Accessibility links

Həbsdə olan ictimai fəalın klinik ölüm keçirdiyi bildirilir


Abid Qafarov (Mənbə VOA)
Abid Qafarov (Mənbə VOA)

Ailəsi həbsdə olan ictimai fəal Abid Qafarovun klinik ölüm keçirdiyi, Penitensiar Xidmət qan təzyiqinin düşdüyünü bildirib.

Abid Qafarovun həyat yoldaşı Elnarə Qafarova Amerikanın Səsinə müsahibəsində bildirib ki, hazırda Abid Qafarovun sağlamlıq durumu kafidir.

“O dünən müalicə müəssisəsində klinik ölüm keçirib. Əvvəlcə deyiblər ki, keçinib. Sonra reanimasiya şöbəsinə yerləşdiriblər. Orada ürək masajı ediblər, yenə oyanmayıb. Ürək masajından 5-6 dəqiqə sonra oyanmağa başlayıb. Özü bunları xatırlamır. Ona bunları danışıblar,” Elnarə Qafarova dekabrın 23-də həyat yoldaşı ilə telefon danışığından sonra Amerikanın Səsinə deyib.

Elnarə Qafarova: Abid Qafarov klinik ölüm keçirib
please wait

No media source currently available

0:00 0:02:38 0:00

Onun sözlərinə görə, Abid Qafarovu telefonla danışığa palata yoldaşları gətirib.

“O indi də özünü çox pis hiss edir. Dedi ki, bədəninin bir tərəfini hiss etmir. Üzünün də sol tərəfini hiss etmədiyini dedi. Əlində hissiyat çox az qalıb. Əli ilə nə isə tuta bilmir. Başında ağrılar, qulaqlarında küy var,” o qeyd edib.

Həyat yoldaşının sözlərinə görə, Abid Qafarov noyabrın 25-də 14 saylı Cəzaçəkmə müəssisəsindən müalicə müəssisəsinə köçürülüb.

“Cəzaçəkmə müəssisəsnid 10 günədək qızdırma içində saxlanılıb. Abid dəfələrlə mülaicə olunmasını desə də müalicə müəssisəsinə köçürülməyib. Onun temperaturu 41 dərcəyə yaxınlaşıb, qıcolma başalyıb. Cəzaçəkmə müəssisəsinin həkimi deyib ki, insult ola bilər. Bundan sonra noyabrın 25-də müalicə müəssisəsinə köçürülüb. Müalicə müəssisəsində müalicə olunmasına baxmayaraq deyirdi ki, axşamlar qızdırması qalxır, qan təzyiqi 60/40 idi. Dünən anidən yıxılıb və klinik ölüm keçirib”, Elnarə Qafarova Amerikanın Səsinə deyib.

Öz növbəsində Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Amerikanın Səsinə bildirib ki, Abid Qafarov klinik ölüm keçirməyib.

“Dünən onun qan təzyiqi aşağı düşüb. Həkimlər müdaxilə edib və hazırda sağlamlığı ilə bağlı hər hansı problemi yoxdur. Müalicəsi davam etdirilir. Bu gün qohumları da onunla görüşüb,” Sadıqov qeyd edib.

Bu il iyulun 13-də Bakının Yasamal Rayon Məhkəməsinin hökmü ilə "Bakı Birlik Təşkilatı" ictimai birliyinin sədri, KİM.TV YouTube kanalının aparıcısı, "Tərtər işi" üzrə ardıcıl araşdırma aparan Abid Qafarov 1 il müddətinə azadlıqdan məhrum edilib. O, çıxışlarında müharibə veteranlarına qarşı böhtan (cinayət məcəlləsinin 147-ci maddəsi) və təhqirdə (148-ci maddədə) ittiham edilib.

Abid Qafarovun həbsi ilə bağlı onun vəkili Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, müdafiə etdiyi şəxsin həbsində siyasi motivlər var. Elçin Sadıqov Abid Qafarovun həbsinin “Tərtər hadisələri” ilə bağlı araşdırmalarına görə olduğunu, buna görə hökumətin ondan qisas aldığını hesab edir.

“Təəssüf ki, ondan bu yolla qisas aldılar. Abid Qafarovun həm də öz fikrini ifadə etmək azadlığı pozulub, Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi buna təminat verilir. O, cümlədən Konvensiyanın 18-ci maddəsinin pozulduğunu hesab edirik, çünki bu təkcə ifadə azadlığının həyata keçirilən müdaxilə yox, siyasi bir müdaxilə idi”, o qeyd edib.

2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayaraq Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxsin həbs edildiyini bildirib. Birgə açıqlamada qeyd edilib ki, Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanılan bəzi şəxslərin dindirilmə zamanı işgəncə nəticəsində vəfat etdiyi ilə bağlı iddialar yayılıb. Baş Prokurorluq həmin iddiaların yer aldığı bəzi saytların rəhbərlərinə rəsmi olmayan məlumatları yaydıqlarına görə xəbərdarlıq edib.

Son illərdə 'Tərtər işi" ilə bağlı öldürülən, işgəncələrə məruz qalındığı iddia edilən, həbs edilən şəxslərin yaxınları istintaqın yekunlarına və məhkəmə hökmlərinə etiraz olaraq rəsmi qurumların binaları qarşısında çoxsaylı aksiyalar keçirib. Hüquq müdafiəçiləri, müxalif siyasi partiyalar hüquq-mühafizə orqanlarını və hökuməti obyektiv araşdırma aparmağa çağıran bəyanatlarla çıxış edib.

Rəsmi qurumlar bu prosesdə nə qədər şəxsin həbs edildiyi, onlardan ölən olub-olmadığı və məhkəmə qərarları ilə bağlı hər hansı açıqlama verməyib. Məhkəmə prosesləri də əsasən, qapalı keçirilib.

2021-ci il iyunun 26-da Avropa Şurası Parlament Assambleyasının 24 üzvü Azərbaycanda işgəncələrin araşdırılması təşəbbüsü ilə çıxış edib.

"2017-ci ildə Azərbaycanın cəbhə bölgələrindən olan 1000-dən çox hərbçi və mülki şəxs casusluqda və dövlət xəyanətində şübhəli bilinərək saxlanılıb. Onların barəsində 200-dən çox cinayət işi açılıb, onların çoxu işgəncələrə və qeyri-insani rəftara məruz qalıb. 2017-ci il mayın 1-dən 17-dək işgəncələr nəticəsində 11 nəfər ölüb.

25 nəfər işgəncə altında dindirmə zamanı əldə edilmiş məlumatlar əsasında dövlətə xəyanətə görə mühakimə olunub və yeddi ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İşgəncə altında qətlə yetirilmiş 11 nəfərdən 5-i ölümündən sonra bəraət alıb. Azərbaycan hakimiyyəti guya işgəncələrə və qeyri-insani rəftara məruz qalmış 135 nəfərdən yalnız 102-ni zərərçəkmiş kimi tanıyıb. Lakin heç kim dəyən zərərə görə kompensasiya almayıb", sənəddə deyilir.

Nəhayət, 2021-ci il noyabrın 1-də Azərbaycanın Hərbi Prokuroru Xanlar Vəliyev bildirib ki, "Tərtər işi"ndə təkcə işgəncə işi üzrə 100-dən çox şəxsə müxtəlif formada fiziki zorakılıq həyata keçirilib.

Baş Prokurorluq 16 dekabr 2021-ci ildə "Tərtər işi" üzrə istintaqın yenilənməsi barədə qərar qəbul edib. Bundan sonra aparılmış istintaqla həbsdə olan 19 nəfər azadlığa buraxılıb, onlardan 10 nəfərinə bəraət verilib, 405 nəfər zərərçəkən kimi tanınıb. Hazırda qanunsuz olaraq mühakimə edilənlərə bəraət verilməsi prosesi davam edir.

Bununla yanaşı, son aylarda işgəncələrdə və qanunsuz istintaqda iştirakı olan Müdafiə Nazirliyinin bir sıra zabitləri həbs edilib.

XS
SM
MD
LG