Prezident Barak Obama deyib ki, Birləşmiş Ştatlar İrandan ABŞ-ın pilotsuz idarə olunan təyyarəsinin geri qaytarılmasını istəyib. Tehran təyyarənin kiber hücum zamanı vurulduğunu bildirir.
Prezident Obama məxfi kəşfiyyat məsələlərinə toxunmayacağını deyib, lakin bildirib ki, Birləşmiş Ştatlar təyyarəni geri istəyib və İranın cavabını gözləyir.
Cənab Obama bu açıqlamaları Ağ Evdə İraqın Baş naziri Nuri Əl-Məliki ilə birgə mətbuat konfransı zamanı verib.
İranın dövlətə məxsus televiziyası keçən həftə ölkənin şərq sərhəddində pilotsuz idarə olunan ABŞ təyyarəsinin vurulduğu haqda məlumat verərək, görüntüləri yayımlayıb.
Tehran BMT-yə şikayətlə müraciət edib. ABŞ-ın İranda maraqlarını təmsil edən İsveçrə səfiri isə insidentlə bağlı etiraz bildirilməsi üçün İranın Xarici İşlər nazirliyinə çağırılıb.
ABŞ rəsmiləri iranlıların texnologiyaları Çin, ya da başqa bir ölkə ilə bölüşə biləcəyindən ehtiyat edir, lakin eyni zamanda, onların kəşfiyyat təyyarəsinin məlumat bazasını bərpa etmək təcrübəsi olduğuna şübhə ilə yanaşırlar.