Kanadanın Vankuver şəhərində azərbaycanlılar nümayiş keçirib

  • Insafəli Hidayət

Kanadanın Vankuver şəhərində azərbaycanlılar nümayiş keçirib

Aksiya iştirakçıları İran rəsmilərinin azərbaycanlıların Bəz qalasına yürüş və başqa aksiyalarına imkan vermədiklərinə görə onlarla həmrəylik nümayiş etdirdiklərini deyiblər. Onlar Bəz qalasına yürüşün simvolu olaraq Vankuver yaxınlığında Gross Mountain adlı dağa qalxıblar.

Kanadanın Vankuver şəhərində dünən bir qrup azərbaycanlı tələbə İran azərbaycanlılarının hüquqlarını müdafiə məqsədi ilə nümayiş təşkil ediblər. Onlar İranda azərbaycanlıların ənənəvi olaraq hər il Babək qalasına yürüş təşkil etdiklərini son zamanlarda İran rəsmilərinin buna imkan vermədiyini təşkil etdikləri yürüşlə onlarla həmrəylik nümayiş etdirdiklərini deyiblər. Onlar Bəz qalasına yürüşün simvolu olaraq Vankuver yaxınlığında Gross Mountain adlı dağa çıxıblar. Nümayişin təşkilatçılarından olan Əyyub Hacıyev Amerikanın səsinə verdiyi müsahibədə aksiyanı həm də edam cəzasına məhkum olunmuş Səkinə Aştianini himayə məqsədilə təşkil elədiklərini deyib. Onun sözlərinə görə Azərbaycanlı Səkinə Məhəmmədlinin Fars dilində danışa bilməməsinin ona qarşı irəli sürülən ittihamlar və onun barəsindeki edam hökmündə rolu olub. Əyyub Havıyev nümayişdə insan hüquqları müdafiyəçisi Kanadadıların İranda Azərbaycanlı Siyasi Məhbusların Hüquqlarını Müdafiyə Komitəsinin üzvlərinin də iştirak etdiklərini, nümayişçilərin İranda azərbaycanlıların milli mədəni hüquqlarını müdafiə edən, onlara öz dillərində təhsil almağa imkan verilməməsini məhkum edən şuarlar səsləndirildiyini söyləyib. Azərbaycanlı tələbələr, üzərində İranda azərbaycanlıların hüquqlarının pozulmasına qarşı şuarlar yazılmış maykalarla nümayişdə iştirak ediblər. Onun dediyinə görə nümayişdə tələbələrdən başqa Azərbaycan Respublikası və İrandan azərbaycanlılar da iştirak edib. O, bu il ilk dəfə keçirilən nümayişin hər il təkrar ediləcəyini də bildirib. Əyyub Hacıyev deyib ki, 21-ci əsr milli azadlıqlar və insan hüquqları əsridir və bu erada orta əsrlərin üsulları ilə heç bir xalqı özünə tabe etmək, assimilasiyaya məruz qoymaq olmaz.