Vəfa Quluzadə: Status kvo davam edəcək [Video-Müsahibə]

Your browser doesn’t support HTML5

Xarici siyasət məsələləri üzrə keçmiş Dövlət müşavirinin Amerikanın Səsinə müsahibəsi

Azərbaycan Respublikasının xarici siyasət məsələləri üzrə keçmiş Dövlət müşaviri Vəfa Quluzadə Amerikanın Səsinə müsahibəsində Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Parisdə apardığı danışıqlardan danışıb.

Amerikanın Səsi: Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşlərinin yekunlarını necə qiymətləndirirsiniz?

Lakin hələlik dünyadakı siyasi vəziyyət dəyişməyib. Rusiyanın bizim regiona olduqca güclü təsir rıçaqları var və ən əsası isə əsgəri rıçaqları var.

Vəfa Quluzadə: Prezidentlərin görüşünü olduqca müsbət qiymətləndirirəm. Ona görə ki, Moskvadan kənarda hər hansı bir görüş tərəflərə daha azad davranmaq, daha azad düşünmək və məsələləri daha azad müzakirə etmək imkanı yaradır. Lakin hələlik dünyadakı siyasi vəziyyət dəyişməyib. Rusiyanın bizim regiona olduqca güclü təsir rıçaqları var və ən əsası isə əsgəri rıçaqları var. Rusiya bu gücdən Gürcüstanda istifadə edib. Dağlıq Qarabağda da ermənilərin tərəfində və erməniləri ələ alaraq bizim torpaqları işğal edib. O səbəbə görə də hələlik ki, bizim dəyişikliyə ümid etməyimiz çətindir. Amma eyni zamanda dünyada ciddi proseslər gedir, Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq olunur. Ola bilsin ki, bu sanksiyaların nəticəsində Rusiyada dəyişikliklər olacaqdır və Rusiya da Cənubi Qafqaz basqısını azaldacaq. Bax ona hazırlaşmaq lazımdır. Əgər Paris görüşü ona hazırlıqdırsa, olduqca müsbət bir haldır. Lakin konkret nəticələrə ümid bəsləmək hələ də tezdir. Ona görə hesab edirəm ki, gələcək görüşlər də olacaq, tərəflər bu barədə artıq razılığa gəlib. Vaxtı çatanda sözsüz ki, münaqişə həllini tapacaq.

Amerikanın Səsi: Fransa prezidenti indiki status kvonun qəbuledilməz olduğunu bildirib. Satus kvonun yaxın vaxtda dəyişəcəyinə inanırsınızmı?

Hələ ki, Rusiya qərbə meydan oxuyur. Hələlik ki, Rusiya özünün imperiya dəyərlərini demokratiya dəyərlərinə bir təzyiq forması kimi istifadə edir.

Vəfa Quluzadə: Bu Rusiyanın vəziyyətindən, Rusiyanın siyasətindən asılıdır. Hələ ki, Rusiya qərbə meydan oxuyur. Hələlik ki, Rusiya özünün imperiya dəyərlərini demokratiya dəyərlərinə bir təzyiq forması kimi istifadə edir. Hesab edir ki, Rusiyanın dəyərləri bizim üçün daha məqbuldur. Ona görə də nə qədər qəbuledilməz olsa da hələlik status kvo davam edəcək.

Amerikanın Səsi: Azərbaycan tərəfi bildirmişdi ki, indiki vəziyyətdə Böyük Sülh Sazişinin üzərində işə başlanılsın. Parisdə bununla bağlı razılığın əldə edilməsi inandırıcıdırmı?

Gərək, Moskvadan Serj Sarkisyana razılıq verilsin.

Vəfa Quluzadə: Gərək, Moskvadan Serj Sarkisyana razılıq verilsin ki, o Azərbaycanla gələcək sülhün detallarını müzakirə etsin. Gözləyək, əgər ona icazə verilsə belə müzakirələr başlaya bilər. Əgər müzakirələr başlasa, bu ümumiyyətlə gərgin vəziyyətə, yəni nə hərb, nə sülh vəziyyətinə, atəşkəsin daimi pozulması vəziyyətinə müsbət təsir edə bilər.

Amerikanın Səsi: Ermənistan xarici işlər naziri Paris görüşündə kiçicik olsa da irəliləyişin olduğunu bəyan edib. Bu irəliləyişi nədə görürsünüz?

Vəfa Quluzadə: Görüşün özündə və münaqişənin əsas məsələlərini müzakirə etməyə başlamaqda.

Amerikanın Səsi: Danışıqlar nə vaxt nəticə verə bilər? Status kvo nə vaxt dəyişə bilər?

Çünki qarşıdurma beş ildən sonra nəticə verə bilər.

Vəfa Quluzadə: Hesab edirəm ki, bu uzun vaxt tələb edəcək. Ən azı beş il. Çünki qarşıdurma beş ildən sonra nəticə verə bilər. Beş ildən sonra Rusiya çökə bilər, Rusiyada hakimiyyət dəyişə bilər və bu da bizim üçün müsbət nəticələrə gətirə bilər.