Əmanətlərin gəlir faizlərinin vergiyə cəlb olunması və uçot dərəcəsinin artırılması bank kreditlərinə necə təsir edəcək? Kredit faizləri arta bilərmi?
Natiq Cəfərli: Əslində dünyanın hər yerində, o cümədən də Azərbaycanda uçot dərəcəsinin artırılmasını görürük. Amma, Avropada və Amerikada bunun əsas səbəbi inflyasiya ilə mübarizədir. Bizdə isə bank faizlərinin, yəni Mərkzəi Bankın uçot dərəcələrinin inflasiyaya təsirləri çox azdır. Əsas təsiri bank faizlərinə olacaq. Çox təəssüf ki, keçən müddətdə də biz bunu gördük, Mərkəzi Bankın uçot dərəcəsini 0,25 faiz artırması kreditlərin, əsasən də istehlak kreditlərinin 0,5 faiz artması ilə yadda qaldı. Çox güman ki, nəticə etibarı ilə uçot dərəcəsinin artırılmasından sonra Azərbaycanda kredit faizlərinin də yüksəlməsinin şahidi olacağıq.
Amerikanın Səsi: Kredit faizləri nə qədər yüksələ bilər?
Natiq Cəfərli: Təqribən 0,5 faiz yüksələ bilər. Amma, bu daha çox biznes kreditlərinə təsir göstərəcək. Çünki banklar risklərini sığortalamaq üçün daha çox istehlak kreditlərinə yönələcəklər. Çünki bunun müddəti daha azdır və faizi daha yüksəkdir. Bu da biznes çevrələrinə daha mənfi təsir göstərə bilər.
Amerikanın Səsi: Əmanətlərin gəlir faizlərinin vergiyə cəlb edilməsi və uçot dərəcəsinin artırılması biznes mühitinə necə təsir edə bilər?
Tək uçot dərəcəsinin artırılmasına görə kredit faizləri 0,5 faiz artacaqsa, depoziorlərdə də 1 faiz artım olsa bu təqribən 1,5-2 fazi kredit faizlərinin artması deməkdir.
Natiq Cəfərli: Azərbaycanda biznes kreditləri həcm olaraq faiz nisbətində çox azdır. Bu da ondan irəli gəlir ki, Azərbaycanda biznes kreditlərində böyük problemlər müddətin qısa, faizin yüksək olmasıdır. Biznes kreditlərinin məntiqi ondan ibarətdir ki, ən azı uzunmüddətli olmalıdır və müddətin bir hissəsində faizlər hesablanmamalıdır. Çünki elə istehsal sahələri var ki, məsələn kənd təsərrüfatının elə sahələri var ki, ilk illər gəlir götürülmür. Gəlir götürmədiyiniz illərdə də faiz ödəmək doğru deyil. Yəni bir çox biznes modelləri bunun üzərində inşa edilib. Çox təəssüf ki, biznes kreditləri zatən az idi. İndiki durumda uçot dərəcəsinin artmasını da nəzərə alsaq və həm də depozitlərdən gəlir vergisinin tutulması o deməkdir ki, banklar da məcburən depozit faizlərini də artıra bilər. Mərkəzi Bank bununla bağlı qərarında da açıqlamışdı. Bu o deməkdir ki, depozit faizləri artsa kredit faizləri daha da yüksələ bilər. Tək uçot dərəcəsinin artırılmasına görə kredit faizləri 0,5 faiz artacaqsa, depozitrlərdə də 1 faiz artım olsa bu təqribən 1,5-2 faiz kredit faizlərinin artması deməkdir. Bu da biznes mühitinə çox pis mənfi təsir göstərəcək.