Yeju Buzek: Azərbaycanda görüşlərimdə özünüifadə, media, toplaşmaq azadlığından danışdım

Yeju Buzek: Azərbaycanda görüşlərimdə özünüifadə, media, toplaşmaq azadlığından danışdım

Avropa Parlamentinin sədri Azərbaycanda islahatların keçirilməsini vacib sayır. “Azərbaycanda insan haqları, özünüifadə, söz, media azadlığı sahəsində təkmilləşmələrə ehtiyac var.” O hesab edir ki, Cənubi Qafqazda regional əməkdaşlıq sonadək öyrənilməyib. “Regiondakı problemlər bir qədər gərginlik yaradıb. Azərbaycanın nəhəng dövlətlər olan Rusiya və İran kimi qonşuları var.”

Avropa Parlamentinin sədri Yeji Buzek Cənubi Qafqaz ölkələrinə səfərini bu gün Bakıda başa vurub. Azərbaycana səfəri zamanı prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, siyasi partiya rəhbərləri ilə görüşüb.

Cənab Buzek bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan rəhbərləri ilə görüşlərini səmərəli adlandırıb. “Biz çox açıq və faydalı görüşlər keçirdik. Azərbaycanla Avropa Birliyinin əməkdaşlığı hər iki tərəf üçün əhəmiyyətlidir. Azərbaycanın son illər iqtisadi sahədə və ümumilikdə əldə etdiyi nailiyyətlər çox yaxşıdır. Azərbaycan tolerantlıq ölkəsidir.”
Sədr eyni zamanda, Azərbaycanda islahatların keçirilməsini vacib sayır. “Azərbaycanda insan haqları, özünüifadə, söz, media azadlığı sahəsində təkmilləşmələrə ehtiyac var.”

Avropa Parlamentinin sədri hesab edir ki, Cənubi Qafqazda regional əməkdaşlıq sonadək öyrənilməyib. “Regiondakı problemlər bir qədər gərginlik yaradıb. Azərbaycanın nəhəng dövlətlər olan Rusiya və İran kimi qonşuları var.”

Cənab Buzek Azərbaycan rəhbərləri ilə görüşündən danışarkən deyib ki, dövlət rəhbərlərini vətəndaş cəmiyyəti və müxalifətlə əməkdaşlıq etməyə sövq edib. “Bu əməkdaşlıqla yanaşı, insan hüquqlarının qorunması, söz və toplaşmaq, media azadlığı, müstəqil ədliyyə sisteminin qurulmasını xüsusi vurğuladım. Bu sahədə dəyişikliklər Azərbaycana xeyir gətirər”.

O Avropa Birliyinin Azərbaycanla əməkdaşlıqda çox maraqlı olduğunu deyib. “Xüsusilə enerji və iqtisadi sahədə əməkdaşlıq potensialı birgə öyrənilməlidir.”

Avropa Parlamentinin sədri jurnalistlərin suallarının cavabında Avropa Parlamentinin bu yaxınlarda Azərbaycanda insan hüquqlarının mövcud durumunu tənqid edən qətnaməsinə toxunub. “Biz tərəfdaş olduğumuz ölkələrdə narahatedici məsələlərə toxunuruq. Tərəfdaş ölkələrlə hansı məsələni inkişaf etdirə biləcəyimiz məsələləri müzakirə edirik. Qətnamənin ruhu əməkdaşlıq üçün potensialın nişanəsi kimi qəbul edilməlidir. Azərbaycan Avropa ölkəsidir və bu səbəbdən də onunla Avropa ölkəsi kimi danışırıq.”

Prezident Administrasiyasının rəhbərinin iddiası əsasında məhkəmə qərarı ilə əmlakı müsadirə olunmaqda olan Xural qəzetinin müxbirinin media azadlığı sahəsində sualının cavabında cənab Buzek bildirib ki, Azərbaycan prezidenti ilə görüşündə azad medianın demokratiya üçün əsas olduğunu çatdırıb. “Görüşdə özünüifadə, media, toplaşmaq azadlığından danışdım. Azərbaycan tərəfində bu məsələ ilə bağlı bir az həssaslıq var. Belə ki, Azərbaycan üçün müstəqillik, ərazi bütövlüyü həssas məsələdir. Avropa Birliyi üçün də Azərbaycanın suverenliyi, müstəqilliyi çox vacibdir. Amma, Avropa Birliyi üçün həm də, ən həssas məsələ insan haqları, demokratiyadır. Biz, həm Azərbaycan, həm də Avropa Birliyi üçün həssas olan məsələləri müzakirə etdik.”.

O Amerikanın Səsi radiosunun Bəxtiyar Hacıyev, Cabbar Savalanlı, Eynulla Fətullayevin və digər gənc fəalların həbsdən azad edilməsi ilə bağlı sualının cavabında deyib ki, bu faktlar və digər məsələlərlə bağlı məlumatlıdır. “Bu məsələləri və buna oxşar digər çoxsaylı məsələlərin hamısını Azərbaycan rəhbərləri ilə görüşdə qaldırdım. Birgə komitədə bu məsələlər müzakirə edilib həllini tapacaq.”

Cənab Buzek Aurivision mahnı müsabiqəsində qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik edib.