“Qərb demokratiyalarının mətin və qətiyyətli ölçüləri sayəsində qəddar və aqressiv diktatura müflisləşmə və viran həddinə yaxınlaşıb. Qəfildən yeni lider peyda olur. O, sələflərindən fərqli görünür – daha insani, daha humanist. O, başqa cür danışır, başqa cür davranır,” deyə Şaranski Sovet İttifaqı ilə İran arasında parallel çəkir. Belə hallarda kənar müşahidəçilər dərhal rəftarı dəyişməyə, qarşıdurmanı əməkdaşlıqla əvəzləməyə çağırırlar. Onlar xəbərdarlıq edirlər ki, bu yeni lider daxildən ciddi təzyiqlərlə üzləşir və biz onun yerini rahat etmək, gücləndirmək üçün lazım olduğundan xeyli çox güzəştə getməliyik. Sabiq dissidentin fikrincə bu cür reaksiyalar nə qədər gözlənilən olsa da bir o qədər qədər aldadıcı və qeyri-məhsuldardır. O, bu qəbildən olan çağırışları Mixail Qorbaçovun hakimiyyətə gəldiyi ilk illərdə də eşitdiyini və o zaman da həmin adamların yanlış olduğunu bildirir.
“Bu gün İranda olduğu kimi, Sovet İttifaqında iqtisadi və siyasi böhran real idi. Sistemə həm daxildən, həm də xaricdən güclü təzyiq var idi. Böyük problemlərlə üzləşən Moskva həm hakimiyyəti, həm də beynəlxalq arenada superqüdrət kimi statusunu qoruyub saxlamağa çalışırdı. Ölkəsinin düşdüyü situasiyanı anlayan Qorbaçov söz azadlığına qoyulmuş məhdudiyyətləri nisbətən aradan qaldırdı. O, bir çox siyasi məhbusları buraxdı və azad mühacirətə şərait yaradacağına vədlər verdi.” Amma Şaranskinin fikrincə bu ölçülər Sovet İttifaqını kökündən dəyişməyə deyil, onu qoruyub saxlamağa yönəlmişdi. Bir çox Qərb siyasiləri bunu nəzərdən qaçıraraq dərhal Sovet İttifaqına qoyulan sanksiyaları aradan qaldırmağa, dərhal iqtisadi əməkdaşlığı gücləndirməyə çağırırdılar. Başqa mövqe sərgiləyən hər kəsə “müharibə tərəfdarı” damğası vururdular. Xoşbəxtlikdən, həmin o “müharibə tərəfdarlarından” biri Ronald Reyqan idi ki, başqa realist senator Henri Ceksonla birlikdə onlar anlayırdılar ki, konkret Sovet islahatlarına dair dəlil olmadan hansısa güzəştə getməyin mənası yoxdur. Bu həmin Cəkson idi ki, onun 1974-cü ildə qəbul etdirdiyi qanun iqtisadi güzəştləri real, yoxlanıla biləcək islahatlara bağlayırdı.
İnsanları fundamental siyasi-sosial hüquqlardan məhrum edən, qadınlarla yarıminsan kimi rəftar edən, milli azlıqlara qarşı aryıseçkilik siyasəti yürüdən, bütün dünya boyu terror qruplaşmalarına dəstək verən, Bəşar əl-Əsəd kimi anti-bəşəri bir şəxsi hakimiyyətdə saxlayan siyasi quruluşun nə vaxtsa normal dövlətə çevrilmə şansları İranın fiqurlu konkisürmə üzrə dünya çempionu olacağı qədər realdır.
“1987-ci ildə Qorbaçovun Vaşinqtona ilk səfəri ərəfəsində mən və başqa amerikalı yəhudilər etiraz aksiyası planlaşdıranda bizə deyirdilər ki, bu addım Qorbaçovu və Sovet cəmiyyətini narazı salacaq, onları təhqir edcəcək. Həmin vaxt akademik Andrey Saxarovu və mənim kimi bir çoxlarını azadlığa buraxmış Qorbaçov o qədər popuyar idi ki, ona qarşı hər hansı bir protest tənqid olunurdu,” deyə Şaranski xatırlayır. Amma o vaxt buna yaxşı münasibət bəsləyənlər də var idi. Onlardan biri Ağ Evin sahibi idi. Etiraz aksiyası ABŞ prezidenti Ronald Reyqana Qorbaçova mühüm bir məqamı anlatmağa zəmin yaratmışdı. Prezident Reyqan Qorbaçova deyə bilərdi: “Bax görürsən, mənim xalqım səndən bundan az tələb etməyimə razı deyil. Ona görə də dəmir pərdələri açmalısan!”
Yaxşı yadımdadır, 1980-ci illərdə “insan sifətli sosializm” şüarı yaman populyarlaşmışdı. Mixail Qorbaçovun gətirdiyi aşkarlıq cəmiyyətin mənfi aspektlərinin tənqidini dəbə salmışdı. Qəzet və jurnallar Stalin repressiyalarının dəhşətlərini şövqlə oxucularla paylaşırdılar. Amma nədənsə məqalənin ya əvvəlində, ya ortasında, ya da sonunda, müəllif bütün baş verənlərə baxmayaraq özünün mətin kommunist qaldığını bəyan edərdi. Bu pafoslu bəyanatla təsvir edilən situasiya arasında koqnitiv dissonans, rabitəsizlik, qeyri-səmimilik aydın sezilirdi. Hiss olunurdu ki, müəllif bir-birinə daban-dabana zidd ideyaları – kommunizmin ən ideal cəmiyyət olması ilə başına gələn reallıqları birləşdirib ortaya qeyri-mümkün bir hekayə xətti qoymağa çalışır, amma heç cür alınmır. Qorbaçovun yenidən qurmağa çalışdığı sistem heç nəyə yaramırdı. Marksizim-Leninizmin ortaya qoyduğu cəmiyyət fəlsəfəsi sadəcə insanları ac-yalavac qul toplumuna çevirmək funksiyası daşıyırdı. Oradan yaxşı heç nə baş vura bilməzdi. Ona görə də vurmurdu. Bütün bunlara baxmyaraq Mixail Qorbaçov həmin o yazıların müəllifləri kimi cidd-cəhdlə kommunizm ideyasının aktuallığını sübut etməyə çalışırdı.
“Görəsən, Azad Dünya medianın tərif atəşinə tutduğu diktatura ilə qısa müddətli razılığa o qədər aludə olub ki, məqamın yetişdirdiyi həqiqi imkanı əldən qaçıracaq?” Şaranski sual edir. “Görəsən Ruhani yeni Qorbaçov olacaq? Çətin. Amma əgər bu, baş tutsa, ona görə baş tutacaq ki, biz Qorbaçova olan kimi Ruhaniyə yardım edəcəyik – öz prinsiplərimizə sadiq qalmaqla və qətiyyətlə ona özünü və təmsil etdiyi rejimi məhv etməyə, öz insanlarına və bütövlükdə bəşəriyyətə uzun illər divan tumuş bu qəddar siyasi quruluşa son qoymağa yardım etməklə.” Azərbaycan türkcəsində isə belə situasiyanı təsvir etmək üçün daha lakonik ifadə var: “Qozbeli qəbir düzəldər.”