İyul ayının 16-da Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu önündə nəzarət altına alınan türk fəal Yasəmin Zəfərinin evində axtarış aparıldığı bildirilir.
Bu haqda insan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi məlumat yayıb.
“Təhlükəsizlik qüvvələri cümə günü hazırda Təbriz həbsxanasında saxlanılan Yasəmin Zəfərinin evini axtarıb. Məmurlar xanım Zəfərinin bəzi şəxsi əşyasını alıb,” HRA-nın xəbərində dərc edilib.
SEE ALSO: İranda Azərbaycan Respublikasına dəstək mitinqlərində tutulanların sayı artıbİyulun 16-da İran Azərbaycanı və Tehranda təşkil edilən Azərbaycan Respublikasına dəstək mitinqləri ilə bağlı İranın polis və təhlükəsizlik qüvvələri təqribən 20 fəalı nəzarət altına aldılar.
Təbriz, Urmiyə və Tehranda saxlanılanların bir neçəsi keçən günlərdə mülki zəmanət qarşılığında sərbəst buraxılıb.
Tutulanlardan Yasəmin Zəfəri, Həkimə Əhmədi, Rəhim Sasaniyan, Sədullah Sasaniyan və Məqsud Fəzli hazırda Təbriz həbsxanasında saxlanılırlar. Ermənistanın Tehrandakı səfirliyinin önündə saxlanılan Həmid Cabbarlı isə Evin həbsxanasına göndərilib.
Keçən həftələrdə Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmaların ardınca iyulun 16-da milli fəallar İran Azərbaycanının bəzi şəhərləri və Tehranda Azərbaycan Respublikasına dəstək mitinqləri keçirməyə cəhd etmişdilər.