Yəmən rəsmiləri prezident Əli Abdulla Salehin Birləşmiş Ştatlarda müalicə olunmaq üçün ölkəni tərk etdiyini bildirib. Onun Yəmənə qayıtmağa söz verdiyi deyilir.
Rəsmilərin bildirdiyinə görə, cənab Saleh Sənanı tərk edərək Omana yollanıb və orada qısa müddət qaldıqdan sonra ABŞ-a yola düşəcək. Cənab Saleh keçən il iyun ayında iqamətgahında olduğu vaxt baş vermiş bomba hücumu zamanı ağır yaralanmışdı və bir neçə ay Səudiyyə Ərəbistanında müalicə olunmuşdu. O bundan əvvəl də müalicəni Birləşmiş Ştatlarda davam etdirmək istədiyini bildmişdi.
Yəmənin dövlət mətbuatının verdiyi məlumata görə, prezident Saleh bazar günü partiya rəsmiləri qarşısında vida çıxışı edib. Xəbərlərdə onun 33 illik hakimiyyəti dövrü yol verdiyi səhvlərə görə Yəmən xalqından onu bağışlamasını istədiyi bildirilir.
Yəmənin müxalifət fəalları regionun başqa yerlərində xalq hərəkatlarından ilhamlanaraq, onun dərhal hakimiyyətdən getməsi üçün bir ildir kütləvi nümayişlər keçirir.
Bu gün daha əvvəl isə minlərlə yəmənli paytaxt Sənada prezident Əli Abdulla Salehin toxunulmazlığını təmin edən qanuna etiraz etmək üçün mitinq keçirib.
Yəmən parlamenti qanunu rəsmi olaraq şənbə günü təsdiq edib. Qanunla cənab Salehə hakimiyyətdən getməsi müqabilində 33 illik hakimiyyəti dövrü iddia edilən cinayətlərə görə hüquqi qaydada mühakimə olunmaması üçün toxunulmazlıq təmin edilir. Qanunda habelə prezidentin siyasi müşavirlərinə də mübahisələrə səbəb olmuş yarı-toxunulmazlıq statusu verilir, lakin son dəqiqə qəbul edilmiş düzəlişlərlə bu amnistiya növünün tətbiq edilməsinin miqyası bir qədər azaldılmışdır.
Bu yeni qanun qonşu Körfəz ölkələrinin Yəməndə səkkiz aydır davam edən siyasi qarışıqlığa son qoymaq səylərinin bir hissəsi kimi qəbul edilib.
Yəməndə demokratiya tərəfdarı fəallar sənədi tənqid edərək, prezidentin yüzlərlə insanın ölümülə nəticələnmiş hökumət əleyhinə nümayişlərin dağıdılmasına görə məhkəməyə çıxarılmasına çağırır.