Accessibility links

İranda Azərbaycan Respublikasına dəstək mitinqlərində tutulanların sayı artıb


Hüquq müdafiəçiləri iyulun 16-da İran Azərbaycanı və Tehranda təşkil edilən Azərbaycan Respublikasına dəstək mitinqləri ilə bağlı saxlanılanlardan daha neçə nəfərin adını yayıb.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən insan haqları fəallarından əldə etdiyi məlumata əsasən, iyulun 16-da Ermənistanın Tehrandakı səfirliyinin önündə Həmid Cabbarlıdan əlavə Hüseyn Şəhidi, Hadi Əlişi və Yaqub Məcidi də nəzarət altına alınıblar.

Həmid Cabbarlının Tehranın Evin həbsxanasına göndərildiyi, digər üç nəfərin isə zəmanət qarşılığında sərbəst buraxıldığı bildirilir.

Həmçinin Azərbaycan Respublikasının Təbrizdəki Konsulluğu önündə tutulan türk fəallardan Məqsud Fəzlinin də adı bəlli olub. Yasəmin Zəfəri, Həkimə Əhmədi, Rəhim Sasaniyan, Sədullah Sasaniyan və Məqsud Fəzli Təbrizin mərkəzi həbsxanasına göndəriliblər.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi Azərbaycan Respublikasına dəstək mitinqləri ilə bağlı Təbriz, Urmiyə və Tehranda tutulanlardan 15 nəfərin adını yayıb. Saxlanılanlardan beşi zəmanət qarşılğında sərbəst buraxılıb.

Urmiyədə tutulan fəallardan Şiva Mücərrəd, Salar Tahir-Afşar və Fərid Xurşidinin şəhərin mərkəzi həbsxanasında saxlanıldığı bildirilir.

Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmaların ardınca iyulun 16-da milli fəallar Azərbaycan Respublikasının Təbrizdəki Konsulluğu və Ermənistanın Tehrandakı səfirliyinin önündə, həmçinin Urmiyə və Ərdəbil kimi şəhərlərin bəzi meydanlarında Azərbaycan Respublikasına dəstək mitinqləri keçirməyə cəhd etdilər. Yayılan məlumata əsasən, bəzi fəallar mitinqlərə qatılmağa çalışdıqları zaman, bəziləri də təhlükəsizlik qurumuna çağırıldıqdan sonra nəzarət altına alındı.

XS
SM
MD
LG