Vahid Qazi Ziyalılar Forumunda iştirakdan sonra hücuma məruz qalıb

Vahid Qazi Ziyalılar Forumunda iştirakdan sonra hücuma məruz qalıb

“İnam” Plüralizm Mərkəzinin sədri Vahid Qazi hücuma məruz qalıb. Hadisə bu gün onun Ziyalılar Forumunda iştirakından sonra baş verib.

Azərbaycan Ziyalılar Forumunun yazıçı, kino xadimi Rüstəm İbrahimbəyovun İçərişəhərdəki evində keçirilən toplantısından çıxan Vahid Qazi Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin yaxınlığından keçərkən qəfildən bir naməlum şəxs ona hücum çəkib.

“Media forum”a açıqlamasında Vahid Qazi bildirib ki, hücumçular iki nəfər olublar. Digəri bir az aralıda, Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin tinində durub gəlib-gedənin olub-olmadığını güdürmüş.

Hücum edən şəxs Vahid Qazinin sinəsindən tutaraq onu divara çırpıb, dizi ilə onun qarnından zərbələr endirib: “Mən özümü qorumağa çalışdım və haray saldım. Bunu görüb qaçdılar. Onların dilindən mən yalnız bir söz eşitdim, onu da rus dilində. Həmin biədəb sözü təxminən “qudurmusan”, “həddini aşmısan” kimi tərcümə etmək olar”.

Vahid Qazi qeyd edib ki, o, Ziyalılar Forumunun toplantısında əvvəllər də iştirak edib. Fevralın 1-də keçirilən toplantıda Vahid Qazi çıxış etməyib.

Azərbaycan Ziyalılar Forumunun fevralın 1-də keçirilən toplantısında gənclərin sosial problemləri müzakirə olunub.