Accessibility links

Həsən Ərk: Son vaxtlar İranda Azərbaycandilli nəşriyyatın vəziyyəti daha da ağırlaşıb


Həsən Ərk: Son vaxtlar İranda Azərbaycandilli nəşriyyatın vəziyyəti daha da ağırlaşıb
Həsən Ərk: Son vaxtlar İranda Azərbaycandilli nəşriyyatın vəziyyəti daha da ağırlaşıb

Azərbaycanlı jurnalistin dediyinə görə, sabiq prezident Xatəminin hakimiyyəti dövründə qəzet və jurnallarda Azərbaycan dilində xəbər və məlumatlar dərc edilməsinə daha az məhdudiyyətlər tətbiq edilirdi.

İranda Azərbaycandilli mətbuatın vəziyyəti bu yaxınlarda İran Azərbaycanında keçirilən iki konfransda müzakirə edilib. Tədbirlərdə senzuradan başlayaraq maliyyə və dil məsələlərinə qədər müxtəlif problemlər ətrafında fikir mübadiləsi olub.

Xatırladaq ki, İranda qeyri-fars dillərdə məqalə və xəbərlər əsasən Farsdilli qəzet və jurnallarda çap olunur. İranda uzun illər nəşriyyat sahəsində işləmiş, fəaliyyətinə görə həbsdə olmuş veteran publisist və mədəni fəal Həsən Ərk deyir ki, son vaxtlar hökumətin təzyiqləri səbəbi ilə Azərbaycandilli nəşriyyatın vəziyyəti daha da ağırlaşıb. Onun sözlərinə görə, sabiq prezident Xatəminin hakimiyyəti dövründə qəzet və jurnallarda Azərbaycan dilində xəbər və məlumatların dərc edilməsinə daha az məhdudiyyətlər tətbiq edilirdi. İndiki dövrlə müqayisədə o zaman Azərbaycan dilində daha çox yazılar çap edilirdi. Belə ki, İranda Azərbaycan dilində xəbər və məqalələrə yer verən qəzet və jurnallarda Fars dilində də yazılar olmalı idi. Bu şərt xarici ölkələrdə İranda Azərbaycan dilində qəzet və jurnalların nəşri barədə dəqiq olmayan məlumatların yayılmasına səbəb olur. Əslində isə İranda Azərbaycan və başqa etnik dillərdə qəzet və jurnalların nəşrinə yalnız fars və Azərbaycan dillərində olması şərti ilə icazə verilir.

Bu ölkədəki azərbaycanlı ziyalılar və jurnalistlər deyir ki, oxucu marağı, xəbər mənbəyi, təhlükəsizlik qüvvələrinin təzyiqləri və özünüsenzura kimi səbəblərə görə belə jurnallarda fars dilində xəbər və məlumatlara daha geniş yer verilir. Belə nəşrlərin Azərbaycan dilində xəbər və məqalələri isə çox vaxt maraqsız olur.

Jurnalist Həsən Ərk bu cəhətdən Tehranda dərc olunan qəzet və jurnalların Azərbaycan vilayətlərində iki dildə dərc olunan qəzet və jurnallardan daha çox oxunduğunu deyir. O, bununla Tehranda yayılan xəbərlərin doğruluğunu nəzərdə tutmadığını da xatırladır və deyir ki, “İran mətbuatı bu cəhətdən Qərb mətbuatından geridə qalır”.

Cənab Ərk jurnalistlərin təhlükəsizlik amilini isə belə izah edir. “Təhlükəsizlik orqanları Azərbaycan dilli nəşriyyatlar, qəzet və jurnalları bir təhlükə kimi görür. Ona görə də bu sahədə işləyənlər təzyiqlərə məruz qalır. Bu isə özünüsenzuranın daha geniş yayılması ilə nəticələnir və müxbirlər çox vaxt rəsmi orqanların mənfi rəaksiyasına, təzyiqlərinə səbəb ola biləcək mövzular barədə yazmaqdan boyun qaçırdır. Beləliklə qəzetlərdə Azərbaycan dilində yazılan xəbərlər həm az, həm də maraqsız olur” - deyə o qeyd edib.

Həsən Ərk deyir ki, İranda ikidilli mətbuatın mövcudluğunun davam etməsində əsas problemlərdən biri də maliyyə məsələsidir. “Nəşriyyat işi maliyyə tələb edir və ikidilli nəşriyyatın fəaliyyəti üçün vəsaitlə təminatda çətinliklər olur. Nəşriyyat xərclərinə əlavə olaraq naşir, redaktor və müxbir ailəsini dolandıracaq əmək haqqı da almalıdır. İki dilli nəşriyyatlarda isə Azərbaycan dilində yazanlara çox vaxt əmək haqqı ödənilmir. Bu səbəbdən də Azərbaycan dilində xəbər və məlumat yazanlar əsasən könüllülərdir”- deyə o qeyd edib.

XS
SM
MD
LG