Dekabrın 20-də Bakı Apellyasiya Məhkəməsində 162 saylı orta məktəbin şagirdi Elina Hacıyevanın ölümü ilə əlaqədar hökmdən verilən apellyasiya şikayətinin məhkəmə araşdırması olmadan aparılması barədə qərar verib.
Bu barədə qərar hakim Faiq Qasımovun sədrliyi ilə elan olunub.
Həm Elinanın anası Sevil Hüseynova, həm də məktəbin keçmiş direktoru Sevinc Abbasova hökmdən apellyasiya şikayəti verib.
Zərərçəkmiş tərəf direktora verilən cəzanın ağırlaşdırılmasını, onun həbsini tələb edir.
Sevinc Abbasova isə ona verilən azadlığın məhdudlaşdırılması cəzasıyla razı deyil. O, məktəblinin ölümündə günahı olmadığını deyir və bəraət istəyir.
Bugünkü məhkəmə prosesində Elinanın anasının vəkilləri şikayətlərinə qismən məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, əlavə sübutların araşdırılması) baxılmasını istəyiblər. Amma məhkəmə bu vəsatəti təmin etməyib.
Prosesdən sonra Elina Hacıyevanın nənəsi Solmaz Əsgərova jurnalistlərə bildirib ki,Sevinc Abbasovaya həbs cəzası verilməsində israrlıdırlar.
Abbasova özü məhkəmədən çıxarkən sualları cavablandırmaqdan imtina edib.
Vəkili Sadiq Bağırov bildirib ki, onlar ittihamların sübuta yetirilmədiyini hesab edir, buna görə də bəraət istəyirlər.
Öz növbəsində zərərçəkmiş tərəfin vəkili Azər Nağıyev məhkəmənin istintaqla aparılmamasından təəssüflənib.
“Təəssüf ki, bizi dinləmədən şikayətə məhkəmə istintaqı aparılmadan baxılmasına qərar verildi”
Prosesdən sonra gənc fəallar məhkəmənin binası qarşısında etiraz aksiyası keçirib. Özəlliklə sabiq direktor məhkəmə binasından çıxarkən gənc fəallar "Elinaya ədalət!" şüarını səsləndirməklə etirazlarını ifadə ediblər.
Məhkəmə baxışı yanvarın 8-nə təyin edilib.
Bakıda 162 saylı ümüumtəhsil məktəbində oxuyan Elina Hacıyeva bu il aprelin 4-də özünü məktəbin üçüncü mərtəbəsindən atıb, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da aprelin 6-da vəfat edib.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət bəsləndiyi qeyd olunur.
"Məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib,” Baş Prokurorluğun açıqlamasında belə yazılıb.