Səid Bakuvi azadlığa buraxılıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olan idmançı, qarışıq döyüş növləri üzrə Avropa çempionu Səid Məmmədzadə iyunun 22-də məhkəmə zalından azadlığa buraxılıb. Bakı Apelyasiya Məhkəməsində onun barəsində CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. İdmançıya Xətai rayon Məhkəməsinin verdiyi 3 il 6 aylıq həbs cəzası 2 il sınaq müddəti olmaqla şərti hesab olunub. Lakin apelyasiya məhkəməsindən həm AXCP üzvünün özü, həm də onun vəkilləri idmançıya bəraət istəyib. Səid Bakuvi ləqəbi ilə tanınan idmançı CM-in 221.3 (silah və ya silah qismində əşyadan istifadə olunmaqla xuliqanlıq) maddəsi ilə təqsirləndirilir. İddia olunur ki, avtoyuma məntəqəsində Rüfət Məcidov adlı şəxslə mübahisə edib, ona bıçaqla xəsarət yetirib. Məmmədzadə özü də günahsız olduğunu, siyasi baxışlarına görə böhtana məruz qaldığını vurğulayıb. Səid Məmmədzadə 2020-ci ilin mayında həbs edilib, iyulda isə ev dustaqlığına buraxılmışdı. O, aprelin 28-də Xətai rayon Məhkəməsində hökm elan ediləndə məhkəmə zalında həbs olunub.
Episodes
-
Yanvar 11, 2025
Qadın məhbuslar üçün aksiya keçirilir
-
Yanvar 11, 2025
Məktəblərdə yaradıcılıq kifayət qədər dəstəklənirmi?
-
Yanvar 10, 2025
Tofiq Yaqublunun məhkəməsində insident yaşanıb