Azərbaycanın sabiq baş naziri Pənah Hüseyn Bakıda 16 mərtəbəli binada yanğınla əlaqədar Azərbaycanda inşaat təhlükəsizliyinin standartlara cavab verib-verməməsi ilə bağlı Amerikanın Səsinin suallarını cavablandırıb.
Your browser doesn’t support HTML5
Müsahibədən çıxarışlar:
“Son faciə əlavə bir fakt olaraq sübut etdi ki, bir çox sahələrdə olduğu kimi bu sahədə də ciddi problemlər qalmaqdadır. Bu, qanunların icrasına söykənən bir məsələdir. Dəhşətli bir korrupsiya sistemi ilə əlaqədar olaraq qanunların icrası həyata keçirilmir.”
“Yeni tikilən binalarda metal konstruksiyalarının standartlara uyğun olmaması çox ciddi şəkildə əhalini narahat etməkdədir... Bu fəlakət, bu faciə qışqıra-qışqıra ortada idi. Ölkə mətbuatında təhlükə barədə məlumat verilirdi. Lakin heç bir tədbir görülmürdü. 800-dən artıq yaşayış binası ölüm baramasına bürünüb. Bu, ölkədəki ümumi sistemin təzahürlərindən biridir.”
“Köhnə binaların fasadlaşması yanğın təhlükəsizliyi tələblərinə cavab versə idi, müvəqqəti olsa da buna şəhərin estetik cəhəddən gözəlləşməsi üçün bir addım kimi baxmaq olardı. Hərçənd ki, buna o qədər vəsait sərf olunub ki, bu vəsait binaların sökülüb yenidən tikilməsinə kifayət edərdi.”
“Əsas nemətin, qorunan varlığın insan olmadığı bir cəmiyyətdə bu kimi ciddi fəlakətləri yaşamaqda davam edirik.”
“Bu yaxınlarda Xətai rayonunda oxşar yanğın hadisəsi baş vermişdi. Ondan sonra heç bir ölçünün götürülmədiyi məlumdur. Bu gün insan tələfatı ilə müşahidə olunan bu faciədən sonra Global Construction adlı müəssisənin rəhbərinin həbs olunması barədə məlumat yayılıb. Çox maraqlıdır ki, bu müəssisənin özü Azərbaycanda Beynəlxalq Bankla bağlı ciddi korrupsiya qalmaqalında adı çəkilən müəssisələrə gedib çıxır.”
“Həbs olunan şəxsə bu cür üzlüklərlə məşğul olduğu üçün əməkdar mühəndis adı verilməsi haqda sərəncam verilmişdi...Ciddi məsuliyyətə cəlb edilənlərin olacağı gözlənilmir.”