Azərbaycanlı vəkillər Sina Yusifi və Qasim Bodinin həbsindən sonra, hüquq müdafiəçiləri başqa bir azərbaycanlı vəkil Əmir Mehdipurun Təbrizdə həbs olunduğunu bildiriblər.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi məsələ ilə bağlı məlumatl olan bir mənbəyə istinadən xəbər verib ki, Mehdipurun saxlanıldığı təcridxananın yeri məlum deyil və ailəsi və yaxınları onun səhhətindən narahatdırlar.
Təbrizdə azərbaycanlı vəkillərin həbsindən əvvəl, Tehranda Mərkəz Vəkillər Kollegiyasının bir neçə digər vəkili ilə birlikdə başqa bir azərbaycanlı vəkil Məhəmmədrza Fəqihi həbs edilmişdi. Əmir Mehdipurun həbs edilməsilə indiyədək həbs olunan azərbaycanlı vəkillərin sayı 4-ə çatıb.
Təbrizdə həbs edilən vəkillərin Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının üzvləri olduqları və İranda kütləvi etirazlarda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan vətəndaşların hüquqlarını müdafiə etdikləri deyilir.
Keçmişdə Sina Yusifinin insan haqları vəkili kimi Təbriz və Tehranda azərbaycanlı fəalları məhkəmələrdə müdafiə etdiyi bildirilir.
İnsan hüquqları cəmiyyəti Ahraz təhlükəsizlik qüvvələri tərəfindən tutulan azərbaycanlı hüquqşünaslardan üçü, Sina Yusifi, Qasim Bodi və Əmir Mehdipura qarşı "rejim əleyhinə təbliğat aparmaq" ittihamı irəli sürüldüyünü bildirib.
Həmin insan haqları cəmiyyətinin verdiyi məlumata görə, vəkillərin işi Təbriz Ümumi və İnqilab Prokurorluğunun 1-ci şöbəsinə verilib və müvəqqəti olaraq azadlığa buraxılmaları üçün mülki zəmanət məbləği 100 milyon tümən olaraq müəyyən edilib.
Həmçinin Ahraz cəmiyyətinin Instagram səhifəsində yayımlanan məlumata görə, təhlükəsizlik qüvvələri Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının üzvü olan 15 azərbaycanlı vəkili həbs etmək niyyətindədir.