Accessibility links

Gültəkin Hacıbəyli bir neçə saat saxlanıldıqdan sonra sərbəst buraxılıb


Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli (Arxiv foto, mənbə VOA)
Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli (Arxiv foto, mənbə VOA)

Noyabrın 30-da Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli xaricdən ölkəyə qayıdarkən Bakı hava limanında saxlanılıb. O, bir neçə saat saxlanıldıqdan sonra Bakının Nəsimi rayon Məhkəməsinə aparılıb və hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasından sonra sərbəst buraxılıb.

Gültəkin Hacıbəyli Amerikanın Səsinə müsahibəsində deyib ki, onun barəsində bu il oktyabrın 27-də Cinayət Məcəlləsinin 147.2 maddəsi (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə xüsusi ittiham qaydasında cinayət işi açılıb. Növbəti məhkəmə iclası dekabrın 8-də Bakı vaxtı ilə saat 15-də keçiriləcək.

O, saxlanılması barədə danışarkən deyib ki, səhər saat 4-də Bakı hava limanında sərhəd keçid məntəqəsində bildiriblər ki, axtarışdadır.

Gültəkin Hacıbəyli: Tamamilə absurd, mənasız və gülünc bir ittihamdır
please wait

No media source currently available

0:00 0:06:41 0:00

"Sonra məni Hava Nəqliyyatında Polis İdarəsinə apardılar. Səhər saat 6-da Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə gətirdilər və oradan isə saat 10 radələrində Nəsimi rayon Məhkəməsinə apardılar. Yalnız orada mənə məlum oldu ki, Cinayət Məcəlləsinin 147.2 maddəsi ilə xüsusi ittiham qaydasında barəmdə cinayət işi var. Mən sentyabrın 3-dən ölkədə deyiləm. Azərbaycan təcrübəsində ilk dəfə rast gəlirəm ki, şəxs xaricdə olduğu halda onun barəsində xüsusi ittiham qaydasında iş icraata götürülsün. Mənə hətta xəbərim olmadan vəkil təyin ediblər. Məhkəmə tərəfindən mənə nə yazılı qaydada, nə SMS vasitəsi ilə, nə sosial şəbəkələr vasitəsi ilə xəbərdarlıq edilib. Mən siyasi fəaliyyətimlə bağlı davamlı məhkəmə çəkişmələrindəyəm. Bütün hallarda elektron məhkəmə sistemi vasitəsi ilə xəbərdarlıq mesajları alıram. Eyni zamanda dövlət hesabına təyin edilən vəkilin mənimlə əlaqə yaratmaq üçün sosial şəbəkələr vasitəsi ilə imkanları var. Çünki, mən sosial şəbəkələrdə davamlı şəkildə cəmiyyətlə ünsiyyətdəyəm. Bunun heç biri baş verməyib".

O, ittihamdan danışarkən deyib ki, "tamamilə absurd, mənasız və gülünc bir ittihamdır".

"Təsəvvür edin Facebookda çox da tanınmayan, çox da böyük izləyici auditoriyası olmayan, populyar olmayan bir şəxsin profilində bir statusun altına yazdığım bir sözə görə bunların hamısı baş verib. Nəzərə alın ki, həmin statusu həmin şəxs bir neçə gün sonra profilindən silib. Hazırda sosial şəbəkədə o status da yoxdur, mənim şərhim də yoxdur. Amma buna baxmayaraq, Nəsimi rayon Məhkəməsi məni bu gün saat 4-dən 9.30-dək əsassız bir şəkildə saxlayıb. Hakimdən soruşdum ki, mən ölkədə olmaya-olmaya işi necə icraata götürübsünüz və barəmdə saxlanma qərarı qəbul eidbsiniz. O dedi ki, işi əvvəlcə icraata götürüb, sonra sərhəd xidmətinə müraciət edib və öyrənib ki, mən xaricdəyəm. Buna baxmayaraq, saxlanma barədə qərarını qüvvədə saxlayıb".

Hacıbəyli bildirib ki, ona qarşı ittiham verən şəxsi bölücülük fəaliyyətinə görə tənqid edib və bunu etməməyə çağırıb.

"Həmin adam Əlikram Hümmətovla (vaxtı ilə dövlətə xəyanətdə ittiham olunub, sonra əfv olunub və hazırda Hollandiyada yaşayır-red) silsilə reportajlar, müsahibələr hazırlayır. Bu adam Azərbaycan milli hökumətini, şəxsən Əbülfəz Elçibəyi faşist adlandırır. Bildirir ki, Əlikram Hümmətovun həmin hökumətə qarşı davranışları düzgün idi. Azərbaycanda yaşayan xalqlar haqqında bölücü fikirlər səsləndirmək, bir milləti digərinin fövqünə qoymaq, aşağılamaq təbii ki, qəbul olunmazdır. Biz hamımız azərbaycanlıyıq və ölkədə yaşayan bütün xalqlar qiymətlidir. Millətləri bir-birindən ayırmaq, bir milləti digərindən üstün tutmaq ksenofobiyadır və qəbuledilməzdir" , o qeyd edib.

Hacıbəyli deyib ki, absurd ittihamla barəsində məhkəmənin qərarı "Azərbaycan hakimiyyhətinin mahiyyətinə bir daha işıq salır".

"Bir tərəfdən Güney Azərbaycanda (İran Azərbaycanı-red) Azərbaycan türklərinin hüquqlarından danışan Azərbaycan hakimiyyəti digər tərəfdən ölkə daxilində separatçılığa açıq çağırış edən insanların əli ilə siyasi müxalifəti vurur. Hətta Facebookda mövcud olmayan bir şərhə görə siyasi müxalifətin vurulması Azərbaycan hakimiyətinin basqıçı, əzici, repressiv mahiyyətini bir daha ortaya qoyur" , Hacıbəyli Amerikanın Səsinə deyib.

Rəsmi qurumlar Hacıbəylinin saxlanılması barədə hələ məlumat yaymayıb. Daxili işlər Nazirliyinin mətbuat xidməti onun saxlanıldığını və axtarışda olduğunu təsdiq edib.

Nəsimi rayon Məhkəməsində mətbuatla iş üzrə məsul hakim Günay Abidovanın ofisindən Amerikanın Səsinə deyiblər ki, Gültəkin Hacıbəyli ilə bağlı cinayət işi və onun kim tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilməsi barədə mətbuata məlumat vermək səlahiyyətləri yoxdur.

Vəkil Bəhruz Bayramov bildirib ki, Gültəkin Hacıbəylini Leyla Arif adlı Facebook istifadəçisi xüsusi ittiham qaydasında məhkəməyə verib.

"Hələ ittihamla tanış deyiləm. İttihamla tanış olduqdan sonra geniş şərh verəcəm. Amma ittiham edilən şəxsə məhkəməyə gəlməsi barədə xəbərdarlıq göndərilmədən məhkəmənin keçirilməsi və Gültəkin Hacıbəyli barədə saxlanma qərarı verilməsi qanunsuzdur" , o qeyd edib.

Gültəkinn Hacıbəyli Milli Məclisin keçmiş deputatı, Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü olub. O, sonradan müxalifətə keçib. Müxalif qüvvələrin prezidentliyə keçmiş vahid namizədi Cəmil Həsənlinin rəhbərlik etdiyi Demokratik Qüvvələrin Milli Şurasının funksinerlərindən biridir.

XS
SM
MD
LG