İnkişaf etmiş cəmiyyətlə geridəqalmış cəmiyyət arasındakı fərqi tanınmış amerikalı politoloq Eduard Banfield ailə maraqlarının cəmiyyət maraqları ilə toqquşduğu məkanda axtarir. 1955-ci ildə İtaliyanın cənubundakı Monteqrano (əsl adı Chiaramonte Gulfi) kəndində bir müddət vaxt keçirən politoloqun gəldiyi qənaətlər üstündən nə qədər vaxt keçsə də kifayət qədər maraq doğurur. Geridəqalmış Cəmiyyətin Əxlaqi Əsasları kitabında Banfield bir kəndi mikrokozm kimi götürərərk uğursuz cəmiyyətin portretini çəkir. Müəllifin tablosu cənubi İtaliya mədəniyyəti, fırçası isə “amoral ailəçilik” adlandırdığı anlamdır. “Amoral ailəçilik” deyəndə Banfield ən dar mənada ailə maraqlarından savayı ümumi fəaliyyət sərgiləyə bilməmək problemini nəzərdə tutur. Bu mühitdə insanları yalnız özləri və ən yaxın ailə üzvləri düşündürür. Geniş anlamda ətraf cəmiyyət və toplumun rifahı onların vecinə deyil.
Monteqranonun 3,400 nəfər əhalisi var. Buranın sakinləri əsasən fermer yaxud günəmuzd işləyən adamlardır. Bu kənddə qəzet dərc olunmur. Rəsmi elanlar hökumətin inhisarında olan tənbəki dükanında divara vurulur. Şəhərin 20-25 nəfərlik elitası bütün günü bir yerə yığışıb domino oynamaqla vaxt keçirir. Bundan savayı onlar heç bir faydalı işlə məğul olmurlar. Monteqranonun tacirləri bilirlər ki, kəndə yol lazımdır. Amma heç kim uzaq hökumət idarəsinə məktub yazmır, çünki çoxları haqlı olaraq hesab edir ki, bunun xeyri yoxdur. Monteqranoda heç bir xeyriyyəçi təşkilat yoxdur. Rahibələrin idarə etdiyi yetimxana dövlət tərəfindən maliyyələşir. Kənd əhalisi buraya bir qəpik də ianə vermir. Kənddə iki kilsə var ki, onlardan birinə siciliyalı kəndlinin oğlu, o birisinə varlı tacirin oğlu başçılıq edir. Bu kilsələrin xeyriyyə işləri ilə heç bir əlaqəsi yoxdur. Bazar günü moizə zamanı gəzdirilən ianə boşqabına çoxları pul atmır, atan da adətən yarım sentdən çox pul qıymır. Yaxşı iş görmək istəyən adamı da hamı şübhə və ya paxıllıqla qarşılayır. “Hətta müqəddəslər də təvazökarlıqlarına baxmayaraq ancaq özlərinin qayğısına qalırdılar. Hər halda insan çiy süd əmib,” deyə gənc müəllim kənddə altruizmin yoxluğunu izah edir.
Ola bilsin Monteqrano kəndinin bərbad durumunu başqa ənənəvi səbəblərlə izah etmək olar: Məsələn, Monteqranoluların çoxu kasıbdır, yeməyə çörəkdən başqa bir şey tapmırlar. Yoxsul adamların dolanışıq qayğılarından başqa heş nəyə vaxtı çatmır. Yaxud, kəndli savadsızdır, heç nə qanmır. Biliksiz adamlar toplumundan bundan artıq nə gözləmək olar. Marksistlər deyə bilərlər ki, kənd sinfi mübarizənin qurbanıdır. Belə ki, yuxarı sinif aşağı sinfi əsarətdə saxlayır, onlara dirçəlməyə imkan vermir. Kommunist deyər ki, torpağı olan kəndlilər status-kvonu qorumaqda maraqlıdırlar; ona görə də kollektiv əməl mümkün deyil. Tarixçilər iddia edə bilərlər ki, əsrlər boyu insanlara edilən zülm onları impotent hala salıb – zavallılar indiyədək də özlərinə gələ bilməyiblər. Amma Banfield-in gözündə bunlar səbəbdən daha çox bəhanə xarakteri daşıyır. Bu insanlar öz rifahlarını yaxşılaşdırmaq üçün əllərində olan imkanlardan belə yararlanmırlar. Onları bərbad duruma salan təkcə obyektiv faktorlar yox, həyata münasibət, əxlaqi dəyərlər, ümumi mədəniyyətdir. Fakt budur ki, sökülmüş məktəb divarını təmir etmək, yaxud qabığı soyulmuş kilsə qapısını rəngləmək üçün Monteqranolularda kifayət qədər vaxt və bacarıq var. Amma heç kim bunu etmir, əvəzində hamı kimisə günahlandırmağa, qeyri-effektiv hökumətdən şikayət etməyə üstünlük verir.
Çalşqan məmur ağ milçək kimi nadirdir... Ölkənin prezidentindən tutmuş ən adi italiyanadək insanlarda heç bir borc hissi yoxdur – ələlxsus məhsuldar iş görmək üçün borc hissi. Monteqranoda məktəb müəllimlərində işə həvəs yoxdur. Müəllim üçün işə gəlməmək, yaxud gecikmək adi hal alıb.
İtaliyanın cənubunda bürokrat etinasızlığı normadır. “Çalşqan məmur ağ milçək kimi nadirdir,” deyə 49 il hökumət qulluğunda çalışmış adam dillənir. Ölkənin prezidentindən tutmuş ən adi italiyanadək insanlarda heç bir borc hissi yoxdur – ələlxsus məhsuldar iş görmək üçün borc hissi. Monteqranoda məktəb müəllimlərində işə həvəs yoxdur. Müəllim üçün işə gəlməmək, yaxud gecikmək adi hal alıb. Uzaqbaşı müəllim dörd saat dərsini deyir və ondan sonra uşağın həyatına heç bir maraq göstərmir. Özünü solçu sosialist kimi təqdim edən əczazçı də işinə borc hissi ilə yanaşmır. Onun fikrincə dərman təchizatı tapmaq, lazım olan adamlara bu dərmanları çatdırmaq onun işi deyil. Monteqranesilərdən heç yaxşı əsgər də çıxmaz. Nə qədər cəsur da olsalar “amoral ailəçilər” adətən döyüşdə qalib gəlmirlər. Əsgərləri vuruşduran mənsub olduqları quruma, ən azı yoldaşlarına olan sədaqət hissidir, xudbin özünəqulluq yox.
Amoral ailəçilərin cəmiyyətində təşkilat qurmaq yaxud onu saxlamaq olduqca çətindir. İnsanları təşkilata xidmət etməyə sövq edən xüsusiyyət qeyri-eqoistik, qeyri-materialist motivlərdən qaynaqlanlır. Uğurlu təşkilatın başlıca cəhəti odur ki, onun üzvləri bir-birlərinə etibar etsinlər. Yüksək əxlaqı olan təşkilatda belə anlanılır ki, hamı təşkilatın ümumi rifahı naminə kiçik və bəzən də böyük fədakarlılqlara gedəcək. Avropalıları amerikalılarla müqayisə edən Alexis de Toqueville o zaman yazırdı: “Ümumilikdə düşünmürəm ki, bizdə xudbinlik Amerikadakından çoxdur. Fərq ondadır ki, orada xudbinlik maariflənmiş hal alıb. Amerikalı özəl maraqları ictimai maraqlara qurban verməyin vaxtını bilir. Biz isə hər şeyi əldə saxlamaq istəyirik. Nəticədə hər şeyi itiririk.”