Urmiyə zindanında - 4 edam, aclıq aksiyası və iki bəhayi qadının həbsi

Urmiyə Zindani

Hüquq müdafiəçiləri Urmiyə zindanında biri qadın olmaqla, dörd nəfərin edamı, 30-a yaxın siyası məhbusun təqribən 2 həftə öncə başlatdığı birgə aclıq aksiyasının davamı, habelə bəhayi türklərindən olan iki qadının həbsi ilə bağlı məlumat yayıb.

İranda insan haqları pozuntuları haqqında xəbər yayan HRA agentliyinə istinadən, narkotik qaçaqmalçılığı ittihamı ilə mühakimə edilmiş Mərziyə Üstuvari, Yədulla Fəhimi, Muxtar Davudxah və Mənuçehr Rzayi dekabr ayının 2-də dar ağacından asılıb.

Həmin saatlarda İranın başqa şəhərlərində də bir çox müttəhimin edam hökmü icra edilib. Kərəc şəhrində isə 11 nəfər asılıb.

İnsan haqları müdafiəçiləri əksəriyyəti Azərbaycan kürdlərindən olan təqribən 30 siyasi məhbusun 2 həftə öncə başlatdığı aclıq aksiyasının hələ də davam etdiyini bildirirlər.

HRA-nın məlumatına görə, özəl qvardiya qüvvələri bir neçə dəfə zindanın 12-ci bölməsinə hücum edərək, məhbusların əşyaları arasında axtarış aparıblar. Aclıq edən məhbusların birinin Qərbi Azərbaycan vilayətinin digər şəhəri Mahabad zindanına köçürüldüyü bildirilib.

Güney Azərbaycan Televiziyasının veb səhifəsi isə məhbusların tələbləri haqqında məlumat yayıb. Bu məlumata görə, noyabrın 20-dən aclıq aksiyasına başlayan 29 məhbus siyasi məhbuslara məxsus olan bölmənin ləğvi, habelə Ettelaat qurumu tərəfindən özləri və ailələrinə qarşı tətbiq edilən təzyiqlərə etiraz edir.

HRA agentliyi habelə bir neçə gün öncə Urmiyədə yaşayan bəhayi türklərindən olan iki qadının həbs edilərək Urmiyə zindanına göndərildiyini yazıb. Nuşin Misaqi və Süheyla Əqdəsi daha öncə “Bəhayi dinini təbliğ etmək” ittihamı ilə mühakimə edilib və 6 ay həbsə məhkum olublar.