Baş Prokurorluq, Fövqəladə Hallar və Daxili İşləır nazirliklərinin birgə məlumatına görə, qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.
Məlumatda deyilir ki, həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir.
***
Prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğın ilə əlaqədar Dövlət Komissiyası yaradılıb. Komissiyaya baş nazirin müavini Abid Şərifov sədrlik edir.
Dövlət Komissiyası hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirəcək, zərər çəkənlərin əmlakına dəymiş ziyanı 15 gün müddətində hesablayıb təmin edəcək, zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərəcək, xəsarət alanların müalicəsini təmin edəcək, yaşayış binasının istifadəyə yararlılıq vəziyyətini araşdıracaq, sakinlərin müvəqqəti yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirəcək.
Sərəncamda deyilir ki, Baş Prokurorluq Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş yanğın hadisəsinin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün təxirəsalınmaz istintaq tədbirləri həyata keçirməlidir.
***
Mayın 19-da Bakı şəhərində Azadlıq prospekti 200/36 ünvanda yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində yerli vaxtla saat 16-ya olan məlumata görə 14 nəfər ölüb, 30-dan çox insan xəsarət alıb. Çoxsaylı insan xəstəxanalara yerləşdirilib.
Azərbaycan Baş Prokurorluğu, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin birgə məlumatında deyilir ki, fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci - ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanıb, eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Fövqəladə Hallar Nazirliyi bildirir ki, yanğın saat 11 radələrində baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib.
Amerikanın Səsinin müxbirinin hadisə yerindən verdiyi məlumata görə, yanğının tam söndürülməsi işləri hələ də davam edir. Demək olar ki, binadakı əksər mənzillər yanıb. Binanın ətrafındakı avtomobillər də yanıb. Hadisə yerində onlarla yanğınsöndürən və təcili yardım maşınları var.
Sakinlər deyir ki, yanğın binanın birinci mərtəbəsindən başlayıb.
“Yaşayış binasının üzlüyü alova həssas plastik materialdandır və bu, alovun saniyələr içərisində yayılmasına səbəb oldu. Alov o qədər sürətlə yayıldı ki, ilk anda nə baş verdiyini duymadıq. Qonşularımın hamısı zəhərlənib. Özlərini binadan atanlar da oldu. Qara zəhərli tüstü bir anda hər yeri bürümüşüdü”, sakinlərdən biri bildirib.
Hazırda binada xilasetmə tədbirləri və mənzillərin müayinəsi davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin rəhbər vəzifəli şəxsləri, respublikanın Baş prokuroru Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov hadisə yüerinə gəlib. Hadisə yerində istintaq qrupu işləyir.
Birgə məlumatda deyilir ki, həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri Azərbaycan prezidentinin nəzarətindədir.