Accessibility links

Siyasi məhbuslara azadlıq tələbi ilə 16 gündür aclıq aksiyası keçirilir, Tofiq Yaqublu və Bəxtiyar Hacıyevin səhhəti ağırdır


Müsavat Partiyasının qərargahında aclıq edənlər (Fotonu aclıq edən Ruslan Əmirov təqdim edib)
Müsavat Partiyasının qərargahında aclıq edənlər (Fotonu aclıq edən Ruslan Əmirov təqdim edib)

Yanvarın 20-də Tofiq Yaqublu və Bəxtiyar Hacıyevin siyasi məhbuslara azadlıq tələbi ilə başladığı aclıq aksiyası 16 gündür davam etdirilib.

Müsavat Partiyasının qərargahında 12 gündür 10 nəfər Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı aclıq edir.

Bu gün aclığı dayandıran olmayıb. AXCP-nin daha üç fəalı, - Elnur Həsənov və partiyanın Saatlı rayon təşkilatının üzvləri Tahir Həsənli, Asim Ağayev Müsavat Partiyasının qərargahında aclıq keçirən aksiyaçılara qoşulub.

Hazırda Tofiq Yaqublu, həyat yoldaşı Maya Yaqublu, Bəxtiyar Hacıyev də daxil olmaqla 13 fəal aclıq aksiyasını davam etdirir.

Beləliklə, bu gün 10 fəal - AXCP üzvləri İsmailəddin Qasımov, Şirvan Sultanov, Akif Ağayev, Ruslan Əmirov, Hicran Ağayev, Elşən Xəlilov, Orxan Baxışlı , Elnur Həsənov, Tahir Həsənli və Asim Ağayev aksiyanı davam etdirib.

Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu Amerikanın Səsinə bildirib ki, 14 gündür aclığı davam etdirir.

"Bu gün səhhətim çox pisləşib. Mədəmdə, böyrəklərimdə kəskin ağrılar var. Baş ağrılarından dözə bilmirəm. Qan təzyiqim çox yüksəkdir. Amma, ağrılarımdan asılı olmayaraq sonadək Tofiq bəylə birgə aclığı davam etdirəcəm", o qeyd edib.

Tibb elmləri doktoru Adil Qeybulla yanvarın 20-də Tofiq Yaqublunun qızı Nigar Həzi ilə birgə onunla görüşüb, müayinə edib. Qeybullanın sözlərinə görə, Yaqublu artıq 16 gündür aclığı davam etdirir.

"Tofiq Yaqublunun həyatı göstəriciləri normaldır, həyatı üçün təhlükə yoxdur. Ona infuziya etdik, çünki aclıq səbəbindən bədənində elektrolitlər çatışmır. Yetərincə su qəbul etmədiyinə görə balans pozulub, halsızdır, ayağa dura bilmir. Ümid edirəm ki, Yaqublu yanvarın 22-də həbs müddətini başa vuracaq", o qeyd edib.

Həkimin sözlərinə görə, Yaqublu son gündə bir kiloqramadək çəki itirib, hazırda 79 kiloqramdır. O həbs ediləndə çəkisi 94 kiloqram olub.

İctimai fəal Bəxtiyar Hacıyev də aclığı 12 gündür davam etdirir. Yanvarın 20-də vəkil Cavad Cavadov 1 saylı Bakı İstintaq Təcridxanasında onunla görüşüb.

“Biz, vəkillər aclığı dayandırmasını xahiş etsək də, Bəxtiyar Hacıyev ona qarşı haqsızlığa son qoyulanadək aclığı davam etdirəcəyində israrlı oldğunu bildirdi. Aclıq onun sağlamlığında bərpa olunmaz xətalar yarada bilər. Çünki Bəxtiyar gün-gündən zəifləyir. Son gündə bir kiloqramadək çəki itirib, qan təzyiqi 85/55-dir, nəbzi 66-dır, bədən temperaturu 36,1 selsidir.”

Vəkil Bəxtiyar Hacıyevə istinadən bildirib ki, o müəyyən mərhələdə quru aclığa da keçə bilər.

Öz növbəsində, Penitensiar Ximdətin İctimaiyyətlə əlaqələr şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Hacıyev təcridxananın tibb-sanitar hissəsində həkim nəzarətindədir.

Hüquq müdafiəçisi Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, yanvarın 21-də Xətai Rayon Məhkəməsi müstəntiqin həbs müddətinin 28 fevraladək uzadılması ilə bağlı vəsatətinə baxacaq.

“12-ci gündür ki, aclıq aksiyası keçirən, səhhəti ağır qiymətləndirilən, mədəsində qanaxma olan Bəxtiyar Hacıyev 9 dekabr 2022-ci ildə saxta ittihamlar üzrə saxlanılıb, barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Belə olan durumda Bəxtiyarın həyat və sağlamlığının qayğısına qalmaq əvəzinə, lazımi tibbi tədbirlər görmək yerinə, ittihamı daha da sərtləşdirirlər, həbs müddətini uzadırlar, hərçənd ki, nəinki alternativ qətimkan tədbirlərinin seçilməsi üçün, ümumiyyətlə, cinayət işinə bəraətverici əsaslarla xitam vermək məqsədilə kifayət qədər əsaslar var”, hüquq müdafiəçisi qeyd edib.

İndiyədək rəsmi qurumlar aclıq aksiyası keçirənlərin tələblərinə münasibət bildirməyib.

Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində insan haqları fəalı Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb.

Həmin gün Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnizbati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.

Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun həbsindən verilən apellyasiya şikayətini təmin etməyib. O, məhkəmədə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində ailə üzvləri ilə görüşə icazə verilməməsinə, sovqatların qəbul edilməməsinə və məhkəmə qərarına etiraz olaraq, həmçinin siyasi məhbuslara azadlıq tələbi ilə aclıq elan etdiyini bildirib. Sonra isə xəstəxanaya köçürülüb.

İctimai fəal Bəxtiyar Hacıyevin barəsində ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi 1 ay 20 gün həbs qətimkan tədbiri seçib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Sonra ittiham daha da ağırlaşdırlıb və onu 3 ildədk həbs gözləyir. Amma özü ittihamı qəbul etmir.

Bəxtiyar Hacıyevin həbsi geniş tənqidlərə yol açıb. "Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının təşəbbüsü ilə fəallar dekbarın 23-də Bakının mərkəzində Hacıyevin həbsinə etiraz olaraq aksiya keçirib.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında yenidən aclığa başladığını bildirib. Bundan öncə Hacıyev 14 gün aclıq aksiyası keçirib.

Yanvarın 9-da ABŞ Dövlət Departamentinin mətbuat katibi ​Ned Prays ənənəvi brifinqdə Turan agentliyinin müxbirinin sualına cavabda ABŞ-ın Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən dərin narahatlığını ifadə edib.

"Biz hakimiyyət orqanlarını onları tez bir zamanda azad etməyə çağırırıq", o bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG