Accessibility links

Xələf Xələfov: Konvensiya Azərbaycanın dənizdə xarici şirkətlərlə əməkdaşlığının genişləndirilməsinə imkan yaradır


Xələf Xələfov
Xələf Xələfov

"Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya ölkəmizin maraqlarına tam cavab verməklə, onun dənizdə həyata keçirdiyi karbohidrogen hasilatı ilə bağlı layihələrinin, eləcə də digər növ təsərrüfat-iqtisadi fəaliyyətlərinin davamlılığını və təhlükəsizliyini təmin edir".

Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov AZƏRTAC dövlət agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, sənəd bu tip fəaliyyətlərin həyata keçirilməsini nəinki məhdudlaşdırmır, hətta onların daha da genişləndirilməsinə münbit zəmin yaradır.

"Konvensiyada dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi təməl prinsiplərdən biri kimi müəyyən olunub".

"Sənəddə Xəzər dənizinin dibinin beynəlxalq hüququn norma və prinsipləri nəzərə alınmaqla sektorlara bölünməsi qaydası təsdiq olunur, sektorlarda aparılan təsərrüfat-iqtisadi fəaliyyətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə orada yerləşən təsərrüfat obyektlərinin müvafiq təhlükəsizlik zonalarına malik olduğunu göstərir. Bundan başqa, Konvensiya hər bir dövlət üçün onların suveren və müstəsna hüquqlara malik olduğu ərazi suları və balıqçılıq zonalarını müəyyənləşdirir. Həmçinin Konvensiya Xəzər dənizində gəmiçilik və ticarətin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən dəniz üzgüçülüyünün azadlığı və təhlükəsizliyinin təmin olunması prinsiplərini təsbit edir".

Xəzər dənizi
Xəzər dənizi

Nazir müavinin fikrincə Xəzər dənizi beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına yönəlmiş bir sıra layihələrdə mühüm rol oynayır. Bu səbəbdən Xəzərin tranzit potensialının həyata keçirilməsinin vacibliyi Konvensiyada da nəzərə alınıb.

"Belə ki, Konvensiya dəniz üzgüçülüyünün azadlığını müəyyən etməklə, Xəzər dənizindən digər dənizlərə və tranzit ölkənin suveren hüquqları nəzərə alınmaqla dünya okeanına sərbəst çıxış hüququnu, eləcə də tərəflərin limanlarına azad giriş-çıxışını tanıyır. Bildiyiniz kimi, Azərbaycan üçün Xəzər dənizində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi hər zaman böyük əhəmiyyət kəsb edib. Bu baxımdan, Konvensiya dənizdə həyata keçirilən layihələrin icrası ilə əlaqədar olaraq Azərbaycanın xarici şirkətlər və korporasiyalarla əməkdaşlığını tanıyır və onun davam etdirilməsinə və genişləndirilməsinə imkan yaradır", o qeyd edib.

Xələfovun dediyinə görə, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya sahilyanı dövlətlərin dənizin dibi ilə kabel və boru kəmərlərini çəkmək hüququnu tanıyır.

Cənub Qaz Dəhlizi
Cənub Qaz Dəhlizi

"Bu zaman belə boru kəmərlərinin keçəcəyi yollar yalnız onun keçəcəyi sektorun məxsus olduğu sahilyanı dövlətlə razılaşdırılır. Eyni zamanda belə layihələr sahilyanı dövlətlərin tərəfi olduğu ekologiya sahəsində beynəlxalq sənədlərə uyğun olmalıdır. Konvensiyanın bununla bağlı müddəaları Xəzər dənizi regionunda Azərbaycanın da iştirak etdiyi mövcud layihələrin inkişafı və genişləndirilməsində böyük rol oynayacaq və ölkəmiz üçün yeni perspektivlər yaradacaq", o qeyd edib.

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb.

1992-ci ildən Xəzərin hüquqi statusu barədə konvensiya ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri başlayıb.

Xəzərin hüquqi statusuna hər bir dövlət milli maraqlarından çıxış edərək fərqli yanaşıb.

1998-ci ilin iyulunda Moskvada Rusiya ilə Qazaxıstan arasında "Xəzərin Şimal hissəsinin dibinin bölünməsinə dair Birgə Saziş" imzalanıb.

Xəzər regionunun xəritəsi
Xəzər regionunun xəritəsi

2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında "Xəzərin dibinin orta xətt üzrə milli sektrlara bölünməsi, su səthinin ümumi istifadəsi" haqqında üçtərəfli saziş imzalanıb və tərəflər, Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atıb. Üçtərəfli sazişə görə, orta xətt üzrə Xəzərin dibinin 18,7 faizi Rusiyanın, 19,5 faizi Azərbaycanın, 29,6 faizi Qazaxıstanın nəzarətində qalır.

Xəzər dənizi ilə Türkmənistanın 1200 kilometrlik sahil xətti mövcuddur. Türkmənistan 2005-ci ildən Xəzər dənizinin orta xətt boyunca bölünməsini təklif etsə də, Azərbaycanla bır sıra istiqamətlərdə razılıq əldə edə bilməyib.

Türkmənistan tərəfi iddia edir ki, Xəzər orta xətt prinsipi ilə bölünməlidir və bu dövlətlər arasında sərhəd rolunu oynamalıdır. Aşqabad hesab edir ki, Xəzərin Türkmənistanla Azərbaycan arasında bölünməsi zamanı Abşeron yarımadası və Çilov adası nəzərə alınmamalıdır. Təbii ki, Azərbaycan tərəfi bu prinsiplə razılaşmır.

İran 1921 və 1940-cı illər müqaviləsinə əsaslanaraq Xəzər dənizinin tərəflər arasında 20 faiz üzrə bərabər bölüşdürülməsini tələb edir. İran tərəfi Xəzər dənizinin quru sərhədlərindən başlayaraq dövlətlər arasında orta xətt boyunca bölüşdürülməsinin qəti əleyhdarıdır. Digər 4 Xəzəryanı dövlət onun bu mövqeyini dəstəkləmir. İran da Rusiya kimi xarici ölkələrin hərbi gəmilərinin Xəzər dənizində hərəkət etməsinin qadağan olunmasını dəstəkləyir.

Bununla yanaşı, tərəflər Xəzərin ekologiyası, su səthindən ümumi istifadə, terrorizmə, qaçaqmalçılığa qarşı birgə mübarizə ilə bağlı razılıqlar əldə ediblər.

Göründüyü kimi dənizin şimalında Rusiya, Qazaxıstan və Azərbaycan müəyyən razılıqlar əldə etsə də cənub hissəsində problemlər qalmaqdadır. Belə ki, Azərbaycan, İran və Türkmənistan arasında dəniz dibinin bölünməsi ilə bağlı problemlər hələ həllini tapmayıb. Eyni zamanda, Türkmənistanın İranın bölgü prinsipi ilə də problemləri yaşanır. Azərbaycan təklif edib ki, Xəzərin hüququ statusu tam həllini tapanadək Türkmənistan və İranla mübahisə doğuran neft-qaz yataqlarında hər hansı iş aparılmasın.

XS
SM
MD
LG