Accessibility links

İctimai fəal Abid Qafarov cəzaçəkmə müəssisəsinə qaytarılıb


Abid Qafarov (Arxiv foto, mənbə VOA)
Abid Qafarov (Arxiv foto, mənbə VOA)

İctimai fəal Abid Qafarov iki gün əvvəl klinik ölüm keçirməsinə baxmayaraq, Penitensiar Xidmətın Müalicə Müəssisəsindən 14 saylı Cəzaçəkmə müəssisəsinə etap edilib.

Bu barədə "Müdafiə Xətti" təşkilatının icraçı direktoru Rüfət Səfərov bildirib.

Onun sözlərinə görə, dekabrın 24-də fəalın həyat yoldaşı Elnarə Qafarova 14 saylı Cəzaçəkmə müəssisəsində şüşə arxasından Abid Qafarovla görüşüb.

Qafarova görüşdən sonra bunları bildirib: "Abidin sifətinin sağ tərəfində hissiyyat yoxdur. Qulaqlarında səs-küy var. Başgicəllənmələri xeyli artıb. Abid təkidlə tələb edir ki, Müalicə Müəssisəsinə qaytarılsın, normal həkim müayinəsi, tibbi təminat olsun. Təsəvvür edin ki, Müalicə Müəssisəsində qaldığı müddətdə hər hansı diaqnoz qoyulmayıb, sadəcə, deyiblər ki, yaxşısan. Ailəmiz bilmir nə etsin, necə etsin," o qeyd edib.

"Bakı Birlik" ictimai təşkilatının rəhbəri və "Kim.tv" YouTube kanalının aparıcısı Abid Qafarov iyulun 13-də bir qrup Qarabağ müharibəsi veteranının şikayəti ilə bir il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Məhkəmə onu Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilib.

İddiaçılar - müharibə veteranları Qafarovun "itaətkar" olmamaq və özbaşınalığa müqavimət göstərmək çağırışını təhqir hesab ediblər.

Hüquq müdafiəçiləri hesab edirlər ki, Qafarovun həbsi "Tərtər İşi"ni, xüsusən təqsirsiz hərbi qulluqçuların həbsini və onlara işgəncə verilməsini tənqid edənlərin təqibi kampaniyasının davamıdır.

XS
SM
MD
LG