Accessibility links

Əhməd Əlili: Rusiya və İran Xəzərdə hərbi aspektlər üzərinə fokuslanıb [Video-müsahibə]


Əhməd Əlili: Rusiya və İran Xəzərdə hərbi aspektlər üzərinə fokuslanıb
please wait

No media source currently available

0:00 0:08:19 0:00

Beynəlxalq idarəetmə üzrə ekspertin Amerikanın Səsinə müsahibəsi

Beynəlxalq idarəetmə üzrə ekspert Əhməd Əlili Amerikanın Səsinə müsahibəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın regiona təsirlərindən danışıb.

Amerikanın Səsi: Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması sahilyanı dövlətlər arasındakı əvvəlki fikir ayrılıqlarına son qoya biləcəkmi?

Xəzərin hüquqi statusu ilə bağlı sənədin imzalanması Rusiya və İran üçün çox vacib məsələyə çevrilmişdi. Ona görə də onlar bu müqaviləyə imza atdılar.

Əhməd Əlili: Konvensiyanın imzalanması göstərir ki, artıq fikir ayrılıqları aradan qalxmaqdadır. Bu Xəzərin səthinin bölünməsi ilə bağlı prinsipial qərardır və bir müddətdən sonra dənizin dibinin bölünməsi ilə bağlı da qərar gözlənilir. Bu onu göstərir ki, artıq tərəflər öz aralarında olan fikir ayrılığını tədricən aradan qaldırmaqdadır. Orada ən böyük fikir ayrılığı Rusiya və İranın mövqeyi ilə bağlı idi. Vaxt keçdikcə Rusiya və İranın prioritetləri bir qədər dəyişdi və onlar Xəzər hövzəsində təhlükəsizlik və hərbi əməkdaşlıq məsələlərinə daha çox önəm verməyə başladılar. Ona görə də onlar prioritetləri bir qədər ayrı istiqamətdə qurduqları üçün Xəzərin hüquqi statusu ilə bağlı artıq ayrı məsələlərə önəm verməyə başladılar. Yəni, ilkin dövrlərdə Rusiya Avropada qazla bağlı monopolist mövqeyini qoruyub saxlamaqda maraqlı idi, ona görə də Xəzər hövzəsində olan ölkələrə bu sahədə iş görməyə mane olurdu. Son illər baş verən dəyişikliklər, xüsusi ilə də ABŞ şist qazının Avropa bazarlarına daxil olma ehtimalı, həmçinin Türkmənistan qazının və Qazaxıstan neftinin şərqə, Çinə doğru axma ehtimalının olması Rusiyaya göstərdi ki, bu cür monopolist mövqeyini qoruyub saxlaya bilməyəcək. Əvəzində isə Suriya münaqişəsi kimi məsələlər meydana çıxdı, İran-Rusiya əməkdaşlığına ciddi ehtiyac yarandı. Həmçinin bir çox dini radikal qrupların Mərkəzi Asiyada və iranətrafı regionlarda konsentrasiyası (cəmləşməsi-red) məsələləri meydana çıxdı. Bu həm Rusiyanın, həm də İranın maraqlarına cavab verən məsələ idi ki, onlar təcili surətdə regionda olan bütün qeyri-müəyyənlikləri aradan qaldırsınlar və öz hərbi əməkdaşlıqları üçün yeni perspektivlər açsınlar. O baxımdan, Xəzərin hüquqi statusu ilə bağlı sənədin imzalanması Rusiya və İran üçün çox vacib məsələyə çevrilmişdi. Ona görə də onlar bu müqaviləyə imza atdılar.

Amerikanın Səsi: Konvensiyada Xəzər sülh və əməkdaşlıq hövzəsi elan edilib. Amma, Rusiya hərbi donanmanın genişləndirilməsindən danışır, İran qərbin Xəzərdə hərbi baza yaratmasının qarşısının alındığını bildirir. Azərbaycan, Qazaxıstan və Türkmənistan isə hövzədə beynəlxalq iqtisadi əməkdaşlığın genişlənməsinə yeni imkanlar yarandığını bəyan edir. Belə bəyanatlar şəraitində konvensiyanın həyata keçirilməsi nə qədər real ola bilər?

Azərbaycan, Qazaxıstan, Türkmənistan daha çox iqtisadi aspektlər üzərinə fokuslanır, Rusiya və İran isə hərbi aspektlər üzərinə fokuslanır.

Əhməd Əlili: Burada hər bir ölkə öz maraqlarından çıxış edir. Vurğuladığım kimi Rusiya və İran daha çox hərbi əməkdaşlıqda, Xəzərin təhlükəsizliyi məsələlərində maraqlıdır. Azərbaycan, Qazaxıstan və Türkmənistan isə daha çox iqtisadi əməkdaşlıq məsələlərində maraqlıdır. Ona görə də Azərbaycan, Qazaxıstan, Türkmənistan daha çox iqtisadi aspektlər üzərinə fokuslanır, Rusiya və İran isə hərbi aspektlər üzərinə fokuslanır. Qlobal dəyişikliklər və regionda baş verən dəyişikliklər fonunda Xəzərin bölgüsü zamanı İran və Rusiyanın artıq birbaşa nəqliyyat xətti meydana çıxdı. Yəni əvvəlki illərdə Rusiyadan çıxan gəminin İrana çatması üçün mütləq Qazaxıstan, Türkmənistan və Azərbaycan sektorlarından keçməli idi. İndiki halda isə ümumi su səthi müəyyən olunub ki, həmin səthlə Rusiya maneəsiz olaraq İrana, İran isə maneəsiz olaraq Rusiyaya çıxış əldə edib. O baxımdan, Rusiya və İran digər dövlətlərin razılığını ala bildilər ki, Xəzərdə sahilyanı dövlətlərdən başqa dövlətlərin hərbi maraqları təmsil olunmayacaq. Bu xüsusilə də indiki şəraitdə Rusiya və İran üçün çox prinsipial bir məqamdır. Azərbaycan, Qazaxıstan, Türkmənistan isə regionda iqtisadi layihələrin icrasının genişləndirilməsində çox maraqlıdır. Qazaxıstan və Azərbaycan Şərq-Qərb tranzit xətti üzərindədir. Türkmənistan isə TAP (Trans Adriatic Pipeline- Trans-Adriatik Kəməri), TANAP (Trans-Anatolian Natural Gas Pipeline - Trans-Anadolu Qaz Boru Kəməri) layihəsinə qoşularaq Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropa bazarına qaz çıxarmaq imkanına malikdir. Ona görə də hər bir ölkə konvensiyaya imza atarkən öz maraqlarından çıxış edərək addım atdı.

Amerikanın Səsi: Rusiya Xəzərdə kəmər çəkilişi zamanı sahilyanı dövlətlərin razılığının vacibliyini deyib. Belə olan halda Xəzərdə gələcəkdə kəmərlərin çəkilməsi və müxtəlif təyinatlı yüklərin daşınması nə qədər real görünür? Rusiya Qara dənizdə kəmər çəkilişi zamanı bu normaya əməl edirmi?

Rusiya bir müddətdən sonra Xəzərdə olan enerji layihələrində iştirakını bu və ya digər formada gözaltı edib.

Əhməd Əlili: Rusiya Xəzərin dibi ilə kəmər çəkilməsi məsələsində əvvəl daha kəskin mövqe nümayiş etdirirdi. Konvensiya imzalanandan sonra bəlli oldu ki, Türkmənistan və Azərbaycan əgər qaz kəmərinin çəkilməsini istəyirlərsə bununla bağlı yalnız Türkmənistan və Azərbaycanın razılığı yetər. Rusiya yalnız və yalnız Xəzərin ekoloji durumunu bəhanə gətirərək kəmərin tikintisinə mane ola bilər. Amma, bu halda ekoloji durumla bağlı istənilən beynəlxalq audit qrupu müsbət rəy verərsə Rusiyanın etirazı üçün hər hansı formada əsas qalmır. Başqa sözlə, konvensiya imzalandıqdan sonra Xəzərdə kəmərlərin çəkilməsi zamanı Rusiyanın iddiaları olarsa kəmərin çəkiliş xərcləri arta bilər. Amma, hər hansı bir formada maneçilik törədə bilməz. Nəzərə almaq lazımdır ki, son bir ildə Rusiya Azərbaycanla bağlı çox pozitiv bir mövqe tutub. Xüsusilə də Ermənistanda baş verən proseslər fonunda Rusiya Azərbaycanla bağlı çox pozitiv bəyanatlar səsləndirir. Putinin TAP və TANAP-la bağlı pozitiv notda səsləndirdiyi fikirlər xüsusilə vurğulanmalı olan fikirlərdir. Bu onu göstərdi ki, Rusiya bir müddətdən sonra Xəzərdə olan enerji layihələrində iştirakını bu və ya digər formada gözaltı edib. Rusiyanın yeganə arzulamadığı ssenari burada xarici ölkələrin, xüsusilə qərb ölkələrinin hərbi bazalarının yerləşməsidir. Bu daha çox Qazaxıstanın ABŞ-la hərbi əməkdaşlıq etməsinə aiddir, bir çox limanlarında ABŞ hərbçilərinin yerləşdirilıməsi ilə bağlı Qazaxıstan Amerikaya söz verib. Rusiya bunun qarşısını almağa çalışır. Görünür konvensiya zamanı ölkələr bu məsələ ilə bağlı müəyyən öhdəlik götürüblər. Amma, yüklərin tranziti ilə bağlı hər hansı bir məhdudiyyət qoyulmur. Azərbaycan Əfqanıstandan çıxan yüklərin daşınmasında daim iştirak edib və bundan sonra da iştirak etmək niyyətindədir. Bu Azərbaycan üçün çox strateji məsələdir və Azərbaycanın bu məsələdən imtina edəcəyini düşünmürəm. Azərbaycan daim Rusiya təyyarələri və Rusiyadan Suriyaya gedən hərbi yüklərlə bağlı həssaslıq nümayiş etdirib. Fikir versəniz, Suriya müharibəsinin aktiv fazasında Rusiyadan çıxan bütün təyyarələr Xəzərdə Azərbaycanın sektoruna daxil olmadan İran üzərindən İraq və daha sonra Suriya istiqamətində uçurdular. İndiki dövrdə isə ümumi su səthinin meydana çıxmasından sonra Rusiya ümumi su səthi vasitəsi ilə problemsiz olaraq öz hərbi gəmilərinin üzməsini təmin edib və təyyarələrini bu keçiddən istifadə etməklə İran üzərindən Yaxın Şərq ölkələrinə göndərə biləcək.

XS
SM
MD
LG