Azərbaycanın hakim ailəsi və onların yaxın biznes tərəfdaşı 2015-ci ildə milli valyutanın devalvasiyasından günlər və həftələr öncə bir sıra maliyyə əməliyyatları həyata keçiriblər və nəticədə azı 100 milyon manat qazanıb, bundan əlavə isə bank və şirkətərini qoruyub saxlamağa nail olublar. Bu barədə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) sənədli hesabat dərc edib.
Devalvasiya nəticəsində Azərbaycandakı bank sektorunun yerdə qalan hissəsi bir milyarda yaxın pul itirdi. Daha sonra isə Milli Bank manatın ABŞ dollardan asılılığını ləğv etdi və üzən məzənnəyə keçid etməyə qərar verdi. Manatın dəyərinin kəskin düşməsi ilə yaranan iğtişaş dörd bank lisenziyalarının ləğv olunmasına gətirib çıxardı. Ən böyük ziyan isə adi azərbaycanlılar dəydi, çünki onların əmanət yığdığı pullar bir il içində dəyərinin yarısını itirdi.
2015-ci ilin fevralın 25-də Azərbaycanın Milli Bankı manatı ABŞ dollarına nisbətən ucuzlaşdırdı. Bu sürpriz addımdan əvvəl Mərkəzi Bank aylarla pul bazarına müdaxilə edərək, manatı dəstəkləməyə çalışır, hökümət isə valyutanın sabitliyini qoruyacağını vəd edirdi.
Devalvasiya planlaşdırıldığı dövrdə prezident İlham Əliyev “Manat artıq daha güclüdür” deyərək narahat xalqı əmin etməyə çalışmışdı. Milli Bankın sədri də, devalvasiyadan iki gün öncə valyutanın güclü olaraq qalacağına söz vermişdi.
Prezidentin ailəsinin həyata keçirdiyi maliyyə əməliyyatları prezidentin və ya onun adminstrasiyasında hər kiminsə prezidentin ailəsinə və biznes tərəfdaşına qarşıdan gələn devalvasiya ilə bağlı məlumat verdiyi və beləliklə onların birikdə bizneslərini qorumaq və böhrandan faydanlanaraq qazanc əldə etdikləri ilə bağlı şübhələr yaradır.
Mübahisədə üç bankın adı hallanır: Caspian Development Bankı (Xəzər İnkişaf Bankı), AtaBak və PaşaBank. Bu üç bank Əliyevlər ailəsi, onların biznes tərəfdaşı Əşrəf Kamilov və ya elə hər ikisinə məxsusdur.
Hər üç bank Azərbaycanın bank qaydalarını ağır şəkildə pozub – ancaq bu qayda pozuntuları ilə bağlı heç bir tədbir görülməyib.
Milli Bank dekabrın 21-də üzən məzənnəyə keçdiyi zaman manat bir daha dəyər itirərək əvvəlki dəyərinin yarısını təşkil edib. Hər iki devalviyasıdan faydalanan isə prezidentin ailəsi və Kamilov olub.
Caspian Development Bank və SOCAR
Əşrəf Kamilov Əliyevlərin çoxdankı yaxın tərəfdaşıdır. Əvvəllər Vergilər Nazirliyində və bank sektorunda işləmiş Kamilov “Synergy Group”un səhmlərinin 99%-nin sahibidir. “Synergy Group” bankların, hotellərin, kənd təsərrüfatı və internet texnologiyası şirkətlərinin konqlomeratıdır.
2015-ci ildən əvvəl “The Kauther Bank” (azərbaycanca “Kövsər Bank”) Azərbaycanda balaca, bir filialı olan bank idi. Onun sahibi olan fərdi səhmdarlar iki il ərzində demək olar ki, heç bir fəaliyyətlərini bəyan etməmişdilər.
2014-cü il dekabrın son həftəsində, ilin sonuna az qalmış bank “Synergy Group” tərəfindən alınır, nəticədə bankın kapitalı üç dəfə artaraq 50 milyon manatlıq minimal tələbə çatır. 2015-ci il yanvarın 26-da isə Mərkəzi Bank bu bankın lisenziyasını yenidən təsdiq edir və onu yeni adı ilə (Caspian Development Bank) tanıyır.
Üç gün sonra bank pullarının əksər hissəsini, daha dəqiq desək, 52 milyon dolları (40,7 milyon manat) dollar krediti olaraq SOCAR-a borc verir.
Kredit çaşdırıcı, anlaşılmaz idi:
- O, beş illiyinə 6%-lə verilmişdi. Bu isə o zaman SOCAR üçün əlçatan olan beynəlxalq faizləri nəzərə alsaq, yüksək faiz idi.
- Bu, tək kredit bankın nizamnamə kapitalının 80%-dən çoxunu təşkil edirdi. Bu isə Azərbaycan bank qanunlarının şokedici pozuntusu demək idi. Ölkənin bank qanunları bir müştəriyə kapitalın 7%-dən artığını verməyi qadağam edir.
- Üstəlik, SOCAR-a verilmiş kreditlər tamamilə sığortasız idi. Bank auditi hesabatına görə, bu, yaxşı bankçılıq praktikasına tamamilə ziddir və bankı daha böyük risklərlə üz-üzə qoyur.
Neft nəhəngi olan SOCAR-ın niyə yüksək faizlə kredit götürdüyü, yaxud da belə bir kiçik, yaranandan bəri qeyri-fəal olmuş bir bankla iş görməyi seçməsi aydın deyil.
Kredit verilən vaxt SOCAR-ın "nəğd və nəğdi əvəz edə bilən" vəsaitləri 1,5 milyard manat dəyərində idi (o vaxtın hesabı ilə 1,8 milyard dollar). Bunun da 1 milyard dolları ABŞ dollarında idi.
Əliyevlər.
Üç həftə keçmiş Mərkəzi Bank manatın devalvasiyasını həyata keçirdi.
Nəticədə bircə əməliyyat keçirməklə o vaxta qədər heç bir gəliri olmayan “Caspian Development Bank” birdən-birə 13 milyon manat (12,5 milyon dollar) qazanc əldə etdi.
2015-ci ilin sonunda baş vermiş ikinci devalvasiya və manatın üzən məzənnəyə keçməsindən sonra həmin tək kreditin gətirdiyi gəlir birdən-birə üç dəfə artaraq, 39,2 milyon manata (25,4 milyon dollar) çatdı. SOCAR-a verilmiş kredit bankı qorudu və ona başqa banklar kimi ili itki ilə başa vurmamağa, 2015-ci ilin sonu üçün 8 milyon manatlıq (5,1 milyon dollar) gəlir əldə etməyə kömək etdi.
“AtaBank” və “Synergy Holding”
Kamilov həm də əsasən Əliyev ailəsinə məxsus olan “AtaHolding”in baş direktor müavinidir. “AtaHolding”in 2013-cü il üçün illik hesabatına görə, prezidentin o vaxt 16 yaşı olan oğlu Heydər Əliyev bu bankın əsas sahibidir.Onun bacıları Leyla və Arzu Əliyevalar səhmlərin əksər hissəsinə sahib olan “Panama” şirkətinin direktorlarıdır.
“AtaHolding” və Kamilov ölkənin doqquzuncu ən iri bankı olan “Ata Bank”ın səhmlərinin əsas hissəsinin sahibləridir. 2014-cü il dekabrın 31-i üçün onlar bu bankın səhmlərinin 90%-nə malik olublar.
Kamilovun şirkəti olan “Synergy” iki tərəfdən “Ata Bank”la sıx bağlıdır: həm onun ən iri müştərilərindən biri, həm və biznes tərəfdaşıdır.
2014-cü ildə “Synergy”nin 139 milyon manatlıq (təqribən 177,5 milyon dollar) ümumi fondu “Ata Bank”dan götürülmüş kreditlərdən ibarət idi. Bu məbləğ “Ata Bank”ın ümumi kredit fondunun 1/3-ni təşkil edirdi.
Ancaq “Synergy” normal şirkət deyil. Bu qrupun borcları malik olduğu vəsaitdən çoxdur və o borclarını ödəməyə kifayət edəcək qədər qazanc götürmür. Bu da şirkətin necə fəaliyyət göstərməsini anlaşılmaz edir. Auditora görə, bu kreditlər “Synergy”-nin sahibləri, əsasən də Kamilov tərəfindən sığortalanıb.
Ancaq bu kreditlər sığortalanmamış görünür. Çünki Kamilovun banka qoyulmuş kifayət qədər pulu yoxdur. Bu isə bank üçün riskdir. “Ata Bank”ın 2014-cü il üçün hesabatında Kamilov da daxil olmaqla əlaqədar tərəflərin səhm depozitləri 31 milyon manatdan (təqribən 39,5 milyon manat) aşağı göstərilib. Bu isə kreditin məbləğindən çox aşağıdır.
2015-ci il fevralın 19-da, birinci devalvasiyadan iki gün əvvəl “Synergy Group”a məxsus tikinti materialları şirkəti olan AAC LLC bundan əvvəlki il “Ata Bank”dan götürdüyü krediti qeyri-adi qaydada restrukturizasiya etdi: geriyə 60 milyon manat (76,5 milyon dollar) ödədi və dərhal ABŞ dolları ilə bundan bir qədər böyük məbləği borc götürdü.
Bu əməliyyat AAC üçün gözəl fürsət oldu. Şirkət iki gündən sonra devalvasiyadan 20 milyon manata (19,3 milyon dollar) qədər pul qazandı. Bu riskli əməliyyat bu şirkət üçün xarakterik deyildi. Belə ki, şirkət özünün illik hesabatında göstərmişdi ki, "Group-un bütün satışları daxilidir və manatla ifadə olunur", buna görə də o valyuta itkilərinə və ya qazanclarına məruz qalmayacaq.
Bu əməliyyat “Ata Bank”ın da işinə yaradı. Dollarla verilmiş kreditlər və iki devalvasiya nəticəsində “Ata Bank” 61 milyon manat (39 milyon dollar) qazandı. Bu isə ilkin kreditin iki misli deməkdir.
“Ata Bank” 2014-cü ildə 2013-cü ilə nəzərən həm depozitlər, həm də kreditlər baxımından iki dəfə böyüyüb. Ancaq bankın öz audit hesabatına bir sıra qayda pozuntularına yol verib. Bura bankın bir tək müştəridən asılılığının qarşısını almaq üçün nəzərdə tutulmuş əsas qaydalar da daxildir. Xüsusən də bu müştəri bankın rəhbərliyinə, yaxud sahiblərinə yaxındırsa.
- Bank daxili tərəflərə icazə verildiyindən qat-qat daha çox kredit verirdi. Audit göstərir ki, bank özünün tələb olunan kapitalının 20%-dən çoxunu özünə yaxın tərəflərə borc verə bilməz. Ancaq bank özünün nizamnamə kapitalının 24%-ni özünə yaxın tərəflərə borc verib.
- Ümumi kredit portfelinin 10%-dən çoxunu bankla əlaqəli olan təkcə bir tərəfə vermək qadağan idi. Bank isə kreditlərinin 91%-ni tək bir müştəriyə verib.
- Bank bütün kreditlərinin 150%-indən az olmayan girovlar götürməli idi. Girov daşınmaz əmlak olduğu təqdirdə bu 100% ola bilərdi. Ancaq bank ümumi kreditin məbləğinin 28%-i dəyərində girov götürüb.
Əsas ittiham “Synergy”-nin üstünə düşür. “Ata Bank” 2014-cü ildə verdiyi 458 milyon manatlıq (585 milyon dollar) ümumi kredit portfelinin 1/3-ni, yəni 147 milyon manatını (təqribən 188 milyon) öz səhmdarları ilə bağlı olan şirkətlərə verib. Müqayisə üçün, 2013-cü ildə “Ata Bank”ın öz səhmdarları ilə bağlı olan şirkətlərə verdiyi kreditlərin həcmi yalnız 1 milyon manat (1,28 milyon dollar) qədər olmuşdu.
“Ata Bank” auditorlara deyib ki, o, buna bənzər əvvəlki presendetlərə əsaslanaraq Mərkəzi Bankın bununla bağlı hər hansı bir addım atacağını düşünməyib. Belə ki, əvvəlki presendetlərdə də Mərkəzi Bank lisenziyaları ləğv etməyib. “Ata Bank” söz verib ki, gələcəkdə razılaşdırılmış çərçivələr daxilində tədbirlər görəcək.
Güman ki, gələcəkdə “Synergy” haqqında məlumat əldə etmək daha çətin olacaq. 2016-cı ilin əvvəllərində “Synergy” Açıq Birləşmiş Səhmdar Şirkətdən (ASŞ) Məhdud Məsuliyyətli Korporasiyaya (MMK) çevriləcəyini elan edib. O, Azərbaycanın birjasını tərk edən kimi daha ictimaiyyətə öz maliyyə məlumatını təqdim etmək və hesabat vermək öhdəliyindən azad olacaq.
Qızıl mədənlərində Əliyevlərin payı
“Paşa Bank” “Pasha Holding” vasitəsilə Azərbaycanın birinci ailəsinə məxsus olan daha bir bankdır. Bu bankın əsası 2007-ci ildə İlham Əliyevin xanımı Mehriban Əliyevanın ailəsi tərəfindən qoyulub. Bankın hesabatına görə hazırda onun sahibləri prezidentin qızları Arzu və Leyladır.
Bank valyuta mübadiləsindən sanballı qazanc əldə edib. Ancaq o hər hansı tranzaksiyalar barədə hesabat vermədiyinə görə gəlirin dəqiq məbləği məlum deyil. 2014 və 2015-ci illər arasında bank özünün xarici valyuta depozitlərinin həcmini iki dəfə artırıb. Bank öz hesbatının "xarici mübadilələr və hərəkətlər" hissəsində 2015-ci ildə 35,9 milyon manat (təxminən 28 milyon dollar) qazandığını qeyd edir. Bu isə əvvəlki ilin göstəricisi ilə müqayisədə altı dəfə çoxdur.
“Paşa Bank” da 2014-cü ildə "bir kreditora, yaxud da bir-biri ilə bağlı olan kreditorlar qrupuna" bankın ümumi kapitalının 20%-dən artıq həcmdə kredit verib. Bu isə yenə də Mərkəzi Bankın qoyduğu qaydaların pozulması deməkdir. “Paşa Bank” Mərkəzi Bankın qaydalarına riayət edəcəyi barədə gələcək fəaliyyət planı göndərib və Mərkəzi Bank da bu planı qəbul edib.
Uduzanlar
Devalvasiya böhranı zamanı azı dörd bank bağlandı, ikisi isə birləşdi, çünki banklar artıq Milli Bankın 50 milyon manatlıq minimum kapital tələblərini qarşılaya bilmirdi. Bankların çoxu həmin il pul itirdi, çünki manat zəifləşdiyi üçün müştərilər artıq xarici mallara daha çox pul ödəyirdi və bu səbəbdən də daha az mal alırdı.
Banklar artıq kreditlərin geri ödənilmədiyini və daha çox dəyərsizləşmiş kreditlərinin olduğunu bildirdi. Bu isə bankların kapitalından çıxıldığı üçün, onlar zəifləməyə başladı. Adi vətəndaşlar isə gözlənilmədən devalvasiyaya məruz qaldılar və 2015-ci il ərzində onların pulları yarı-yarıya dəyər itirdi.
Manatın ABŞ dollarına qarşı dəyərinin yarısını itirməsindən əlavə, vəziyyət inflasiyaya görə daha da ağırlaşıb. Maliyyə nazirliyinin verdiyi məlumata görə, hazırda inflasiya dərəcəsi 10-12 faiz təşkil edir. Bu isə o deməkdir ki, xarici mallar daha bahadır və manat dəyərini bir az daha itirir. 2015-ci ildə orta aylıq əmək haqqı 296 manat təşkil edirdi.
Bundan əlavə hökümət Milli Bankdan almaq məqsədilə yeni Malliyə Bazarlarına Nəzarət Palatası yaradıb. Azərbaycan Mərkəzi Bankının bir sıra tənzimləmə səlahiyyətləri alınaraq bu quruma verilib.
Martın 29-da prezident Əliyev yeni Nəzarət Palatasına sədr olaraq Caspian Development Bankının Nəzarət Palarasının keçmiş sədri İbrahim Alışovu təyin edib.
Martın 29-da prezident İlham Əliyev maliyyə əməliyyatlarında adı hallanan Caspian Development Bankının Nəzarət Palarasının keçmiş sədri İbrahim Alışovu yeni Nəzarət Palatasına sədr təyin edib.
Qurumun sədrinin məsləhətçisi Rüfət Abbasov qurumun özünün yaradılmasından əvvəl verilmiş hökumət qərarları barədə şərh verə bilmədiyini deyir.
Devalvasiyadan faydalanan bankların əvvələcədən devalvasiya ilə bağlı məlumatlandırılmış olmaları ilə bağlı suala cavab olaraq isə o, “Biz spekulyasiyalara cavab vermirik” deyib.
Alışovun Caspian Development Bankının keçmiş sədri olmasının maraqların toqquşmasına səbəb olub-olmadığı ilə bağlı suala isə Abbasov belə cavab verib.
“Heç bir maraqlar toqquşması yoxdur. Təyin olunanda, onun Caspian Development Bankı ilə müqaviləsi artıq bitmişdi. Bu ittihamların heç bir əsası yoxdur. Dövlət xidmətində vəzifə artımı hər bir vətəndaşın konstitusional hüququdur.”