Qarabağ Qazilər Birliyinin mətbuat xidmətinin rəhbəri, müharibə veteranı Rey Kərimoğlu Amerikanın Səsinə müsahibəsində müharibə iştirakçılarının intihar cəhdlərinin səbəblərindən danışıb.
Rey Kərimoğlu bildirib ki, müharibə veteranlarının intiharının birinci səbəbi müharibə faktorudur.
“İntihar hər bir fərdin psixoloji anıdır. Bu insanlar od-alov, çətinlik, insan faciəsini görüb. Yəni, müharibə kino deyil, başqa bir səhnədir.”
O, eyni zamanda Azərbaycanda icra strukturlarının idarəetməsində çox ciddi qüsurların olduğunu bildirir. Rayon icra hakimiyyətlərindən başlayarq nazirliklərə qədər idarəetmədə qüsurlar var.
“İcra strukturları bu insalarla xüsusi işləməlidir, normal münasibət qurulmalıdır. Münasibətlər düzgün qurulmur. Bəzən bir müharibə iştirakçısına hər şey edilir, başqa müharibə iştirakçısına heç nə edilmir. Yəni, hansı müharibə iştirakısı hüquqlarını səsli qaydada tələb edir, ona nə isə verirlər. Kim isə sakit durur, ona heç nə yoxdur. Bəzi müharibə iştirakçıları ki, özlərinə qapanıblar, hüquqlarını tələb etmirlər, onlar da zaman-zaman intihar edir.”
O hesab edir ki, ümumi bir qayda yaradılmalıdır ki, bütün müharibə iştirakçıları ilə eyni qaydada münasibət qurulsun.
“Qusar rayonunun bir dağ kəndində bir müharibə iştirakçısı intihar edib. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb, yaralanıb, çoxsaylı döyüş yoldaşları şəhid olub. Bu insanı bir dəfə belə bir icra nümayəndəsi axtarıb tapmayıb, qayğı göstərməyib. Halbuki bütün rayon icra hakimiyyətlərində xüsusi şöbə yaradılıb, şöbənin əməkdaşları var. Bir sözlə, intiharların birinci səbəbi psixolojidirsə, ikinci səbəb yaxşı idarəetmənin olmamasıdır.”
Kərimoğli Birinci Qarabağ müharibəsinin veteranıdır, o, döyüş meydanında ağır yaralanıb. Onun dediyinə görə, Birinci Qarabağ müharibəsindən sonra dövlətin müharibə iştirakçılarına kömək etməyə o qədər də imkanı olmayıb, lakin intiharlar indikindən az olub.
“O dövrdə ayda 18-20 dollar miqdarında pensiya alırdıq. Maddi təminat yaxşı deyildi. Amma o vaxt bu qədər intihar halı yox idi. O zamanlar 8 ilə 34 müharibə iştirakçılsı intihar etmişdi, bu gün isə son iki ildə 36 müharibə iştirakçısı intihar edib. Halbuki bu gün 15 min müharibə iştirakçısına əvəzsiz olaraq ev, 7 min civarında minik avtomobili verilib. Bu gün qazilərə 250 dollaradək pensiya verilir. Müxtəlif təminatlar da var. Amma psixoloji məqamlar və idaretmə məsələləri həll edilmədiyindən intihar halları azalmır.”
O hesab edir ki, ölkədə müharibə iştirakçıları ilə münasibətləri tənzimləyən vahid qanunvericilik aktı yoxdur. Bu münasibətləri nizamlayacaq vahid bir hökumət qurumu da olmalıdır.
“Azərbaycanda bu sahədə vahid bir qanunvericilik aktı yoxdur. Şəhid ailələrinin qanunvericlik aktı ayrıdır, Veteranlar haqqında qanun var, qazilər haqqında bir qanunvericilik aktı yoxdur, onlarla münasibətlər əlillər haqqındakı qanunvericiliklə qurulur. Bir də ayrı-ayrılıqda prezidentin fərman və sərəncamları var.”
Kərimoğlunun fikrincə, ölkədə müharibə iştirakçıları ilə münasibətləri nizamlayan vahid qanunvericlik aktı və vahid idarəetmə strukturu yaradılmalıdır.
“Bu intiharların səbəbi təkcə sosial məsələ deyil. Bunun arxasında başqa məsələlər də var. Bu hadisələr hüquq mühafizə orqanları tərəfindən araşdırılıb, hüquqi qiymət verilməlidir,” o qeyd edib.