Təbriz Azad Universiteti və Ərdəbilin dövlət universitetinin bir qrup tələbəsi Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş verən zəlzələdən zərər çəkənlərə yardım üçün universitetlərin şəhərciyində toplaşaraq yardımlaşma mesajı veriblər.
Təbriz Azad Universitetinin bir qrup azərbaycanlı tələbəsi əllərində “El gücü sel Gücü”, “Vətən adına birlik yaraşar” və “Azərbaycan başın sağ olsun” sözləri yazılmış plakatlar tutaraq, Xoy şəhərinin zəlzələ qurbanlarına yardımın əhəmiyyətini vurğulamaq üçün ictimai rəyi cəlb etmək məqsədilə universitetin kampusunda toplantı keçiriblər.
Bundan əvvəl də Ərdəbilin dövlət universitetində əllərində eyni yazılarla plakatlar tutan bir qrup tələbə Qərbi Azərbaycan vilayətində Xoy zəlzələsi qurbanlarına başsağlığı verməklə yanaşı, bu şəhərdə insanlara yardımın vacibliyini vurğulayıblar.
Hökumətin rəsmi xəbər agentliyi olan İRNA agentliyinin ölkənin fövqəladə hallar rəhbərinə istinadən yaydığı son statistikaya əsasən, Xoy şəhərində baş verən 9,5 bal gücündə zəlzələ nəticəsində 1174 nəfər xəsarət alıb, 3 nəfər həyatını itirib.
Hökumətin zəlzələdən zərər çəkənlərə yardımı ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər ictimaiyyət tərəfindən tənqidlərlə qarşılanıb. Belə ki, sosial mediada yayımlanan bir video-görüntüdə yardım almaq üçün Xoy şəhərinin Qızıl Aypara Cəmiyyətinin anbarı qarşısına toplaşan insanları dağıtmaq üçün polis qüvvələrinin su şırnaqlarından istifadə etdiyi görünür.