İran Azərbaycanının Urmiyə və Xoy şəhərlərində keçirilən etiraz aksiyaları zamanı həbs edilən 4 nəfərin müvəqqəti olaraq sərbəst buraxıldığı bildirilir.
Davud Kabali, Cavad Fəthli, Məhəmməd Hacılı və Aydın Möhsünnejad Urmiyə və Xoy həbsxanalarından zaminə buraxılıb.
Bölgədəki hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, dekabrın 11-də Urmiyə şəhərində həbs edilən milli fəal Davud Kabali 400 milyon tümənlik girov müqabilində Urmiyə Mərkəzi Həbsxanasından müvəqqəti olaraq azad edilib.
Davud Kabalinin müvəqqəti olaraq sərbəst buraxılması üçün buraxılan mülki zəmanətin qəbul edilmədiyi üçün onun həbsxanada aclıq aksiyası keçirdiyi barədə xəbər yayılmışdı.
Xoy şəhərində keçirilən etiraz aksiyaları zamanı həbs edilən digər etirazçı Məhəmməd Hacılı isə dekabrın 14-də bir milyard tümən girov müqabilində müvəqqəti olaraq məhkəmənin son qərarına qədər azadlığa buraxılıb.
Həmçinin Xoyda həbs edilən digər etirazçılar Cavad Fəthli və Aydın Möhsünnejad məhkəmə prosesi başa çatana qədər müvəqqəti olaraq zaminə buraxılıblar.
Keçən noyabr ayının 19-da Qərbi Azərbaycan vilayətinin şəhərlərindən olan Xoyda etiraz aksiyası keçirilib. Həmin aksiyada təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən etirazçıların bəzisinin hələ də nəzarət altında saxlanıdığı bildirilir.