Accessibility links

Xəzər məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclası olub


Xəzər məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclası olub
Xəzər məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclası olub

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun birinci iclasının kommünikesi qəbul edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, kommünikedə bildirilir ki, fevralın 19-20-də Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun birinci iclası keçirilib.

Danışıqlarda Azərbaycanın (rəhbəri - X.Xələfov), İranın (rəhbəri R. Ahari), Qazaxıstanın (rəhbəri Z.Amanjolova), Rusiyanın (rəhbəri İ.Bratçikov) və Türkmənistanın (rəhbəri M.Atacanov) nümayəndə heyətləri iştirak ediblər.

Xəzər regionunun xəritəsi
Xəzər regionunun xəritəsi

Tərəflər Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupu üçün prosedur qaydalarını qəbul edib. Beşinci Xəzər Sammitinin nəticələrinə dair əldə edilmiş razılaşmaların həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb, Xəzər dənizində əməkdaşlığın müxtəlif aspektləri nəzərdən keçirilib, eləcə də imzalanmış sazişlər üzrə dövlətdaxili proseduraların yerinə yetirilməsi, o cümlədən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiya prosesi barədə məlumat verilib. Xəzər dənizində düz çıxış xətlərinin müəyyən edilməsinin metodikası üzrə Saziş layihəsinin müddəaları müzakirə olunub. Layihənin bir sıra müddəaları razılaşdırılıb. Bu sənədin müzakirəsi davam etdiriləcək.

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclası bu ilin aprelində Qazaxıstanda keçiriləcək.

2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb.

Azərbaycan xarici işlər nazirnin müavini, Azərbaycanın Xəzərin hüquqi statusu üzrə işçi qrupunun rəhbəri Xələf Xələfov bildirib ki, konvensiyaya əsasən, xəzəryanı ölkələr suverenlik, suveren hüquqlar, müstəsna hüquqlar və yurisdiksiyalarını həyata keçirir.

Xəzər dənizi
Xəzər dənizi

“Xəzərin su səthində hər bir dövlətin 15 mil məsafədə milli zonası, 10 mil məsafədə balıqçılıq zonası müəyyən olunur. Qalan hissələr isə gəmiçilik və digər məqsədlər üçün ümumi istifadə üçün nəzərdə tutulur", Xələfov qeyd edib.

Nazir müavinin sözlərinə görə, dənizin dibi tamamilə üzbəüz və yanakı dövlətlər üçün sektorlara bölünür.

"Dənizin dibindən ümumi istifadə nəzərdə tutulmur. Boru kəmərlərinin və trans xətlərin çəkilməsi ilə bağlı hüquqlar təsbit olunub. Borular və digər trans xətlər çəkilərkən hansı ölkənin sektorundan keçəcəksə, həmin ölkə ilə ikitərəfli əsasda razılaşdırılacaq. Dənizlərin sektorlara bölünməsi ilə bağlı beynəlxalq hüququn müvafiq anlayışları var. Burada materik və materik ərazisinin davamı olaraq adalar da nəzərə alınır. Ölkələrin sərhədindən, sərhədin uzunluğundan asılı olaraq, razılaşdırılmış metod əsasında bölgü aparılacaq", o qeyd edib.

Nazir müavinin dediyinə görə, konvensiyada Xəzər dənizində gəmiçilik məsələləri, tərəflərin bir-birinə xələl gətirməyən hərbi balansının qorunması əsas götürülüb.

1992-ci ildən Xəzərin hüquqi statusu barədə konvensiya ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri başlayıb. Xəzərin hüquqi statusuna hər bir dövlət milli maraqlarından çıxış edərək fərqli yanaşıb.

1998-ci ilin iyulunda Moskvada Rusiya ilə Qazaxıstan arasında "Xəzərin Şimal hissəsinin dibinin bölünməsinə dair Birgə Saziş" imzalanıb.

2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında "Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi" haqqında üçtərəfli saziş imzalanıb və tərəflər, Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atıb. Üçtərəfli sazişə görə, orta xətt üzrə Xəzərin dibinin 18,7 faizi Rusiyanın, 19,5 faizi Azərbaycanın, 29,6 faizi Qazaxıstanın nəzarətində qalır.

Xəzər dənizi ilə Türkmənistanın 1200 kilometrlik sahil xətti mövcuddur. Türkmənistan 2005-ci ildən Xəzər dənizinin orta xətt boyunca bölünməsini təklif etsə də, Azərbaycanla bır sıra istiqamətlərdə razılıq əldə edə bilməyib.

Türkmənistan tərəfi iddia edir ki, Xəzər orta xətt prinsipi ilə bölünməlidir və bu dövlətlər arasında sərhəd rolunu oynamalıdır. Aşqabad hesab edir ki, Xəzərin Türkmənistanla Azərbaycan arasında bölünməsi zamanı Abşeron yarımadası və Çilov adası nəzərə alınmamalıdır. Təbii ki, Azərbaycan tərəfi bu prinsiplə razılaşmır.

İran 1921 və 1940-cı illər müqaviləsinə əsaslanaraq Xəzər dənizinin tərəflər arasında 20 faiz üzrə bərabər bölüşdürülməsini tələb edir. İran tərəfi Xəzər dənizinin quru sərhədlərindən başlayaraq dövlətlər arasında orta xətt boyunca bölüşdürülməsinin qəti əleyhdarıdır. Digər 4 Xəzəryanı dövlət onun bu mövqeyini dəstəkləmir. İran da Rusiya kimi xarici ölkələrin hərbi gəmilərinin Xəzər dənizində hərəkət etməsinin qadağan olunmasını dəstəkləyir.

Bununla yanaşı, tərəflər Xəzərin ekologiyası, su səthindən ümumi istifadə, terrorizmə, qaçaqmalçılığa qarşı birgə mübarizə ilə bağlı razılıqlar əldə ediblər.

Göründüyü kimi dənizin şimalında Rusiya, Qazaxıstan və Azərbaycan müəyyən razılıqlar əldə etsə də cənub hissəsində problemlər qalmaqdadır. Belə ki, Azərbaycan, İran və Türkmənistan arasında dəniz dibinin bölünməsi ilə bağlı problemlər hələ həllini tapmayıb. Eyni zamanda, Türkmənistanın İranın bölgü prinsipi ilə də problemləri yaşanır. Azərbaycan təklif edib ki, Xəzərin hüququ statusu tam həllini tapanadək Türkmənistan və İranla mübahisə doğuran neft-qaz yataqlarında hər hansı iş aparılmasın.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG