Urmiyə həbsxanasında məhbusun özünü yandırması üsyana səbəb olub

Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Urmiyənin mərkəzi həbsxanasında saxlanılan bir məhbus çərşənbə günü nəzarətçi zabitin otağı önündə özünə od vurub.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin xəbərinə istinadən, “səhər saatlarında özünü yandıran Hüccət Kazımnejad adlı məhbus həbsxanasının klinikasına aparılıb. Ancaq ayaq üstü müalicədən sonra nəzarətçi zabitin otağına köçürülən məhbus yenə özünə od vurub. Bu dəfə məmurlar onu ağır şəkildə döyüblər.”

HRA-nın məlumatına görə, “həbsxananın 1 və 2 nömrəli bölmələrində saxlanılan digər məhbuslar isə məmurlara etiraz olaraq yorğan və paltarlarını oda verərək həbsxanada yanğın çıxarıblar. Sonra kamera tüstü ilə dolub, amma məmurlar qapıları bağlayıb məhbusların çıxmasına mane olublar. Boğulmaqdan qorxan məhbuslar yataqxananın şüşələrini qırıb.”

Üsyanın ardınca Urmiyə həbsxanasında telefonlar kəsilib və hərbi qüvvələr nəzarəti ələ almaq üçün salon və həbsxananın damında yerləşiblər.

SEE ALSO: Jalə Təbrizli: İran Azərbaycanı və Tehranda siyasi məhbusların saxlanma şəraiti pisləşib

Keçən mart ayında İran həbsxanalarında koronavirusun yayılması təhlükəsi fonunda Təbriz həbsxanası daxil olmaqla, bir neçə həbsxanada üsyanların baş verdiyinə dair xəbərlər yayılmışdı.