Accessibility links

Xarici İşlər Nazirliyi Azərbaycanda xarici media nümayəndələrinin akkreditasiya qaydalarını təsdiq edib


Xarici İşlər Nazirliyinin Kollegiyası “Azərbaycanda xarici media nümayəndələrinin akkreditasiyası Qaydaları”nı təsdiqləyib.

Sənəddə qeyd edilir ki, xarici media nümayəndələrinin akkreditasiyası “Media haqqında” Qanun, müvafiq dövlətlərarası müqavilələr və nazirliyin qaydaları ilə tənzimlənir.

“Media haqqında” Qanuna əsasən xarici media nümayəndələrinin Azərbaycanda akkreditasiyası Xarici İşlər Nazirliyi (XİN) tərəfindən həyata keçirilir.

Qanunda deyilir ki, Media Reyestrinə daxil edilmiş media nümayəndələrinin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin media nümayəndələrinə Azərbaycanda da eyni məhdudiyyətlər qoyula bilər.

Xarici media nümayəndələrinin akkreditasiyası üçün xarici media nümayəndəsinin təmsil etdiyi xarici media subyektinin rəhbərinin və ya onu əvəz edən şəxsin XİN-ə müraciət məktubu, xarici media nümayəndəsi tərəfindən doldurulmuş ərizə-anketi, rəngli fotoşəkil, xarici media nümayəndəsinin pasportu və ya digər sərhədkeçmə sənədinin (əgər xarici media nümayəndəsi Azərbaycanın vətəndaşıdırsa onun şəxsiyyət vəsiqəsinin) surəti, xidməti vəsiqənin (jurnalist vəsiqəsinin) surəti, tərcümeyi-hal tələb olunur.

Xarici media nümayəndələrinin akkreditasiyası barədə müraciətə 30 gün ərzində baxılır və baxılmanın nəticəsi müsbət olduğu təqdirdə, xarici media nümayəndələrinə akkreditasiya kartı verilir.

Akkreditasiya kartı etibarlı olduğu dövr ərzində onun sahibinə Azərbaycanda jurnalist və ya operator fəaliyyəti ilə məşğul olmaq hüququ verilir.

Xarici media nümayəndələrinin akkreditasiyası peşə fəaliyyətini həyata keçirmələri üçün 1 ildən artıq olmayan müddətə olur.

Xarici media nümayəndələri akkreditasiya müddəti bitəndən sonra akkreditasiya müddətinin uzadılması və ya yenidən akkreditasiya üçün XİN-ə müraciət edə bilərlər.

Azərbaycan Xarici İşlər Nazirliyi xarici media nümayəndələrinin akkreditasiyasından imtina da edə bilər. Belə ki, təqdim edilmiş sənədlər XİN-nin qaydalarına uyğun olmadıqda, saxta və ya yanlış məlumat təqdim edildikdə, xarici media nümayəndəsi Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq tələblərə riayət etmədən Azərbaycanın ərazisinə daxil olduqda və ya əvvəllər daxil olması barədə məlumatlar mövcud olduqda, xarici media nümayəndəsinin Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə, mənafeyinə və suverenliyinə qarşı fəaliyyəti aşkar edildikdə akkreditasiyadan imtina edilir.

XS
SM
MD
LG