Accessibility links

İranın təhlükəsizlik qüvvələri zəlzələnin baş verdiyi Xoy şəhərində etirazları zorakılıqla yatırıb


İranın təhlükəsizlik qüvvələri həftə sonu şimal-qərbdəki Xoy şəhərində azı 3 nəfərin ölümü və yüzlərlə insanın yaralanması ilə nəticələnən güclü zəlzələ ilə bağlı hökumətin yararsız reaksiyasına qarşı baş qaldıran etirazları zorakılıqla yatırıb.

Sosial şəbəkələrdə yayılan videolarda yanvarın 28-də 5,9 bal gücündə zəlzələyə məruz qalan Xoy şəhərində təhlükəsizlik qüvvələrinin vilayət administrasiyası binası qarşısına toplaşan insanları dağıtmaq üçün su şırnaqlarından istifadə etdiyini görmək mümkündür.

Binaların uçması və avtomobillərin aşmasına səbəb olan zəlzələ zamanı təşviş içərisindəki sakinlər evlərini tərk edib. Bölgəni sarsıdan 20-dən çox yeraltı təkan qışın şaxtalı havasında yüzlərlə insanı evakuasiya mərkəzlərində sığınacaq axtarmağa məcbur edib.

Tehran Universitetinin Seysmologiya Mərkəzinin məlumatına görə, zəlzələ Qərbi Azərbaycan vilayətinin təxminən 200 min əhalisi olan Xoy şəhərində baş verib.

Dövlət televiziyası yaşayış binaları və yarı dağılmış evlərə dəyən böyük ziyanı əks etdirən kadrlar yayımlayıb. İran mediasının nümayış etdirdiyi fotolarda qarlı bölgədə insanların ədyallara bürünərək, tonqalların ətrafına toplaşdığını görmək olub.

Yerli mənbələrin bildirdiyinə görə, zəlzələdən iki gün keçməsinə baxmayaraq, insanlar hələ də çadırlar, istilik cihazları və ərzaq da daxil olmaqla, ilkin yardım vasitələrinə ehtiyac duyur.

İranın mühacirətdə olan keçmiş vəliəhd şahzadəsi və müxalifət lideri Reza Pəhləvi də daxil olmaqla, bir çoxları sosial mediada bölgəyə yardım əvəzinə tələsik çevik qüvvələr göndərməsinə görə hökuməti qınayıb.

Yanvarın 29-da Twitter səhifəsində həlak olanların ailələrinə başsağlığı verən Pəhləvi İslam Respublikasının "zəlzələ qurbanlarına tez və lazımi yardım göstərmək əvəzinə, repressiya qüvvələri və vasitələri göndərib" yazıb.

XS
SM
MD
LG