Accessibility links

Milli fəal Davud Kabali Urmiyədə etirazlarla əlaqədar 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib


Urmiyə sakini türk fəal Davud Kabali
Urmiyə sakini türk fəal Davud Kabali

Qərbi Azərbaycan vilayətinin Urmiyə şəhərində keçirilən etiraz aksiyaları zamanı həbs olunanlardan biri olan türk fəal Davud Kabali 5 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.

Bu barədə HRA xəbər agentliyi və bölgədəki hüquq müdafiəçiləri məlumat yayıb.

Bu xəbərə görə, azərbaycanlı fəal Kabalı Urmiyə İnqilab Məhkəməsində “qanunsuz mitinqlərdə iştirak etmək və təxribatçı şüarlar səsləndirməklə milli təhlükəsizliyi pozmaq” və “rəhbərliyi təhqir etmək” ittihamları əsasında müvafiq olaraq 4 il və 18 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu ittihamlara əlavə olaraq, o, cinayət məhkəməsi tərəfindən başqa bir iş üzrə “ictimai asayişi və nizamı pozmaq” və “məmurun əmrinə tabe olmamaqda israr etmək” ittihamlarına əsasən təqsirli bilinərək 30 şallaq zərbəsi, 9 milyon tümən pul cəriməsi və 250 saat məcburi əməyə məhkum edilib.

Milli fəalın ilkin məhkəmənin çıxardığı hökmlə bağlı apellyasiya məhkəməsinə şikayət etmək hüququ var. Həmçinin İslam Respublikasının cinayət məcəlləsinə görə, məhkəmə tərəfindən verilən həbs cəzaları arasında ən ağır həbs hökmünün tətbiq edilməsi mümkündür ki, bununla milli fəala çıxarılan hökmə görə 4 il həbs cəzası tətbiq edilə bilər.

Davud Kabali oktyabrın 26-da Urmiyədə hökumətə qarşı etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş, bir aydan çox saxlandıqdan sonra dekabrın 11-də 400 milyon tümən girov müqabilində Urmiyə Mərkəzi Həbsxanasından müvəqqəti olaraq azad edilmişdi.

O, Urmiyə həbsxanasında saxlanıldığı zaman həbsxana və məhkəmə məmurları onun üçün buraxılan zəmanəti qəbul etməkdən imtina etdikləri üçün aclıq etmişdi.

Milli fəalın nəzarətdə saxlanıldığı müddətdə onun ailəsi və qohumları ilə telefon əlaqəsi saxlamaqdan məhrum edildiyi barədə məlumat yayılmışdı.

XS
SM
MD
LG