Ziyalılar azərbaycanlı qadının azadlığa buraxılmasını tələb edir

Ziyalılar azərbaycanlı qadının azadlığa buraxılmasını tələb edir

Azərbaycanlı şair, hüquq müdafiəçisi Fəranək Fəridini ETTELAAT Urmiyə gölünün qurumasına etiraz aksiyası zamanı tutub.

Əslən Güney Azərbaycandan olan, İranda, Azərbaycan Respublikasında və başqa ölkələrdə yaşayan 653 yazıçı, jurnalist, incəsənət adamı, ictimaiyyət nümayəndəsi birgə bəyanat yayaraq Təbrizdə həbsdə saxlanan Fəranək Fəridin azadlığa buraxılmasını tələb edib.

Azərbaycanlı şair, jurnalist, tərcüməçi, qadın hüquq müdafiəçisi Fəranək Fəridi ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları sentyabrın 3-də Urmiyə gölünün qurumasına İran hakimiyyətinin laqeyd münasibətinə etiraz olaraq Təbrizdə keçirilən aksiyaya görə küçədə tutub aparıblar. Fəranək Fəridə Təbriz zindanında işgəncələr verildiyi bildirilir.

“Media forum” saytının məlumatına görə, birgə bəyanatda deyilir ki, Fəranək Fəridə qarşı təzyiqlərə, işgəncələrə son qoyulmalı, o, dərhal azadlığa buraxılmalıdır. “Fəranək Fərid Azərbaycan qadın hərəkatının fəallarından biri olmaqla yanaşı, öz daxili dünyasını, arzu və diləklərini incə sözlərlə ifadə edən həssas qəlbli bir şairdir. O, Azərbaycan qadınlarının ictimai və mədəni məhrumiyyətlərini, dərdlərini zərif üslubu ilə qələmə alan bir yazardır. Apardığı bütün fəaliyyəti, yazıb dərc etdirdiyi bütün yazıları qanun çərçivəsində olan bir xanımın həbsə salınmasına, işgəncəyə məruz qalmasına nə ad vermək olar?

Biz zindanda Fəranək Fəridə edilən təzyiqləri, ona verilən işgəncələri kəskin şəkildə pisləyir, onun qeyd-şərtsiz dərhal azadlığa buraxılmasını tələb edirik”, - deyə sənəddə qeyd edilir.