Vaşinqtonda "Mənim Qarabağım" adlı sərgi açılıb

Vaşinqtonda "Mənim Qarabağım" adlı sərgi açılıb

Sərgidə nümayiş etdirilən şəkillərdə Qarabağın tarixi, mədəniyyəti, tarixi abidələri əks olunur. Fotolarda Dağlıq Qarabağın keçmişi və bu günü nümayiş etdirilir.


Vaşinqtonun məşhur sərgi zallarından biri olan “Studio Gallery”-də keçirilən “Mənim Qarabağım” foto sərgisini yeni yaranmış Qarabağ fondu təşkil edib. Sərgidə nümayiş etdirilən şəkillərdə Qarabağın tarixi, mədəniyyəti, tarixi abidələri əks olunub. Fotolarda Dağlıq Qarabağın keçmişi və bu günü nümayiş etdirilib. Sərgidə Zaman qəzetinin müxbiri Selaheddin Sevinin müasir Qarabağdan olan fotoları üstünlük təşkil edib. Günay Rəhimli, Bəhruz Hüseynli, Dmitri Eqorov da müəlliflər arasında olub. Sərgidə habelə Bağırovlar ailəsinin və Heydər Əliyev Fondunun foto arxivindən istifadə olunub.

Vaşinqtonun mərkəzində keçirilən sərgi amerikalıların və azərbaycanlıların marağını cəlb edib. Qonaqlara Qarabağın tarixini və reallıqlarını əks etdirən məlumat broşuraları paylanıb və fondun əməkdaşı onları şəkillərdə əks olunan görüntülər barədə ətraflı məlumalandırıb.

Qarabağ Fondunun Layihə koordinatoru Eltural Qasımzadənin sözlərinə görə, sərginin əsas məqsədi amerikalılara Qarabağ barədə məlumat verməkdən ibarətdir: “Qarabağ fondu yeni yaranıb. Əsas məqsədimiz Amerika ictimaiyyətini, vətəndaşlarını Azərbaycanın gözəl guşəsi olan Qarabağla, Qarabağın məlumatı ilə tanış etməkdir. Bu sərgidə əsasən qarışıq şəkillər nümayiş olunur. Bunlar müasir Qarabağın, Sovet dövrünün Qarabağının və hətta daha keçmiş dövrün yəni Çar İmperiyası dövrünün Qarabağının şəkilləridir. Sərginin məqsədi odur ki, amerikalılar Qarabağ barədə müəyyən məlumata malik olsun”.

Sərgini izləməyə gələnlər arasında amerikalılarla yanaşı azərbaycanlılar da var idi. Onlardan biri Müsəllim Həsənovun sözlərinə görə, belə tədbirlərin keçirilməsi nəinki Qarabağın hətta Azərbaycanın tanınmasında müstəsna rol oynayır: “Bu, Qarabağı, ümumiyyətlə Azərbaycanı Amerika ictimaiyyətinə tanıtmaq baxımdan çox əhəmiyyətli tədbirdir. Burada Şuşanın, Qarabağın müxtəlif bölgələrinin çox tarixi şəkilləri var. Güman edirəm ki, buraya gələnlər Qarabağın gözəllikləri ilə tanış olacaqlar. Burada Azərbaycanın böyük şəxsiyyətlərinin, Üzeyir Hacıbəyovun və digərlərinin şəkilləri, tarixi Şuşa məscidinin şəkli var”.

Qarabağ fondunun məlumatına görə, Qarabağa dair digər sərgi oktyabrın 30-da “Honfleur Gallery”-də təşkil olunacaq.