Accessibility links

Məhkəmə Gültəkin Hacıbəyliyə bəraət hökmü çıxarıb


Gültəkin Hacıbəyli
Gültəkin Hacıbəyli

Fevralın 1-də Bakının Nəsimi Rayon Məhkəməsi hakim Elməddin Hüseynovun sədrliyi ilə Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyliyə qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə bəraət hökmü çıxarıb. İttiham məhkəmə baxışında sübut olunmayıb.

Bu barədə Amerikanın Səsinə vəkil Aqil Layıc bildirib.

Gültəkin Hacıbəyli bildirib ki, barəsində ittiham üçün əsas yox idi, çünki sosial şəbəkə vasitəsiylə yazdığı şərh də, paylaşım da artıq silinib. Həm də onun şərhi separatşılığa qarşı olub.

"İndiyədək Azərbaycan məhkəmələrindən özümə qarşı çoxsaylı işlərdə ədalət görməmişəm. Amma, bu gün məhkəmənin bəraət hökmü tam ədalətlidir. İrəli sürülən ittiham əslində mənə qarşı deyil, Azərbaycan dövlətçiliyinə, dövlətin unitarlığına, bütövlüyünə qarşı idi. Bu, həm də Azərbaycanda etnik müxtəlifliklə birgə bütöv Azərbaycan ideyasına qarşı ittiham idi. Çox sevindiricidir ki, Azərbaycan hakimiyyəti bu yanlışlıqdan nəticə çıxarıb səhvini düzəltdi", o qeyd edib.

Gültəkin Hacıbəyli barəsində ötən il oktyabrın 27-də Cinayət Məcəlləsinin 147.2 maddəsi (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə xüsusi ittiham qaydasında cinayət işi açılıb. O, xarici ölkədə olduğu halda məhkəmə xəbərdarlıq etmədən iddianı icraata götürüb və barəsində saxlanma qərarı çıxarıb.

Əli Kərimli və Gültəkin Hacıbəyli məhkəmədən sonra
Əli Kərimli və Gültəkin Hacıbəyli məhkəmədən sonra

Noyabrın 30-da Gültəkin Hacıbəyli xaricdən ölkəyə qayıdarkən Bakı hava limanında saxlanılıb. O, bir neçə saat saxlanıldıqdan sonra Nəsimi Rayon Məhkəməsinə aparılıb və hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasından sonra sərbəst buraxılıb.

Vəkil Bəhruz Bayramov bildirib ki, Leyla Arif adlı Facebook istifadəçisi onun separatçı statusuna şərh yazdığına görə Gültəkin Hacıbəylini xüsusi ittiham qaydasında məhkəməyə verib.

Gültəkin Hacıbəyli Milli Məclisin keçmiş deputatı, Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü olub. O, müxalif qüvvələrin prezidentliyə keçmiş vahid namizədi Cəmil Həsənlinin rəhbərlik etdiyi Demokratik Qüvvələrin Milli Şurasının funksionerlərindən biridir.

XS
SM
MD
LG