“Son dövrlərin təcrübəsinin də göstərdiyi kimi, ölkədə xalqın seçmədiyi, xalq qarşısında məsuliyyət daşımayan, legitimliyi olmayan hakimiyyət nə sosial-iqtisadi problemləri həll edə, nə siyasi məhbus problemini aradan qaldırmaq, işgəncələri durdurmaq iradəsi göstərə, nə də işğaldakı torpaqları azad etmək qətiyyət və cəsarətinə sahib ola bilər. Problemlərimizin köklü həlli xalqımızın ciddi şəkildə təşkilatlanmasından, millət olaraq öz taleyinə sahib çıxmasından keçir”. Bu barədə Demokratik Qüvvələrin Milli Şurasının iyunun 9-da yaydığı xalqa müraciətində deyilir.
Xalqın seçmədiyi, xalq qarşısında məsuliyyət daşımayan, legitimliyi olmayan hakimiyyət nə sosial-iqtisadi problemləri həll edə, nə siyasi məhbus problemini aradan qaldırmaq, işgəncələri durdurmaq iradəsi göstərə, nə də işğaldakı torpaqları azad etmək qətiyyət və cəsarətinə sahib ola bilər.
Milli Şura bəyan edir ki, xalq təşkilatlanıb səfərbər olacağı təqdirdə, onun maraqlarına uyğun dəyişikliklərin həyata keçirilməsi üçün gərəkən hər cür fədakar addımı atmağa hazırdır.
“Bir daha xalqımızı siyasi fəallıq nümayiş etdirməyə, Milli Şura ətrafında təşkilatlanmağa və taleyinə sahib çıxmağa çağırırıq”, sənəddə qeyd edilir.
Müraciətdə deyilir ki, son bir neçə ildə yüzlərlə şəxs siyasi sifarişlərlə haqsız və qanunsuz olaraq həbs edilib.
“Çox yaxşı haldır ki, Milli Şura olaraq bizim, ölkədəki prinsipial qüvvələrin, vətəndaş cəmiyyətinin, dəyişiklik istəyən vətəndaşlarımızın apardığı mübarizə, göstərdiyi müqavimət və beynəlxalq təşkilatların dəstəyi nəticəsində son zamanlar 17-18 nəfər tanınmış siyasi məhbus azad edilib. Bununla belə, narahatlıqla bildiririk ki, son həbslərlə birlikdə yenə də ölkədə 100 nəfərə yaxın siyasi məhbus var”.
Milli Şura narahatlığını bildirir ki, son bir neçə ayda həm də polis idarələrində işgəncə halları, işgəncə nəticəsində insan ölümləri faktları artıb.
"Bir tərəfdən beynəlxalq birlik qarşısında siyasi məhbus problemini həll edəcəyi, insan hüquqları ilə bağlı müəyyən irəliləyişə nail olacağı haqda öhdəlik götürən hakimiyyət, digər tərəfdən polis idarələrində insanların amansız, şiddətli zorakılığa məruz qalmasına, döyülüb öldürülməsinə şərait yaradır. Milli Şura olaraq bunu qətiyyətlə pisləyirik, konkret hallar üzrə işgəncə törətmiş şəxslərin məsuliyyətə cəlb olunub, cəzalandırılmasına israr edirik”.
Milli Şura ölkədə sosial-iqtisadi problemlərin həll edilməməsindən çox narahatdır.
“Bir il ərzində iki dəfə devalivasiya nəticəsində əhalinin həyat səviyyəsi təqribən yarıbayarı pisləşib. Yüz minlərlə iş yeri bağlanıb, əhalinin real gəlirləri kəskin şəkildə aşağı düşüb. Azərbaycan iqtidarı isə sosial-iqtisadi problemlərin köklü həlli üçün real addımlar atmaq əvəzinə çoxsaylı bir-birinə zidd, biri digərini təkrar edən gərəksiz fərman və sərəncamlarla islahat görüntüsü yaratmağa çalışır. Buna paralel olaraq da ölkə sürətlə böyük borclanmaya sürüklənir”, sənəddə qeyd edilir.
Bir il ərzində iki dəfə devalivasiya nəticəsində əhalinin həyat səviyyəsi təqribən yarıbayarı pisləşib. Yüz minlərlə iş yeri bağlanıb, əhalinin real gəlirləri kəskin şəkildə aşağı düşüb.
Milli Şura hökuməti məsuliyyətli olmağa, sosial-qtisadi problemlərin həlli imitasiyasından əl çəkib, real tədbirlər üçün elementar vəzifələrini yerinə yetirməyə çağırır.
Milli Şura həmçinin Bakının “Sovetski” adlanan ərazisində tarixi binaların sökülməsindən narahatdır və ermənilərin nəzarətində oaln torpaqların azad edilməsi uğrunda başlanan hərbi əməliyyatların dayandırılmasını pisləyir.
“Biz bundan çox məyus olduq. Azərbaycan hökuməti Qarabağdan, torpaqların azad edilməsi kimi həssas məsələdən siyasi vasitə kimi istifadə etməməlidir. Torpaqların həqiqətən azad edilməsi üçün siyasi iradə göstərmək əvəzinə bu məsələni də daxili siyasətin elementinə çevirmək ölkənin milli təhlükəsizliyinə vurulan ağır zərbə, son dərəcə məsuliyyətsiz hərəkətdir. Biz hakimiyyəti ən azı milli təhlükəsizliklə bağlı məsələlərdə məsuliyyətli olmağa, hansısa kənar güclərin maraq və istəklərindən deyil, öz xalqının mənafeyindən çıxış etməyə çağırırıq”, sənəddə qeyd edilir.
Öz növbəsində, Azərbaycan hökuməti ölkədə hərtərəfli islahatlar aparıldığını və uğurlar əldə edildiyini bildirir. Hökumətin yüksək vəzifəli üzvləri Azərbaycanda siyasi məhbusların olmadığını, iqtisadi sahədə inkişafın olduğunu və əhalinin gəlirlərinin artdığını bəyan edir.