Azərbaycan Xarici İşlər Nazirliyi Dövlət Departamentinə cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyi

ABŞ Dövlət Departamentinin hüquq müdafiəçisi Leyla Yunusla bağlı iyulun 31-də bəyanat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti ABŞ Dövlət Departamentinin hüquq müdafiəçisi Leyla Yunusla bağlı 31 iyul tarixli bəyanatına cavab verib.

Cavabda deyilir ki, Azərbaycanda siyasi baxışlarına və fəaliyyətinə görə heç kim təqib və mühakimə olunmur. Qanunun aliliyinin təmin olunduğu istənilən demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da heç kəs özünü qanundan üstün hesab edə bilməz.

XİN xatırladır ki, Azərbaycan Respublikası Baş Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyi bu ilin 31 iyulunda Leyla Yunusun saxlanması səbəbləri ilə bağlı geniş açıqlama verib. “Leyla Yunus digər ittihamlarla yanaşı dövlətə xəyanətdə ittiham olunur. Azərbaycanda 3000-dən çox qeyri-hökumət təşkilatının olduğu bir şəraitdə ölkədə vətəndaş cəmiyyətinin fəaliyyətinin məhdudlaşdırıldığını iddia etmək heç cür həqiqəti əks etdirmir və qərəzli münasibətin göstəricisidir. Azərbaycana bu cür yollarla siyasi təzyiqin göstərilməsi cəhdləri qəbuledilməzdir”.

Mətbuat Xidməti bildirir ki, ABŞ Dövlət Departamentinin bəyanatı sözügedən təhqiqatın siyasiləşdirilməsi, onun işinə müdaxilə və Azərbaycanda məhkəmə sisteminin müstəqilliyinin şübhə altına salınması cəhdləri kimi qiymətləndirir.

XİN Leyla Yunusa ittiham elan edilməsinin xalq diplomatiyası ilə bağlı olmasına dair iddialarla əlaqədar bildirir ki, Azərbaycan münaqişənin tezliklə həllində ən maraqlı tərəf kimi Dağlıq Qarabağın azərbaycanlı və erməni icması arasında dialoqu həmişə dəstəkləyir.

“Amma ictimai fəaliyyət və xalq diplomatiyası tədbirləri Azərbaycanın qanunvericiliyi çərçivəsində həyata keçirilməlidir. Qanunun aliliyinin keşiyində durduğunu iddia edən Dövlət Departamentinin elə qanunun aliliyi, beynəlxalq hüququn prinsipləri və beynəlxalq təşkilatların qərarlarından çıxış edərək, Azərbaycanın ərazilərini işğal edən, qanlı etnik təmizləmə törədən və belə əməllərini bu gün də davam etdirən Ermənistana qarşı sanksiyalar tətbiq etməyi düşünməsi daha yaxşı olardı”, cavabda qeyd edilir.

ABŞ Dövlət Departamenti Sülh və Demokratiya institutunun direktoru Leyla Yunusa qarşı cinayət ittihamlarının irəli sürülməsi ilə bağlı bəyanatında isə Birləşmiş Ştatlar Azərbaycan hökumətini vətəndaşların universal hüquqlarına hörmət etməyə çağırır.

“Biz Azərbaycan hökumətini vətəndaşların universal hüquqlarına hörmət etməyə, bütün vətəndaşlar üçün ədalətli məhkəmə sistemi təmin etməyə və insan hüquqlarına dair beynəlxalq təhəddüdlər və öhdəliklərə uyğun olaraq onların öz fikirlərini azad şəkildə ifadə etməsinə imkan verməyə çağırırıq", Dövlət Departamentinin bəyanatında deyilir.