Vaşinqtonda 20 Yanvar hadisələrinin 21-ci ildönümü münasibətilə tədbir keçirilib

Vaşinqtonda 20 Yanvar hadisələrinin 21-ci ildönümü münasibətilə tədbir keçirilib

Tədbir Azərbaycanın ABŞ-dakı səfirliyi və ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil edilib

Vaşinqtondakı ABŞ-Azərbaycan Ticarət Palatasında "Qara Yanvar 1990-cu il: Azərbaycanın müstəqilliyində dönüş nöqtəsi" mövzusunda anım gecəsi keçirilib. Tədbir Azərbaycanın ABŞ-dakı səfirliyi və Azərbaycan Ticarət və Mədəniyyət mərkəzi tərəfindən təskil edilmişdir.

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Yaşar Əliyev toplaşanlar qarşısında çıxış edərək, 20 Yanvar hadisələrinin Azərbaycanın müasir tarixində olduqca mühüm yer tutduğunu qeyd etdi. O bildirdi ki, 1990-cı ilin hadisələri müstəqilliyin əldə eidlməsi yolunda müstəsna əhəmiyyət daşıyırdı. Səfirin sözlərinə görə, 137 insanın həyatını qurban verməsi Azərbaycanın bu gün müstəqil bir dövlət kimi mövcud olması ilə nəticələnmişdir. Yaşar Əliyev Birləsmiş Ştatların Azərbaycana və azərbaycanlılara dəstəyinin olduqca böyük əhəmiyyət daşıdığını qeyd etdi. Sonra o, ABŞ konqresmeni Bil Şusterin Nümayəndələr Palatasında 20 Yanvar hadisələrinin anılması ilə bağlı müraciətini oxudu.

Tədbirə natiq kimi dəvət edilmiş ABŞ-da Azərbaycan diasporunun fəal və tanınmış nümayəndəsi Həbib Azərsina 20 Yanvar hadisələrinin Amerikada işiqlandırılması və Amerikada yaşayan azərbaycanlıların o dövr fəaliyyətlərindən danışdı. Həbib Azərsina o zaman Amerika mətbuatında Sovet İttifaqında gedən proseslərin böyük diqqətlə izləndiyini, Azərbaycana da marağın olduğunu bildirdi. O, ABŞ-da yaşayan erməni lobbisinin hadisələrin işiqlandırılmasına təsir göstərməyə çalışdığını qeyd etdi.

Həbib Azərsina bildirdi ki, 20 Yanvar hadisələri bütün dünyada, o cümlədən, ABŞ-da azərbaycanlıları birləşdirən bir amil oldu və hadisələrin gedişi Sovet İttifaqının süquta yaxın olduğu haqda təsəvvür yaradırdı. O, ABŞ-da o zaman hələ yaxşı təşkilatlanmamış azərbaycanlıların 20 Yanvar faciəsinə etiraz əlaməti olaraq Vaşinqtonda Sovet İttifaqının səfirliyi qarşisında keçirdiyi yürüş haqda ətraflı məlumat verdi.

Tədbirdə 20 Yanvar hadisələrinə həsr edilmiş sənədli film nümayiş etdirildi.