Accessibility links

Gültəkin Hacıbəyli: AŞPA prezidentinin səfəri Azərbaycan və Avropa Şurası arasında münasibətlərdə yeni irəliləyişdi


Gültəkin Hacıbəyli: AŞPA prezidentinin səfəri Azərbaycan və Avropa Şurası arasında münasibətlərdə yeni irəliləyişdi
please wait

No media source currently available

0:00 0:20:57 0:00

Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Lilian Mori Paskie Azərbaycan prezidenti İlham Əliyev və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirib. AŞPA prezidenti səfəri zamanı hüquq müdafiəçiləri ilə görüşdə siyasi məhbuslar problemi, vətəndaş cəmiyyətinin durumunu müzakirə edib. Bildirildiyinə görə, xanım Paskyenin Bakıda keçirdiyi görüşlərdə Azərbaycanda insan haqlarının müdafiəsi və demokratiyanın durumu məsələləri diqqət mərkəzində olub. AŞPA-da Azərbaycan nümayəndə heyətinin keçmiş üzvü, müxalif siyasətçi Gültəkin Hacıbəyli Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibəsində AŞPA prezidentinin Azərbaycana səfəri, Azərbaycan-Avropa Şurası münasibətləri və Azərbaycanın qurum qarşısında öhdəlikləri haqda danışıb.

Azərbaycan və Avropa Şurası münasibətlərində yeni mərhələ

“Hesab edirəm ki, bu, əslində, Azərbaycan və Avropa Şurası münasibətlərində yeni bir irəliləyişdi, yeni bir mərhələdir. Çünki biz bilirik ki, “kürü diplomatiyası” ifşasından sonra və AŞPA – da bu istiqamətdə fəaliyyətlərdən sonra Azərbaycan hakimiyyəti ilə Avropa Şurası rəhbərliyi arasında çox ciddi bir narazılıq yaranmışdı, münasibətlərdə soyuqluq var idi və bu soyuqluq o səviyyədə idi ki, uzun müddət hətta Azərbaycana AŞPA-dan təyin olumuş siyasi məhbuslar üzrə məruzəçi buraxılmırdı. Onun bir neçə cəhdi olmuşdu Azərbaycana gəlmək üçün, lakin Azərbaycan hakimiyyəti tərəfindən hər dəfə bu səfər əngəllənirdi. Ancaq son dönəm nələrsə baş verir və hiss olunur ki, bu baş verənlər çox ciddi bir prosesin işartılarıdır.

Azərbaycan hökuməti siyasi məhbus problemini həll etməlidir. Bu, təkcə Avropa Şurası Parlament Assambleyasının tələbi deyil. Bu, bütün demokratik dünyanın tələbidir.

Bir neçə gün öncə Avropa Şurasının siyasi məhbuslar üzrə məruzəçisi Sunna xanım ( Sunna Torhildur), Avropa Şurası İnsan Hüquqları Komitəsinin rəhbəri Sunna xanım Azərbaycana səfər etdi və ölkədə hüquq müdafiəçiləri ilə görüşdü. Düzdür, o, prezident səviyyəsində qəbul edilmədi. Bunu da mən başa düşürəm. Çünki dəfələrlə prezident səviyyəsində də, siyasi hakimiyyət səviyyəsində bəyan edilib ki, Azərbaycanda siyasi məhbus yoxdur. Ancaq buna baxmayaraq, o çox maraqlı bir jest etdi və səfəri müddətində çox önəmli siyasi məhbuslarla görüşdü. Əslində, siyasi məhbusların hər biri önəmlidir, hər birinə bizim diqqətimiz yönəlməlidir. Ancaq o, səfəri çərçivəsində məhz Tale Bağırzadə və Abbas Hüseyn kimi dindar məhbuslarla görüşdü. Biz bilirik ki, Azərbaycan hakimiyyətinin bu kateqoriyadan olan məhbuslara xüsusi münasibəti var və ona bu görüşləri keçirməyə imkan yaradılması artıq müəyyən bir prosesin işartısı idi və bunun ardınca Avropa Şurası Parlament Assambleyasının prezidenti xanım Mori Paskienin Azərbaycana səfər etməsi və bu səfər çərçivəsində yüksək səviyyədə qəbul olunması - bu, onu deməyə əsas verir ki, görünür, Azərbaycanla Avropa Şurası arasında olan buzlar gerçəkdən də müəyyən səviyyədə əriməyə başlayıb.”

Siyasi məhbuslar

“Azərbaycan hökuməti siyasi məhbus problemini həll etməlidir. Bu, təkcə Avropa Şurası Parlament Assambleyasının tələbi deyil. Bu, bütün demokratik dünyanın tələbidir. 2019-cu ildir, Azərbaycan Avropa Şurasının üzvü olan bir ölkədir və demokratiya quruculuğuna iddialı olan bir ölkədir. Ən azından rəhbərliyi səviyyəsində Azərbaycanda demokratik islahatların getməsini bəyan edən bi ölkədir. Və bu, ölkəmiz üçün çox utandırıcı bir haldır ki, Avropanın sonuncu diktaturası sayılan Belarusun 2017-ci ildə bağladığı siyasi məhbus dəftəri Azərbaycanda bu gün də açıqdır. 2017-ci ildən sonra Belarusda demək olar ki, siyasi məhbus problemi həll olunub. Və bütün Avropanın sanksiyası ilə üzləşən, bütün dünya ilə qarşı-qarşıya gələn bir avtoritar rejim olaraq, Avropanın sonuncu diktaturası kimi tanınan Belarusda əgər bu gün siyasi məhbus yoxdursa, Qazaxıstanda siyasi dialoq istiqamətində ciddi addımlar atılırsa, Özbəkistanın özündə belə bu istiqamətində ciddi addımlar atılırsa və bir çox önəmli siyasi məhbuslar yaxın bir neçə il ərzində azadlığa çıxıbsa, Azərbaycanda hal-hazırda həbsdə 119 nəfər siyasi məhbusun olması bu, bir ölkə hakimiyyəti üçün utancverici bir haldır, ölkəmizin imici üçün, hamımız üçün utancverici bir haldır və Azərbaycan hökuməti bu ləkəni öz üzərindən silməlidir. Ona görə də mən düşünürəm ki, Avropa Şurasının qətiyyəti başadüşüləndir.

Bu problemin bu günə qədər həll olunmamasının səbəbi Azərbaycanda siyasi hakimiyyətin bu problemi həll etmək istiqamətində siyasi iradə nümayiş etdirə bilməməsidir.

Siz bilirsiniz ki, Avropa Şurası Parlament Assambleyasında siyasi məhbuslarla bağlı çox ciddi təşəbbüslər var və o təşəbbüslərinn biri siyasi məhbuslar üzrə məruzəçinin təyin olunması ilə nəticələnib və həmin bu yaxınlarda səfər edərkən açıq şəkildə bildirdi ki, `bizim məqsədimiz təkcə bütün siyasi məhbusların azadlığa çıxması deyil, bizim hədəfimiz siyasi məhbus yaradan konveyer, mexanizmin durdurulmasıdır, bu prosesin tamamilə aradan qaldırılmasıdır`. Bu, çox önəmlidir. Yəni, Avropa Şurasının qətiyyəti ortadadır.”

Vətəndaş cəmiyyəti və hakimiyyət arasında dialoq

“Bu gün Azərbaycanda siyasi məhbus probleminin həll olunmamasının səbəbi vətəndaş cəmiyyəti ilə Azərbaycan hakimiyyəti arasında dialoqun olmaması deyil. Bu məsələdə Azərbaycan vətəndaş cəmiyyətinin mövqeyi birmənalıdır. Həm bizim Milli Şura olaraq, siyasi təşkilatların mövqeyi birmənalıdır və hətta hakimiyyətə yaxınlığı ilə seçilən hüquq müdafiəçilərinin özləri belə dəfələrlə bu problemin həlli istiqamətində çağırışlar ediblər. Yəni bu məsələdə hüquq müdafiəçiləri arasında hansısa fikir ayrılığı yoxdur, hansısa fərqli mövqelər yoxdur. Bu problemin bu günə qədər həll olunmamasının səbəbi Azərbaycanda siyasi hakimiyyətin bu problemi həll etmək istiqamətində siyasi iradə nümayiş etdirə bilməməsidir.

Avropa Birliyi dəfələrlə bəyan edib ki, o bütün tərəfdaşları ilə münasibət qurarkən insan haqları və demokratiya blokuna müstəsna önəm verir, müstəsna əhəmiyyət verir.

Yəni məsələ yalnız hakimiyyətin siyasi iradəsinə bağlı məsələdir. Və o siyasi ortada olacağı halda bu bir günün içində həll oluna bilən problemdir. Yəni bir əvf sərəncamı ilə həll edilə bilən problemdir, bir amnistiya aktı ilə həll oluna bilən problemdir. Və ya məhkəmələrə bu barədə Azərbaycan hakimiyyəti tapşırıqlar versə, biz bilirik ki, Azərbaycan məhkəmələri təəssüflər olsun ki, məhz prezident admnistrasiyasının tapşırıığı ilə bu qərarları qəbul edir. Və məhkəmələrə tapşırıq verilsə ki, `siz siyasi məhbusların işinə baxın və bizim göstərişimizi yox, bu dəfə qanunun aliliyini təmin edin, məhz qanunun normalarını tətbiq edin`, mən əminəm ki, həmin məhkəmələr siyasi məhbusların hamısına bəraət verəcək və onlar qısa bir müddətdə azadlığa çıxacaqlar. Bu baxımdan problem siyasi iradənin ortada olmaması problemidir.”

Azərbaycan-Avropa münasibətləri

“Azərbaycan anlayır ki, Avropa Birliyinin dəstəyi olmadan, Avropa Birliyi ilə əməkdaşlıq olmadan bu ölkənin gələcək perspektivlərini, inkişafını, bölgədəki perspektivlərini təsəvvür etmək mümkün deyil. Və Avropa Birliyi dəfələrlə bəyan edib ki, o bütün tərəfdaşları ilə münasibət qurarkən insan haqları və demokratiya blokuna müstəsna önəm verir, müstəsna əhəmiyyət verir. Hətta bu ilin iyun ayında Avropa Birliyinin genişlənmə üzrə komissarı Yohannes Han açıq şəkildə bildirdi ki, Azərbaycanla sazişin imzalanmasının yubanması, təxirə salınması məhz Azərbaycan tərəfinin təkidi ilə orada demokratiya və insan haqları blokunun razılaşdırılmaması ilə bağlıdır.

Azərbaycan hakimiyyəti istəsə də, istəməsə də bu yaranmış yeni situasiya ilə ayaqlaşmağı bacarmalıdır.

Yəni, Azərbaycan tərəfi istəyir ki, bu blok həmin sazişdə zəif təmsil olunsun, ancaq Avropa Birliyinin mövqeyi bundan ibarət idi ki, və bu mövqe komissar səviyyəsində etiraf edilirdi ki, bu beynəlxalq təşkilat həmin blok olmadan heç bir tərəfdaşı ilə münasibətlərini dərinləşdirmir. Məhz belə şəraitdə təbii ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında, Avropa Birliyindən, ATƏT-dən, digər nüfuzlu beynəlxalq təşkilatlardan, mötəbər qurumlardan gələn artıq çağırışları etşiməmək, onu gözardı etmək, onu nəzərə almamaq kimi şansları, imkanları məhdudlaşır və Azərbaycan hakimiyyəti istəsə də, istəməsə də bu yaranmış yeni situasiya ilə ayaqlaşmağı bacarmalıdır.”

Azərbaycanın öhdəlikləri və Avropa Şurasının təsir imkanları

“Avropa Şurası məhz insan haqları, demokratiya təşkilatıdır. Onun ölkələri mənəvi tənbehdən başqa ona hansısa qurumdaxili cəza tədbirləri, sanksiyaları, məhdud sanksiyalar tətbiq etməkdən başqa imkanları yoxdur. Xüsusilə də nəzərə alsaq ki, uzun müddət Azərbaycan Avropa Şurasında təmsil olunan bəzi “çirkli avropalı lobbistləri” şərti adı “kürü diplomatiyası” olan bir yolla ələ almışdı. Onların bank hesablarına pullar axıdılırdı. Təbii ki, o zaman Avropa Şurası o məhdud imkanlarından da aşağı səviyyədə bir perfomans nümayiş etdirdi. Baxmayaraq ki, onun imkanları onsuz da geniş deyil, amma Azərbaycan tərəfinə hətta reveranslar edirdi, Azərbaycan hakimiyyətinin repressiya siyasətinə dəstək verirdi. Məsələn, ölkədə bu qədər siyasi məhbus olduğu halda, siyasi məhbuslar üzrə məruzəçi təyin olunmasından imtina etmək bu elə dəstək idi Azərbaycan hakimiyyətinə. Ancaq xoşbəxtlikdən bu siyasət ifşa olundu, “kürü diplomatiyası” məsələsi ifşa olundu. Və bu gün artıq Avropa Şurası özünün nizamnaməsinin imkan verdiyi maksimum imkanları səfərbər edərək, Azərbaycan hökuməti ilə daha ciddi bir dildə danışmağı tərcih edir. Bu, açıq-aşkar görünür.

Təşkilatla Azərbaycan tərəfinin əməkdaşlığın dərinləşməsindən, bu əməkdaşlığın gerçək fəaliyyət müstəvisinə keçməsindən gözləntilərimiz böyükdür.

Burada çox önəmli bir məqam ondan ibarətdir ki, bu təşkilatın məsələn, Avropa Birliyi kimi iqtisadi resursları yoxdur, iqtisadi təsir imkanları yoxdur. Amerika Birləşmiş Ştatları kimi nə zəngin, çeşidli sanksiya mexanizmlərinə malik deyil Avropa Şurası Parlament Assambleyası, ümumiyyətlə Avropa Şurası. Ancaq Avropa Şurası Avropada ən mötəbər və ən qədim insan hüquqları evi olaraq, demokratiya təşkilatı olaraq müəyyən mənəvi nüfuza malikdir. Mənəvi tənbeh mexanizmləri var, mənəvi təsir mexanizmləri var. Ona görə də biz bu təşkilatın Azərbaycanla əməkdaşlığına nikbin yanaşırıq və bu təşkilatla Azərbaycan tərəfinin əməkdaşlığın dərinləşməsindən, bu əməkdaşlığın gerçək fəaliyyət müstəvisinə keçməsindən gözləntilərimiz böyükdür.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG