Yunanıstanda büdcə kəsirlərinin müzakirəsi kütləvi tətillərə səbəb olub

Yunanıstanda dövlət qulluqçuları 48 saatlıq tətilə başlayıblar. Buna səbəb Avropa İttifaqından yeni maliyyə yardımı almaq üçün parlament nümayəndələrinin yeni qənaət tədbirlərini müzakirə etməsi olub. Bu, son altı həftə ərzində baş verən üçüncü ümummillii tətildir.

Çərşənbə axşamı parlament nümayəndələri dövlət xərclərində, pensiya və müavinətlərda 17 milyard dollarlıq qənaət tədbirlərini nəzərdə tutan qanun layihəsini müzakirə etməyə başlayıblar. Parlament nümayəndələri layihəni çərşənbə günü səsverməyə qoyacaqlar. Əgər parlament qanun layihəsini rədd etsə, bu zaman Yunanıstanın maliyyə imkanları noyabır ayının ortasına qədər tükənəcək.

Eyni zamanda bir çox taksilər, qatarlar, metro stansiyaları və gəmilərin çərşənbə axşamı və çərşənbə günü fəaliyyətini dayandıracağı gözlənilir. Hava nəqliyyatı dispeçerlərinin tətilə çıxması səbəbindən bir neçə uçuş ləğv olunub. Məktəblər və hökumət idarələri qapadılıb, xəstəxanalarda isə yalnız təcili yardım işçiləri fəaliyyət göstərir.

Yunanıstanın Baş Naziri Antonis Samaras bildirmişdir ki, əgər parlament tədbirlər planını təsdiqləməsə ölkə avrozonadan çıxarılmaq təhlükəsi ilə üzləşəcək.

Yunanıstan iqtisadi durğunluğun beşinci ilindədir. Ölkədə işləmək qabiliyyətinə malik insanların 25 faizindən çoxu işsizdir.