Accessibility links

Vaşinqtonda ənənəvi Türk festivalı keçirilib


Vaşinqtonda ənənəvi Türk festivalı keçirilib
Vaşinqtonda ənənəvi Türk festivalı keçirilib

Festival artıq bir neçə ildir vaşinqtonluların sevimli tədbirlərindən birinə çevrilib. Hər il oktyabr ayının ilk günləri keçirilən festivalın əsas məqsədi Türkiyənin və türkdilli xalqların mədəniyyəti, musiqisi, xalq rəqsləri və mətbəx ənənələrini tərənnüm etməkdir. Bir gün sürən festival bu il də paytaxt Vaşinqtonun minlərlə sakinini özünə cəlb etdi. Tamaşaçılar üçün hazırlanmış konsert proqramında Türkiyə ilə yanaşı, Azərbaycan, Özbəkistan və başqa türkdilli xalqların rəqsləri ifa edildi. Türk dünyasının musiqi təranələri festivala gələnlərin könlünü oxşadı.

Musiqi və rəqslərlə yanaşı festivalın geniş proqramı çərçivəsində Türkiyə və Mərkəzi Asiyanın başqa ölkələri haqda məlumat stendləri və guşələr hazırlanmışdı. Artıq bir neçə ildir Türk festivalında Azərbaycanın da sərgisi yerləşdirilir. Sərgini hazırlayan Amerikada yaşayan Azərbaycan icmasının lideri Bədir Məmmmədli Amerikanın səsinə bildirdi ki, bu il də festivala maraq böyükdür. Festivalda daha bir guşə yeni yaradılmış Qarabağ Fondu üçün ayrılmışdır. Qarabağ Fondu həm də Amerika Türk Assosiasiyası ilə yanaşı festivalın sponsorlarından biri idi.

Vaşinqtonda təhsil alan azərbaycanlı tələbələr Fərqanə Kələntərli və İkram Cəlilin ifasında nümayiş etdirilən Azərbaycan rəqsləri də festivala gələn insanların marağını cəlb etdi. Onlar Mirzəyi” və “Qafqaz” rəqslərini ifa etdilər.

İkram Cəlil Amerikanın səsinə açıqlamasında belə festivalların əhəmiyətli olduğunu bildirdi: “Azərbaycanlı tələbələr və ABŞ-da yaşayan digər insanlar çalışır ki, Azərbaycan mədəniyyətini amerikalılara tanıdaq. Mən bu gün “Qafqaz” rəqsini ifa etdim. Bu rəqs qartalı tərənnüm etdirir. Bu, insanlarda azadlıq, qürur, mərdlik simvolu olan bir rəqsdir. Düşünürəm, biz belə yerlərdə hələ çox yetərsizik. Ümid edirəm ki, bir neçə ildən sonra Böyük Azərbaycan Festivalı keçiriləcək, çünki Azərbaycanın mədəniyyəti çox zəngindir”.

Türk festivalında ən çox marağa bazar, türk qəhvəsi pavilyonu və dönər kabab səbəb olur. Vaşinqton ətrafında türk restoranları gələnlərə öz ləziz təamlarını təklif edirdi. Bu il festivalın təşkilatçıları dünyada ən böyük şiş kababın Ginnes kitabına düşəcəyinə ümid ediblər. Böyük bazarda isə zərgərlik əşyalarından tutmuş Mərkəzi Asiya ölkələrinin ənənəvi tikmələrinə qədər nəfis əl işlərinə rast gəlmək olar.

Türk festivalı Türkiyənin zəngin mədəniyyətinin Yaxın Şərq, Mərkəzi Asiya, Qafqaz və Balkanların mədəni ənənələri ilə bir bağlılığını nümayiş etdirir.

İldən ilə genişlənən festivalın gələn il də eyni vaxt keçirilməsi planlaşdırılıb.



XS
SM
MD
LG