Vladimir Putinin andiçmə mərasimi keçirildi

  • Amerikanın səsi

Rusiyada üçüncü dəfə prezident seçilən Vladimir Putinin bu gün andiçmə mərasimi keçirilib.

2000-ə yaxın şahidin iştirakı ilə Kremldə keçirilən mərasimdə cənab Putin Konstitusiyanın üzərinə əlini qoyaraq Rusiya xalqının hüquqları, azadlığını müdafiə və onlara hörmət edəcəyinə and içib. Polis inaqurasiyadan əvvəl paytaxt Moskvada təhlükəsizlik tədbirlərini gücləndirib. Cənab Putin 2008-ci ildə prezidentlik müddəti başa çatandan sonra Rusiyanın baş naziri vəzifəsində çalışıb. O, mart ayının 4-ü keçirilən prezident seçkilərində səslərin əksəriyyətini toplayaraq qalib gəlib. Müxalifət qüvvələri qələbənin mübahisəli olduğunu bildirərək səslərin oğurlandığını iddia edir. Polis üzərilərinə Putin əleyhinə simvollar əks etdirən ağ lentlər taxmış 120 nümayişçini həbs edib. Beynəlxalq müşahidəçilər seçkilərin cənab Putinin xeyrinə saxtalaşdırıldığını deyir. O, inaqurasiyadan dərhal sonra Dmitri Medvedevi baş nazir vəzifəsinə təyin edib. Parlament Medvedevin nominasiyasını sabah səsverməyə çıxaracaq.