İyulun 16-da İran Azərbaycanı və Tehranda təşkil edilən Azərbaycan Respublikasına dəstək mitinqlərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan türk fəalların Təbriz, Urmiyə və Tehran həbsxanalarına göndərildiyi bildirilir.
Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata əsasən, tutulan fəallar təhlükəsizlik qurumunda saxlanıldıqları zaman işgəncəyə məruz qalıblar.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi isə Urmiyənin ‘Doqquz Pillə’ məhəlləsində yerləşən təhlükəsizlik həbsxanasında saxlanılan fəalların döyüldüyü haqda məlumat yayıb.
Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmaların ardınca iyulun 16-da milli fəallar Azərbaycan Respublikasının Təbrizdəki Konsulluğu və Ermənistanın Tehrandakı səfirliyinin önündə, həmçinin Urmiyə və Ərdəbil kimi şəhərlərin bəzi meydanlarında Azərbaycan Respublikasına dəstək mitinqləri keçirməyə cəhd etdilər. Amerikanın Səsinin əldə etdiyi məlumata görə, bəzi fəallar mitinqlərə qatılmağa çalışdıqları zaman, bəziləri də təhlükəsizlik qurumuna çağırıldıqdan sonra nəzarət altına alınıb.
HRA-nin bildirdiyinə görə, saxlanılan türk fəallardan Yasəmin Zəfəri, Həkimə Əhmədi, Rəhim Sasaniyan və Sədullah Sasaniyan Təbriz mərkəzi həbsxanasına, Şiva Mücərrəd, Salar Tahir-Afşar və Fərid Xurşidi Urmiyə mərkəzi həbsxanasına, Həmid Cabbarlı isə Tehranın Evin həbsxanasına göndərilib.
Urmiyədə tutulan fəallar Səid və Səhənd Behnəmun bir gün sonra, Təbrizdə tutulan fəal Rəsul Rəzəvi isə bir neçə saat sonra sərbəst buraxılıb.
Həkimə Əhmədi, Salar Tahir-Afşar, Rəhim Sasani, Sədullah Sasani və Rəsul Rəzəvi daha əvvəl də göstərdikləri fəaliyyət səbəbi ilə həbsə məruz qalıblar.