ABŞ-da fəaliyyət göstərən vəkil Vüqar Cəfərov Amerikanın Səsinə müsahibəsində Tramp administrasiyası pandemiya şəraitində xarici işçilər üçün tətbiq etdiyi viza məhdudiyyətlərini şərh edib.
Your browser doesn’t support HTML5
Vüqar Cəfərovun sözlərinə görə, bu məhdudiyyətlər daha çox ABŞ-dan kənarda olub və iş vizası üçün müraciət edən şəxslər üçün keçərli olacaq. Belə bir qərarın verilməsinin əsas səbəbi də ölkədə yaranmış işsizlik səviyyəsini azaltmaqdır.
“Vizaların verilməsinin ilin sonuna qədər dondurulması qərarı bir çox texnologiya və dizayn şirkətlərinin istifadə etdiyi H-1B adlanan iş vizaları, habelə tələbə mübadiləsi əsasında ölkəyə gəlmək üçün verilən J-1 vizaları və çoxmillətli korporasiyaların rəhbərləri üçün L-1 vizalarına aiddir.”
DV-2020 qalibi olan ancaq müsahibələri təyin olunmayan və ya pasportlarına viza vurulmayan şəxlərin ABŞ-a girişi mümkün olmayacaq.
Vəkil əlavə edir ki, bu qərarın ən çox təsir edəcəyi digər qrup isə bu il və ötən il “yaşıl kart” lotoreyasında qalib olmuş şəxslər olacaq.
““Yaşıl kart” qalibi olan şəxslərin sentyabr ayının sonuna qədər ölkəyə giriş etmək məcburiyyəti var. Təəssüf ki, DV-2020 qalibi olan ancaq müsahibələri təyin olunmayan və ya pasportlarına viza vurulmayan şəxlərin ABŞ-a girişi mümkün olmayacaq. Bununla da onlar qalibi olduğu “yaşıl kart”-ı əldə etmək şanslarını itirəcəklər. Çünki il sonuna qədər ABŞ kənarından heç kim “yaşıl kart” müsahibəsinə girməyəcək.”
Vüqar Cəfərov əlavə edir ki, əgər siz hazırda qanuni statusla ABŞ-dasınızsa və Yaşıl Kartın qalibisinizsə statusunuzu dəyişmək üçün ölkəni tərk etməyiniz doğru qərar olmaz.
“Qanuni statusla ABŞ-da olub, “yaşıl kart” lotereyasında qalib olan şəxslərə məsləhətim odur ki, heç bir halda ölkəni tərk etməyin. Çünki, digər ölkələrdə viza verilməsi prossesi dayansa da, ABŞ-da immiqrasiya idarəsi normal şəkildə işini davam etdirir. Ona görə də onlar hökmən bu ölkədə qalıb, bu ölkədən prossesələr davam etdirmək lazımdır.”
Qanuni statusla ABŞ-da olub, “yaşıl kart” lotereyasında qalib olan şəxslərə məsləhətim odur ki, heç bir halda ölkəni tərk etməyin
Cənab Cəfərov qeyd edib ki, bazar ertəsi elan edilən dəyişikliklərdən təsirlənən digər bir qrup sığınacaq üçün müraciət edən şəxslərdir. Tramp administrasiyası sığınacaq axtaranlara bir il müddətinə işləməyə icazə verilməsini rədd edən yeni qaydalar tətbiq ediləcəyini bildirib.
“Normalda ABŞ-a gəldiyiniz zaman ölkəyə girişdən etibarən bir il içərisində siyasi sığınacağa müraciət etmək hüququnuz var. Sənədlərinizin qəbul edildiyi vaxtdan etibarən isə 5 ay gözləyib, iş icazəsinə baş vura bilirdiniz. Bu zaman sizə iş icazəsinin verilməsi üçün bir ay ərzində mümkün olmalı idi. Yeni çıxan qaydalara əsasən isə ilk iş icazəsi müraciətinin müddəti 150 gündən 365 günə qaldırılıb. Yəni siz siyasi mühacirətə müraciət etdiyiniz andan bir il gözləməlisiniz ki, iş üçün müraciət edə biləsiniz. Bundan əlavə bir aylıq şərtini də aradan qaldırıblar.”